Türkiyə hökuməti karantin qərarı aldı: Millət isə küçələrə axışdı - VİDEO

11-04-2020, 09:19           
Türkiyə hökuməti karantin qərarı aldı: Millət isə küçələrə axışdı - VİDEO
Ümumdünya Səhiyyə Təşkilatının hesablamalarına görə, koronavirusun dünyada yayılma sürəti 2-2.3 R0-dur. Yəni bir insan ortalama 2 və ya 2.3 insanı bu virusa yoluxdurur. Türkiyədə isə R0 sürətinin qat-qat çox olduğunu ölkənin Səhiyyə naziri Fəxrəddin Qoca şəxsən açıqlamamışdı. Onun sözlərinə görə, İstanbulda 1 insan koronavirusu 16 insana yayır. Bu isə İstanbulda koronavirusun sürətinin dünyadan dəfələrlə çox – 16 R0-ya bərabər olduğunun rəsmi etirafı idi. Fəxrəddin Qoca həmin mətbuat açıqlamasında Türkiyənin epidemiyanın hələ başlanğıcında olduğunu da bildirmişdi.



Di gəl ki, bu yayılma sürətinə rəğmən, rəsmi Ankara koronavirus yayılmasına qarşı hər hansı proflaktik tədbirlər görməyə tələsmir, camilərdə koronavirus duaları oxutmaqla “əsrin vəbasına” qələbə çalacağını düşünürdü. Ankara İstanbul, İzmir, Trabzon, Bursa və s. kimi böyük şəhərlərdə isə koronavirus duaya tabe olmur, getdikcə daha çox yayılırdı.


Koronavirus duası

Türkiyə Səhiyyə Nazirliyinin dünənki açıqlamasına görə, təkcə dünən koronavirusa yoluxduğu təsbit edilən insan sayı 4 min 747 nəfər olub. ÜST-ün dünənki statistik məlumatlarına nəzər salsaq, bu rəqəm ABŞ, Fransa, İngiltərdədən sonra yoluxma sıralamasında 4-cü yer deməkdir. Üstəlik həmin rəqəm sadəcə 30 min 864 test nəticəsində ortaya çıxıb. Yəni koronavirusa yoluxub-yoluxmadığını yoxlamaq üçün müayinə olunan insanların 15%-dən çoxunun virus daşıyıcısı olduğu təsdiqlənib. İndiyədək aparılan test sayının yoluxanlara nisbəti də təxminən o qədərdir – 307 min 210 test / 47 min 029 yoluxma.



Türkiyədə dünən koronavirusdan 98 nəfər ölüb və bununla da indiyə qədərki koronavirus qurbanlarının sayı 1000-i keçib. Ağır və orta ağır vəziyyətdə olan xəstələrin sayı da az deyil – 1 667. Bir də bütün bunlar rəsmən etiraf olunanlardır. Ölkənin həqiqi koronavirus statistikasının daha qabarıq olduğu və gerçək ölümlərin gizlədildiyinə dair söyləntilər var.



Hər gün ölüm və yoluxma hallarının artdığını görən Türkiyə hökuməti, axır ki, dünən axşam karantin tədbirlərinə getməyə qərar verib. Aprelin 10-u axşam saatlarında ölkənin 31 böyük şəhərində küçəyə çıxmaq qadağası qoyulub.
Ovqat.com-un məlumatına görə, hökumətin bu qərarı gec və xalqı öncədən maarifləndirmədən həyata keçirməsi daha ciddi yayılma riskinə yol açıb.
Sosial şəbəkələrdə yayılan video-görüntülərdən də aydın olur ki, küçəyə çıxmama qərarı veriləndən sonra insanlar nəinki evlərinə çəkilməyiblər, əksinə kütləvi şəkildə küçələrə axışıblar. Marketlərin və apteklərin qarşısında uzun növbələr yaranıb.

Video-görüntüləri təqdim edirik:
















Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.