MHP millət vəkili Ankara teraktının gizlinlərini açdı
15-10-2015, 11:00
Ankarada törədilən terror hadisəsi siyasi məqsədlərə hesablanıb.
Bunu Axar.az-a MHP millət vəkili Sinan Oğan deyib. Onun sözlərinə görə, Türkiyənin dörd yanı terror təşkilatları və onlara dəstək verən ölkələrlə əhatə olunub:
“İraqdakı vəziyyət ortadadır. Suriyada vəziyyət isə Rusiyanın gəlməsindən sonra daha da qarışıb. Ermənistan PKK terror təşkilatına himayədarlığa davam edir. Unutmamalıyıq ki, G-20 ölkələrinin növbəti sammiti noyabrda Türkiyədə baş tutacaq. Belə bir şəraitdə ölkənin qəlbi olan Ankarada terror hadisəsi Türkiyəyə verilmiş bir mesajdır”.
S.Oğan hesab edir ki, bu terroru bir təşkilatın təkbaşına törətməsi qeyri-mümkündür:
“Çox böyük ehtimalla, bu işin arxasında bəzi dövlətlər və kəşfiyyat təşkilatları dayanır. Ankara terrorunun İŞİD tərəfindən törədildiyi söylənilir. Ancaq bu qədər insanın ölümü ilə nəticələnən belə güclü terrorun 10 gün ərzində bir təşkilat tərəfindən planlaşdırılması mümkün deyil”.
Millət vəkili terror aktının seçkilərə təsirini istisna etməyib:
“PKK-nın himayədarlıq etdiyi HDP-nin işinə yarayacağını söyləmək olar. Bu hadisənin arxasında İŞİD kimi PKK-nın da olması ehtimalı yüksəkdir. Məqsəd Türkiyəni çökdürmək, ölkəni idarəolunmaz hala gətirmək, seçkilərdən öncə Türkiyədə qeyri-stabillik yaratmaqdır. Həmçinin HDP-ni günahsız göstərib, bu partiyanın səslərini artırmaq niyyəti var”.
Xatırladaq ki, oktyabrın 10-da Ankarada Dəmiryolu stansiyasına gedən körpünün altında partlayış baş verib. 97 nəfər həlak olub, 246 nəfər yaralanıb.