Atası özbək, anası türkmən qızı olan general Dustum: "Qaldırdığım bayraq yerə düşməməlidir"

19-10-2015, 21:26           

Əfqan xalqının 40 ilə yaxın davam edən dramatik taleyi və bu dramatizmin doğurduğu faciələr dünya KİV-nin gündəmindən düşmür. Nədir bu faciənin səbəbləri?

Mərkəzi və Orta Asiya, Qazaxıstan böyük xammal mənbəyi kimi ötən əsrin sonlarından dünya güclərinin diqqət mərkəzindədir. Və Yaxın Şərq, Güney Qafqaz, Rusiya və İran ətrafında gedən geopolitik proseslər müəyyən baxımdan bu mətləblə bağlıdır. Yəni çoxmillətli Əfqanıstanda çoxüzlü maraqlar toqquşmaqdadır və bu yaşantıların konkret ifaçıları var.

Oxucu soruşa bilər ki, Orta Asiyaya yönəlik maraqların Əfqanıstana nə dəxli? Xammalın üzərinə quzğun kimi çökmək və hasil etmək ilkin addımlardır. Daha ciddisi – sərfəli nəqldir.

Əfqanıstan Orta Asiya xammalının Qərbə nəqli üçün ən qısa və ucuz marşrut ola bilər. Lakin bu qısa marşrut bir sıra dövlətlərə - Rusiya, İran, Pakistan, Çin və s. sərf etmir. Buna görə də bu qırx ildə Əfqanıstan içində bəlli nöqtələrə bağlı qruplaşmalar bir-biri ilə vuruşur.

Talibanın haradan idarə edildiyi məlumdur – Pakistan kəşfiyyatı.

“Əl-Qaidə”nin anası da məlumdur, mamaçası da - Birləşmiş Ştatların Mərkəzi Kəşfiyyat İdarəsi (CİA).

İŞİD? O da "Made in CİA"!

Bütün bu proseslərin içində bir fiqur diqqəti xüsusilə cəlb edir - General Dustum.

General Əbdül-Rəşid Dustum Əfqanıstanın hərbi-siyasi xadimi, general Tanayın qiyamının boğulmasına başçılıq edənlərdən biridir. İki dəfə Əfqanıstan Qəhrəmanıdır (1986, 1988-ci illərdə). Hazırda baş nazirin birinci müavinidir.

Əfqanıstan Demokratik Respublikasının varlığı dövründə Nəcibulla hökuməti tərəfindən mücahidlərə qarşı vuruşub, lakin sonradan onların tərəfinə keçib. Vətəndaş müharibəsinin gedişatında bir-biri ilə vuruşan müxtəlif qruplaşmalarla alyansa girib, ölkədə hakimiyyətin tam mərkəzsizləşdiyi şəraitdə ona tabe olan və əsasən, etnik özbəklərin məskunlaşdığı ərazilərdə öz dövlətini – Dustumistanı yaradıb.

Dustum 1954-cü ildə Cauzcan əyalətində yoxsul kəndli (dehqan) ailəsində doğulub, atası özbək, anası tükmən qızıdır. Yetkinlik yaşına çatarkən qaz hasilatı sənayesində işləyib.

1980-ci idə təhsil almaq üçün SSRİ-yə göndərilib. Vətənə döndükdən sonra sövetyönlü Əfqanıstan hökumətinin dövlət təhlükəsizlyi orqanlarında işə baladığından, güman etmək olar ki, Dustum tələbəlik illərində sovet kəşfiyyatı tərəfindən ələ alınıb. Вu əlaqənin sonralar qalıb-qalmadığını demək çətin olsa da, Dustumun bu gün də Moskva ilə münasibətləri sərin deyil...

Dustum Əfqanıstan müharibəsi illərində hökumət qoşununda əsasən özbəklərdən ibarət olan 53-cü diviziyanın komandiri olub. Sovet qoşunları məcburi şəkildə Əfqanıstanı tərk edəndən sonra Nəcibullanın sovetyönlü hökumətini dəstəkləyib. Əfqanıstanın fedarallaşması uğrunda çıxış edən Əfqanıstan Milli İslam hərəkatı partiyasına (ƏMİHP) rəhbərlik edib.

