İstanbul bu dəfə kimi seçəcək: müsəlman demokratiyaları ilə bağlı fikirlər...
22-06-2019, 16:19
Siyasətçi bu yaşda ya böyük siyasətin Olimpində olmalıdır, ya da ki, evində oturub nəvələrini tərbiyə etməlidir – bilmirəm, niyə görə, amma B.Yıldırımın namizədliyinin İstanbul merliyinə irəli sürülməsi haqqında xəbəri eşidəndə ağlımızdan keçən fikir bu olmuşdu, hətta sonradan onun seçicilərin yarısından bir azacıq az səs topladığını (məlum deyil ki, bu ona verilmiş səslər idi, yoxsa ki, hakim partiyaya!) eşidəndən sonra belə fikrimiz dəyişmədi və ona verilən seçici dəstəyini də özlüyümüzdə bir “nekrofiliya” kimi dəyərləndirdik, baxmayaraq bu adam artıq baş nazir olmuşdu və onun siyasi personası bizə də tanış idi...
Məsələ də budadır ki, artıq onu tanıyırdıq və bilirdik ki, bu adam prezident R.T.Ərdoğanın “saqqız”ını təşəbbüssüz, ambisiyasız olduğuna, ən əsası da xarizması olmadığına görə oğurlaya bilibdır – Yıldırım digər siyas həmkarlarından fərqli olaraq hətta istəsə belə, öz siyasi patronuna rəqabət yarada bilməz.
Qeyd edək ki, digər ölkələrdə də belə “baş nazirlər” olub və indi də var – düşünürük, Rusiyadakı D.Medvedevi xatırlamaq yetər. Bunlara baxırsan və düşünürsən ki, böyük siyasətdə siyasətçi ya ifrat ambisiyalı, yaxud da ifrat xidmətkar olmalıdır. Sonuncu keyfiyyət böyük siyasətdə heç də digərlərindən az dəyərləndirilmir. Məsələn, sovetin vaxtında mütləq bir dərəcədə “boz adam” olan K.Çernenko bu yolla hətta baş katib olmuşdu!
Ümdi edirik ki, qardaş Türkiyədə belə olmayacaq və təkrar seçkilər, necə deyər, bütün vurğuları öz yerinə qaytaracaq və daha enerjili və həm də perspektivli Ə.İmamoğlu təzədən mer postunu özünə qaytaracaqdır, hərçənd, hakim partiya ona mane olmaq üçün demək olar ki, bütün üsul və fəndləri işə salıbdır.
Əlbəttə, Ə.İmamoğlu də bizim üçün “qara kvadrat” kimidir və bizim bu cavan adam haqqındakı bilgilərimiz yalnız İnternetdəki məlumatlarla məhdudlaşır. Amma onun haqqında vizual təəssürat pozitivdi– o, kifayət qədər enerjili və perspektivlidir. Ən əsası da qərbyönümlü və qeyri– dini təmayüllü partiyanı təmsil edir və onun qələbə çalacağı təqdirdə Türkiyə perspektivli qərbyönümlü siyasətçi qazanacaqdır.
Qeyd etmək lazımdır ki, o, artıq yerli sosioloq və politoloqların nəzərlərini özünə cəlb edə bilibdir. Onu növbəti prezident seçkisi zamanı – 2023-cü ildə prezident Ərdoğanın əsas rəqibi hesab edirlər və aydındır ki, o, İstanbuldakı təkrar seçkiləri udsa, bu qiymətləndirmələr həqiqətə daha yaxın olacaq.
Əlbəttə, milli liderini – prezidentini seçmək türkiyəli seçicilərin müstəsna hüququdur. Amma kənar müşahidəçi kimi bizə elə gəlir ki, qardaş ölkənin siyasətinin artıq yeni nəfəsə ehtiyacı var - əgər belə demək mümkünsə, prezident Ərdoğan postunda bir az “yubandı”. Söz yox ki, bu, yalnız bizim subyektiv fikrimizdir, hətta kənar siyasi müşahidəçilər arasında bir xeyli başqa cür düşünənlər var, çünki demək olmaz ki, onun idarəçilik dövrü ölkə üçün tamam faydasız və nəticəsiz keçdi – yox, əlbət ki, belə deyil və hazırda Türkiyəni hamı yaxın on ildə ciddi iqtisadi sıçrayış edə biləcək üç -dörd ölkənin sırasında görür.
Fəqət, iqtisadiyyatın yüksək artım templəri hələ heç də hər şey demək deyil, daha inkişaf etmiş ölkələrdə artım templəri elə də yüksək olmur və yüksək templər bir qayda olaraq, gənc, yenicə inkişaf edən iqtisadiyyatlar üçün xarakterik olur. Amma bütün hallarda bü cür fikirlər bizim ruhumuzu oxşayır və biz qardaş Türkiyəyə görə şadıq.
