“Nehrə və quyruq yağı zərərli deyil, miqdarında istifadə edilməlidir” - Rəşad Mahmudov
22-05-2025, 16:24

“Əcdadlarımızın istifadə etdiyi qidaların təbii olması hamımıza məlumdur. Ona görə də ən böyük problem qidanın sadəcə miqdarında deyil, həm də tərkibindədir. Bu gün istər yağlara, istərsə də digər qida məhsullarına süni müdaxilələr olur. Bu da keyfiyyətdə ciddi azalmalara səbəb olur. İnsan genetik kodunun tanımadığı qidalarla üzləşməsi əlbəttə ki, sağlamlıqda ciddi problemlər yaradır”
Bunu Moderator.az-a açıqlamasında millət vəkili, ürək-damar cərrahı Rəşad Mahmudov deyib. O daha sonra əlavə edib:
“Ümumilikdə baxdığımız zaman miqdarı nəzarət altında saxlamaqla təbii qidaların istifadəsi, xüsusilə də ölkədə istehsal edilən nehrə və eləcə də quyruğ yağının miqdarı doğru istifadə edilərsə bunun zərərinin olmadığı sübuta yetirilir. Tam tərsinə, əsl zərərli olan bizə mənşəyi bəlli olmayan yağlar vasitəsilə bədənimizə girən qidalardır. Sadəcə yağ mövzusunda deyil, bütün qidalar mövzusunda biz ola bildiyi qədər təbii məhsullardan istifadə etməyə üstünlük verməliyik. Şükürlər olsun ki, ölkəmiz bu mövzuda daha şanslıdır. İnkişaf etmiş ölkələrdə bu məsələlərə əlçatanlıq bəs qədər, arzuolunan səviyyədə deyil. Əlbəttə ki, sağlam qida qədər bizim həyat tərzimiz də, idman da, aktiv həyat tərzi də önəmlidir” deyə o bildirib.