O, sovetyönlü rejimin məğlubiyyətindən sonra 1992-ci ldə Əfqanıstanın quzey-qərb bölgəsində paytaxtı Məzari-Şərif olmaqla (Bəlx, Cauzcan, Fəryab, Kunduz əyalətləri) əhalisi 2,5 milyon nəfərdən ibarət Dustumistan adlı müstəqil dövlətini yaradır. Dövlətin öz hökuməti, yaxşı silahlanmış 65 minlik ordusu (o cümlədən sovet istehsalı tank və təyyarələri) və pulu var idi. Davam edən vətəndaş müharibəsinin gedişində Dustum müxtəlif qruplaşmalarla alyansa girir: Hikmətyarla Məsuda qarşı, taliblərlə Hikmətyara qarşı, Məsudla taliblərə qarşı...

Dustum 1995-ci ilin əvvəlində Daşkəndə səfər edib prezident İslam Kərimovla təkbətək söhbət edir ki, bu da onların arasında Əfqanıstanın özbək bölgəsinin Özbəkistana birləşdirilməsi üzrə generalın separatçı cəhdlərilə bağlı daha bir gizli əlbirlik kimi qiymətləndirilir.

Dustumistan 1996-cı ildə taliblərin mərkəzi Əfqanıstan hökumətinə qarşı duran ikinci Quzey alyansının tərkibinə daxil olur. 1997-ci il mayın 25-də Dustumistandakı ikinci adamın – Malikin satqınlığı üzündən bir sıra əyalətlər itirldikdən sonra Dustum Türkiyəyə mühacirət edir, Dustumistan isə taliblərin hakimiyyəti altına keçərək varlığını qeyb edir. Malik təzədən Quzey alyansının tərəfinə keçəndən sonra Dustum 1997-ci lin sentyabrında Əfqanıstana qayıdır. 1998-ci ilin avqustunda taliblər ikinci dəfə Dustumistanı işğal edirlər və Dustum Özbəkistana mühacirət edir. 2001-ci ildə taliblərlər darmadağın edildikdən sonra Dustum geri qayıdır və yeni hökumətin tərkibinə daxil olur.

2004-cü ildə ölkə prezidentliyinə namizədliyini irəli sürür və on faiz səs toplayıb dördüncü yeri tutur.

2005-ci il yanvarın 20-də taliblər Dustuma qarşı uğursuz sui-qəsd cəhdi edirlər. Terrorçu dilənçi cildində məsciddə sübh namazını qılan Dustuma yaxınlaşmağa səy göstərir, lakin generalın mühafizəçiləri onun yolunu kəsirlər və terrorçu özünü partladır.

Həmin ilin aprelində prezident Həmid Kərzai Dustumu Əfqanıstan silahlı qüvvələri Baş Qərargahının rəisi təyin edir.

2008-ci ildə keçmiş müttəfiqi Əkbər Bəyə hücumdan sonra Baş Qərargahımn rəisi vəzifəsindən uzaqlaşdırılır və sürgünə göndərilir. 2009-cu ildə Əfqanıstan qayıdır və ölkənin siyasi həyatında fəal şəkildə iştirak etməyə başlayır.

2009-cu ilin sonunda yenə də qərargah rəisi təyin edilir və 2014-cü ild Əfqanıstanın I vitse-prezidenti seçilənədək bu vəzifədə qalır.

Prezident Nəcibullanın dönəmində sovet əməliyyat qrupunun baçısı olmuş general Mahmud Qareyev Dustumun general rütbəsi ilə bağlı maraqlı əhvalat danışır: “Baş qərargahda və yaxud döyüş bölgələrində onunla görüşərkən, adətən, özbəkcə danışardıq. 1989-cu ilin qışında ilk görüşümüzdə o, hələ polkovnik idi. Bir dəfə sanki təsadüfən prezidentdən soruşdum ki, bu cür döyüşkən polkovnik niyə polkovnik rütbəsində qalıb? Prezident gülümsəyərək cavab verdi: “Görürsünüz, öz özbəklərinizin qayğısına necə qalırsınız?” Bir müddətdən sonra Dustumu general rütbəsində gördüm və onu ürəkdən təbrik etdim. 53-cü diviziyanın şəxsi heyəti nizam-intizamıyla seçilməzdi, lakin döyüşlərdə yaxşı bərkimişdi. Dustumun zabit və əsgərləri uzunmüddətli mövqe döyüşünü çox xoşlamır və qısamüddətli həlledici əməliyyatlara üstünlük verirdilər. Olduqca qızğın və qətiyyətli insan olan Dustumun özü döyüş əməliyyatları vaxtı heç vaxt uzaqdan komanda verməz, birbaşa öz bölmələrinin döyüşlərində iştirak edərdi. Coşğunluğuna və qəribə hərəkətlərinə görə ona “əfqan Çapayev” deyirdilər. Ümumən çox istedadlı insan idi”.