Amma gəl, bununla belə gizlətmirik ki, ölkənin siyasi durumu bizi çox da məmnun etmir, çünki bir çox hallarda Türkiyə və İran prezidentlərinin anti-Qərb və anti-ABŞ bəyanatları arasında dəqiq sərhəd qoymaq olmur. Əlbəttə, biz də istəmirik İranla ABŞ arasındakı gərginlik müharibə ilə bitsin – bu halda baş verə biləcək hamanitar fəlakəti hətta təsəvvür etmək belə çətindir. Amma İran rejimindən orta əsrlərin qoxusu gəlir və aydındır ki, biz bu halda ruslar demiş, “izqoy”-rejimlə üzbəüzük. Bu səbəbdə də bizim qardaş Türkiyənin İranla bir cərgədə olmasını qəti istəməzdik və çox istərdik ki, prezident Ərdoğan anti-ABŞ ritorikası ilə H.Ruhanilə bərabərləşməsin. Sözsüz, bu, o demək deyil ki, ABŞ siyasətini tənqid etmək lazım deyil – yox, Vaşinqtonun siyasətində tənqidi və mübahisəli məqamlar çoxdur, amma yaxşı olardı ki, bununla daha çox politoloqlar məşğul olsun.
Həm də bir məqamı unutmaq lazım deyil – Kremli də tənqid edin və görəcəksiniz ki, sizi dərhal potensial, bəlkə də real düşmənlərin siyahısına yazacaqlar. Odur ki, bəzən təkcə fərdlər deyil, elə ölkələr də azadlıqlarının və müstəqilliklərinin üstündə əsməlidir, əks təqdirdə onlar bunları itirə bilərlər.
O ki qaldı ABŞ-Türkiyə münasibətlərinə, əlbəttə, məsələ tək S-400 məsələsi deyil, daha incə məqamlar var burada – Hindistan ki, NATO –nun üzvü deyil, amma onu da S - 400-ləri alacağı təqdirdə sanksiyalarla hədələyirlər!
Odur ki, bəzi ölkələrdə, xüsusən də müsəlman ölkələrində Qərb və demokratiya ideallarının böhranında həmin Qərb ölkələri heç də axırıncı rol oynamadı – bunların səbəbi həm də odur ki, Qərb bu dövlətlərə qarşı qeyri-səmimi siyasət yürütdü.
Bu günlərdə keçmiş Misir prezidenti M.Mürsinin elə məhkəmə zalında dünyasını dəyişməsi müəyyən mənada bu qeyri- səmimiliyin bir göstəricisi sayıla edilə bilər. Aydındır ki, həmin Qərb on illərlə Misirdə həbi diktatorları himayə etməsəydi, əgər Avropa ölkələri vaxtında Türkiyəni öz sıralarına qəbul etsəydi indi bu ölkələrdə siyasi indikatorlar tamam başqa tendensiyalar göstərərdi – yəqin ki, Misirdə “ərəb baharı” zamanı seçkiləri yarı - islamçı bir partiyanın təmsilçisi deyil, demokratik yönümlü və qərbçi siyasətçi udardı. Elə Türkiyəmizdə də siyasi əqrəblər indiki qədər siyasi islama tərəf meyl etməzdi. Odur ki, Mursinin ölümü ətrafında bir az artıq dayanmaq istəyirik.
Bəli, keçmiş prezident Mursi elə məhkəmə zalında kçindi. Biz onu nə demokrat, nə də dünyəvi siyasətçi adlandırmırıq – o, dini təşkilatın lideri idi, baxmayaraq ki, “Misir baharı”ndan sonra bu təşkilat adını dəyişərək “Azadlıq və ədalət partiyası” olmuşdu. Nə qədər qəribə olsa da, bu adam Misirin ilk demokratik yolla seçilmiş prezidenti idi. Amma hətta belə bir detal da bizim üçün hər şey demək deyil – məgər A.Hitler Almaniyanın demokratik yolla seçilmiş kansleri deyildimi? Misir konteksində bizlərin daha çox iki detal diqqətini cəlb etdi.
Birincisi, M.Mursini casusluqda, vətənə xəyanətdə ittiham etdilər. Güman ki, prezidentlik institutunun bütün tarixi boyu heç bir prezidentə qarşı belə ittiham irəli sürülməmişdi. Axı prezident, dövlət başçısı, həm də dövlətin təhlükəsizlik strukturlarına başçılıq edən bir adam necə casus ola bilər? Razılaşın ki, aşkar cəfəngiyyatdır bu!
