Ankarada terroru dövlət törədib
13-10-2015, 10:26
Türkiyənin paytaxtı Ankarada törədilən terror hadisəsi ilə əlaqədar keçirilən Milli Təhlükəsizlik Şurasının iclasından sonra maraqlı faktlar açıqlanıb. ANS PRESS-in yerli “Sabah” qəzetinə istinadən verdiyi məlumata görə, iclas iştirakçıları bu treakti hər hansı bir terror təşkilatının öz başına törədə bilməyəcəyi qənaətindədir. Terror hadisəsini hər tərəfli müzakirə edən hökumət rəsmiləri İŞİD, PKK, DHKP-C və MLKP təşkilatlarının öz başlarına bu miqyasda terror hadisəsi törədə bilməyəcəyini qeyd ediblər.
“Bu miqyasda bir terror hadisəsi barədə əvvəlldən xəbər tutulmaması, hadisədən sonra heç bir iz qalmaması onun böyük dövlətlərdən birinin xüsusi xidmət orqanı səviyyəsində törədildiyini göstərir.”
Bildirilir ki, Surucda və Diyarbəkirdə törədilən terror aktlarından sonra xüsusi xidmət orqanları gücləndirilmiş iş rejiminə keçmişdilər. “Bu dərəcədə bir hücumdan sonra hansı terror təşkilatı olursa-olsun, xüsusi xidmət hökmən bundan xəbərdar olmalıydı. Amma bu dəfə təşkilat daxilində treakt barədə kəşfiyyat aparılmayıb və partlayışı törədənlər heç kimlə əlaqə yaratmayıb.”
Həmçinin qeyd edilib ki, adı çəkilən 4 terror təşkilatından heç biri rabitəsiz, bu qədər peşəkarlıq tələb edən hadisəni törədə bilməzdi.
Qətiyyətlə vurğulanıb ki, bu treaktın arxasında hökmən dövlət dəstəyi var: “Təşkilat daxili yardım mexanizmi olmadığına görə bu miqyasda iş ancaq başqa bir güclü dövlətin xüsusi xidmət orqanları ilə təmin oluna bilər. Bu güclü dövlətlərdən biri üçün podratçı fəaliyyəti göstərən təşkilatlardan birinin işidir. Araşdırmalar nəticəsində podratçılıq edən şəxs və ya təşkilat aşkarlanacaq. Amma onların arxasında dayananları tapmaq daha uzun vaxt aparacaq.”
Oktyabrın 10-da günorta saatlarında Türkiyənin paytaxtı Ankarada çox sayda insanın ölümü və yaralanması ilə nəticələnən terror hadisəsi baş verib. Terror hadisəsinin həmkarlar ittifaqları konfederasiyasının təşkil etdiyi mitinq sahəsində baş verdiyindən insan tələfatının həcmi böyük olub. İlkin məlumatda 47 nəfərin öldüyü, 100-dən çox insanın yaralandığı bildirilsə də, Baş Nazirlik Kordinasiya mərkəzi gecə saatlarında ölü sayının 97, yaralı sayının 245 olduğunu açıqlamışdı.
Türkiyədə 3 günlük milli yas elan olunmuş və ölkədəki bütün bayraqlar yarıya endirilmişdi.
Baş vermiş terror aktı ilə əlaqədar Azərbaycan prezidenti İlham Əliyev Türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana zəng vuraraq başsağlığı vermişdi.
Baş verənlərin Türkiyədə Cümhuriyyət tarixinin ən qanlı terror hadisəsi olduğu bildirilib.