“Azəri qazı” yalanına türkiyəli nazirdən sərt cavab
25-10-2015, 10:43
Son günlər Türkiyə mediasında Azərbaycan ilə imzalanan təbii qaz razılaşmalarının Türkiyəyə ciddi zərər verdiyi barədə iddialar səslənir. Eyni iddialar həm də Azərbaycan ilə ortaq həyata keçirilən TANAP qaz kəməri layihəsi ilə bağlıdır.
Publika.az xəbər verir ki, Türkiyənin Enerji və Təbii Sərvətlər naziri Əli Rza Alaboyun sözügedən iddialara sərt şəkildə cavab verib.
Nazir Cümhuriyyət Xalq Partiyasından olan bir millət vəkilinin səsləndirdiyi rəqəmlərin məlumatsızlıqdan irəli gəldiyini bildirib: “Məlumatı olmayanın fikri də ola bilməz”.
Nazir qeyd edib ki, təbii qaz neft kimi sabit qiymətlərlə alınan məhsul deyil.
“Bu gün bütün xəbər kanallarını açsanız, neftin bir barrelinin 50 dollar olduğunu eşidəcəksiniz. Amma heç bir kanalda təbii qazın qiymətini görə bilməzsiniz. Azərbaycan təbii qazını Türkiyə sərhədinə gətirənə qədər boru xətti çəkmək məcburiyyətində olduğu üçün bu insanlar boru xəttini çəkərkən deyirlər ki, mən təbii qazımı sənin ölkənə gətirəcəyəm, amma sən mənə "al və ya ödə" zəmanəti ver. Bildirirlər ki, mən 4 milyard dollarlıq təbii qaz borusu çəkəcəyəm və təbii qazı da sən istehlak edəcəksən, səndən başqasına da getməyəcək. Bu beynəlxalq bir razılaşmadır. Bütün təbii qaz razılaşmaları bu prinsip üzərindədir”, - Əli Rza Alaboyun deyib.
Qeyd edək ki, 2010-cu ildən iki ölkə arasında təbii qaz alışı "al və ya ödə" prinsipi ilə həyata keçirilir. Həmin vaxt əldə olunan anlaşmadan sonra da Azərbaycan qazı Türkiyəyə digər mənbələrdən daha ucuz və daha etibarlı mənbə olmaqda davam edib və qaz nəqli heç vaxt kəsilməyib.