Bəli, onu İran xüsusi xidmət təşkilatları, xüsusən Hizbullahla “əməkdaşlıq”da ittiham etdilər. Amma, bağışlayın, əgər belə ittihamlar ona qarşı prezident olana qədər irəli sürülsəydi bunda bir məntiq olardı, çünki Mursi siyasətdə yeni adam deyildi, uzun müddət əsas müxalifətə rəhbərlik etmişdi, xeyli müddət Misirdə yaşamış və universitetlərdə dərs demişdi, ən əsası da “ərəb baharı” zamanı prezidentliyə namizəd olmuş və nəhayət, demokratik seçki yolu prezindent seçilmişdi! Bəs o vaxtlar Misirin xüsusi xidmət orqanları hara baxırdı? Niyə “İran casusu”nu ifşa etmir və onun prezidentliyə yolunu bağlamırdılar?..
Görünür, sadəcə, bütün müsəlman ölkələrinin məhkəmələri kimi Misir məhkəməsi də özünə artıq əziyyət vermək istəmədi, odur ki, eks-prezidenti ən ağır ittihamlarla suçladı ki, bu adamın məsələsi birdəfəlik həll olunsun. Bir daha deyirik ki, biz Mursini müdafiə etmirik, çünki nə misirşünas, nə Yaxın Şərqin “siyasi palitrası”, nə də Şimali Afrika və ya ərəb dünyası üzrə mütəxəssis deyilik, amma Mursinin birbaşa məhkəmə zalında keçinməsi o deməkdir ki, ittiham o qədər ədalətsiz olub ki, eks – prezidentin ürəyi tab gətirməyib. Türkiyə prezidenti R.T.Ərdoğan hətta dedi ki, Mursi 20-30 dəqiqə yerdə çabalayıb, amma ona heç bir yardım göstərilməyibdir.
İndi feldmarşal əs-Sisi nəhayət, rahat ola bilər –“Misir baharı”nın son izləri də silindi və daha o, vahiməli siyasi yuxular görməyəcək və Misirə azadlıq və demokratiya əlli ildən tez ayaq açamayacaq, çünki o, bir dəfə elə belə də demişdi: yaxın əlli ildə Misirdə heç bir demokratiya olmayacaq! Sonrasına isə, necə deyər, baxarıq - əgər ikinci “Misir baharı” olsa, o halda artıq əs - Sisi özü və yaxud da onun gələcək siyasi varisi artıq nə etmək lazım olduğunu yaxşı bilirlər.
Əlbəttə, M.Mursi “Misir baharı”nın heç də ən uğurlu seçimi deyildi və biz artıq bunu qeyd etmişik.
Amma bizi başqa bir məsələ düşündürür. Doğrudanmı, feldmarşal əs-Sisi kimi siyasətçilərin bu və digər xalqların demokratiayaya hazır olub-olmamasını ölçmək üçün xüsusi tərəzisi var?
İstanbul bu dəfə kimi seçəcək:
Məlumdur ki, dünyanın ilk demokratiyası qədim Afina demokratiyası olubdur və onu bizdən min illər ayırır. Onda nə alınır, cənab generallar və qeyri–qanuni yolla “seçilən” prezidentlər? Doğrudanmı, biz dünyanın mütərəqqi və azad xalqlarından min illərlə geri qalırıq?..
Bu yazını yazmaq ərəfəsində əs-Sisilə bağlı internet məlumatlarını nəzərədən keçirdik. Onun magistirlik dissertasyası Yaxın Şəqrdə azadlıq və demokratiya problemlərinə həsr olunub. Belə alınır ki, indi onun öz “nəzəri bilik”lərini praktikada sınaqdan keçirmək üçün imkanı yaranıbdır ki, Misirə demokratiya küləyinin yol tapmasının qarşısını alsın. Amma əbəsdir; istənilən ideya, istənilən nəzəriyyə azadlıq adlanan bir ideya qarşısında acizdir.
Odur ki, mütləq ikinci “Misir baharı” da olacaq, amma lazımdır ki, misirlilər növbəti dəfə sosial utopiyaya qapılmasınlar, dinlə demokratiyanı calağ etmək fikrinə düşməsinlər – belə olsa, hər şey öz yerini tapacaq.
Qərəz ki, İstanbulun mer seçkilərindən başlanan yazını Misirlə bitirdik. Bu da təsadüfi deyil, çünki bu iki ölkə İslam dünyasının dünyəvi dəyərlərə daha yaxın olan iki dövlətidir və onlardakı siyasi küləklərdən çox şey asılıdı– onlar digər müsəlman ölkələri üçün nümunə də ola bilər, ya da son ümidləri də dəfn edərlər. Odur ki, diqqətlə izləyək...