Dustuma “Paşa” deyərəkən çox xoşlanır – axı orta əsr hökmdarları da bu titula sahib idilər. General isə daha iddialıdır – özünü XIV əsrdə Asiyanın yarısını fəth etmiş Əmir Teymura bənzətməyi çox xoşlayır.

Hazırda Əfqanıstanda daxili durum çox gərgindir: taliblər bütün ölkəyə hakim olmaq iddiasındadırlar. Dustumun bu yaxınlarda Moskvaya gəlişi də bununla bağlı idi – taliblərə qarşı Moskvadan yardım almaq. Səfər zamanı Moskvada oldu və Qroznıda Ramzan Kadırovun doğum günündə iştirak etdi.

Generalın Rusiya prezidenti haqda təəssüratları publika üçün daha maraqlı oldu: “Mən Putinlə gəncliyimdən tanışam. İndi mən keçəl qoca, o isə gənc və gümrahdır. Mən onun siyasətinə hansısa məsləhət verə bilmərəm, ancaq deyə bilərəm ki, o, cox cəsarətli davaranır. Mən ona uğurlar arzulayıram. Rusiya müsəlman dövləti deyil, amma Putin Moskvada məscid açır. Əlbəttə, Rusiya kimi Çin yaxud Amerika da öz maraqlarını qoruyur. Ancaq şərə qarşı birləşmək lazımdır”.

Dustum paşa doğma özbək dilindən başqa, puştu, rus, dari dillərini də bilir.

"Əfqanıstanda türk sözünü bəziləri xoşlamır”

2010-cu ildə əhalisi 31,1 milyon nəfər təşkil edən Əfqanıstanda 20-dən çox xaqın təmsilçisi – puştunlar, taciklər, özbəklər, xəzərlər, türkmənlər, paşalar, çaraymaklar, Pamir xalqları, bəluclar, qırğızlar, əfşarlar, qızılbaşlar və b. yaşayır.

Bunların içində puştunlar sayca daha çoxdur: 42%. Taciklər onlardan bir qədər azdır: 40%. Ölkənin son konstitusiyası (2004) bəyan edir ki, “Əfqan xalqı sıradakı etnik qruplardan ibarətdir: puştunlar, taciklər, xəzərlər, özbəklər, türkmənlər, bəluclar, paşalar, nuristanlılar, aymaklar, ərəblər, qırğızlar, qızılbaşlar və s. “Əfqan” anlayışı Əfqanıstanın bütün vətəndaşlarına aiddir”.

Özbəklər ölkədə sayca üçüncü çoxluğu təşkil edirlər: 9%.

Bununla belə, bugünki Əfqanıstanda türk xalqlarına qarşı ögey münasibt duyulur. Belə ki, Dustum türk mətbuatına müsahibəsində bildirib: “Taliban və İŞİD təkcə Əfqanıstan üçün deyil, Orta Asiya və dünya üçün böyük təhlükədir: İŞİD dünyanın düşmənidir. Özbəkistan, Türkmənistan, Qırğızıstan, Azərbaycan və Qafqazı əhatə edən planları var. Suriya və İraqda törətdiklərinin eynisini buralarda da etmək istəyirlər”.

İllərlə Əfqanıstan türklərinin hüquqları üçün mübarizə apardığını söyləyən general Dustum özünü türk adlandıran vətəndaşların problemlərlə qarşılaşdığın deyib: “Əfqanıstanda türk sözü bəziləri tərəfindən sevilmir. Təklif edirəm ki, Əfqanıstanda olan türkmənlər və özbəklər ümumilikdə türk adlandırılsın. Ölkədə başlanan yenidənqurma işlərinə baxmayaraq, türklərin yaşadığı bölgələrdə ciddi layihələr həyata keçirilmir. Türkiyə prezidenti və baş nazirindən istəyimiz bu ərazilərdə məktəb və xəstəxana tikdirmələridir. Əfqanıstan türkləri çox geridə qalıb. Bəzi şəhərlərimizdə məktəb yoxdur. Türkiyənin Əfqanıstan türklərinə kömək etməsini istəyirəm. Gənclərimiz təhsil almalıdır. Mən öldükdən sonra mənim daşıdığım bayraq əldən-ələ keçməli və yerə düşməməlidir".
Strateq.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.