Nazarbayevlərin Londondakı mülklərini ala bilmədilər – İşin arxasından prezidentin senator qızı çıxdı

9-04-2020, 18:22           
Nazarbayevlərin Londondakı mülklərini ala bilmədilər –
Britaniyada məhkəmə Qazaxıstanın keçmiş prezidenti Nursultan Nazarbayevin ailəsinə bağlı dəbdəbəli London malikanəsinin və iki başqa mənzilin Britaniya Milli Cinayət Agentliyi (MCA) tərəfindən müsadirə olunması cəhdinin qarşısını alıb.

Bu malikanə və mənzillərin sahibi formal olaraq offşor ərazidə qeydiyyatdan keçmiş şirkətlərdir. MCA mülkiyyətin müsadirə olunması üçün ölkənin İzaholunmaz Sərvət Qanunundan istifadə etmək istəyirdi.

Bu qanun mənşəyi bilinməyən, daha doğrusu korrupsiya yolu ilə əldə edildiyinə, şübhə olan pulla alınmış daşınmaz əmlakın dövlətin nəfinə müsadirə edilməsini nəzərdə tutur.

"Milyarderlər sırası"

Agentlik Nazarbayevlərə aid mülkiyyətin sahibliyi və hansı vəsaitlə alınması məsələsini 2019-cu ilin mayından araşdırırdı. Lakin aprelin 8-də London Ali Məhkəməsi mülklərin sahibi olan şirkətlərə qarşı orderi ləğv edib. MCA bildirib ki, o bu işin hüquqi müstəvidə çətin olacağını əvvəlcədən bilirdi və buna görə də apellyasiyaya hazırlıq görüb.

Söhbət Londonun “Milyarderlər sırası” kimi tanınan ən bahalı küçələrindən birindəki hovuzlu, kinoteatrlı malikanədən gedir. Dəyəri 100 milyon dollar olan bu mülkdə Nazarbayevin nəvəsi Nurali Aliyev arvadı və uşaqları ilə yaşayıb.

Mülkləri Rahat yox, Dariqa alıb?

Offşordakı şirkətlərin vəkilləri bildiriblər ki, sözügedən daşınmaz əmlakı Nuralinin anası, Dariqa Nazarbayeva alıb, o, isə maliyyə baxımından müstəqil adamdır. Özünü biznesmen kimi təqdim edən Aliyev deyib ki, məhkəmə qərarı MCA-nın mülklərin müsadirəsi üçün orderləri qanunsuz əldə etdiyini göstərib.

Nazarbayevin qızı, hazırda Qazaxıstan Senatının spikeri olan Dariqa Nazarbayeva məhkəmə qərarından məmnun olduğunu deyib.

Nazarbayevanın vəkili deyib ki, Qazaxıstan senatorunun “öz təmiz adını qorumaq üçün” mübarizəyə məcbur olması təəssüf doğurur. MCA israr edir ki, sözü gedən üç mülk Aliyevin atası Rahat Aliyevlə bağlıdır. O bir vaxtlar Qazaxıstan hökumətində yüksək vəzifə tutsa da, daha sonra Nursultan Nazarbayevin qatı opponentinə çevrilib. Rahat Aliyev 2015-ci ildə Avstriya həbsxanasındakı kamerasında asılmış vəziyyətdə tapılıb. (azadliq.org)












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.