Ərdoğandan ikinci “one minute”: “Üçüncü dünya ölkəsini təmsil etmirəm”
11-02-2016, 01:20
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Avropa Birliyinin yüksək vəzifəli səlahiyyətliləri ilə görüşündə söylədiyi sözlər tarixə düşüb.
Publika.az xəbər verir ki, “Financial Times” nəşri Ərdoğanın Avropa Komissiyasının sədri Jan Klod Yunker və Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk ilə ötən ilin oktyabr ayında keçirdiyi görüşdən qeydləri paylaşıb.
Qaçqın böhranının müzakirə olunduğu görüşdə aşağıdakı fikirlər söylənilib:
Tusk: İki ildə 3 milyard avronun ödənilməsi üçün razılaşdıq, amma Davudoğlunun bir il üçün 3 milyard istədiyini öyrəndim.
Ərdoğan: İki il üçün 3 milyard avro verəcəksinizsə, danışmağa ehtiyac yoxdur. Avropa Birliyinin puluna möhtac deyilik. Yunanıstan və Bolqarıstan sərhədlərini açıb qaçqınları avtobuslara doldurarıq. Yunanıstana maliyyə böhranı zamanı 400 milyard avro verildi. Bu pulun bir qismi ilə Suriyada təhlükəsiz bölgəni qurmaqla qaçqın problemini tamamilə həll edə bilərdik.
Junker: Türkiyə dörd ildə 8 milyard avro xərclədi…
Ərdoğan: Biz o pulu qaçqın düşərgələrinə xərclədik. Humanitar davranış sərgiləyirik. Qızlarım qaçqın düşərgəsinə getdi, ağlayaraq döndü. BMT insan haqları üzrə ali komissarı Antonio Gutteres bundan daha yaxşı düşərgə görmədiyini söylədi.
Tusk: Düşərgələr həqiqətən yaxşıdır, amma Yunanıstana avro bölgəsinin xilası üçün kredit verildi. Bu cür müqayisə aparmamalısınız.
Ərdoğan: O bir Avropa layihəsidir, bu da Şengenlə əlaqədardır.
Tusk: Avropa Birliyi çətin vəziyyətdədir. Paris hücumundan sonra Şengen razılaşması ləğv edilə bilər. Buna görə də sizinlə razılaşmaq istəyirik.
Ərdoğan: Razılaşma olmasa, qaçqınları necə dayandıracaqsınız, öldürəcəksinizmi? Bizə verdiyiniz tək bir sözə əməl etdinizmi?
Junker: Lazımlı maliyyə toplanır, müzakirələri sürətləndirməyə çalışırıq, amma bunlar qəbul olunması asan qərarlar deyil.
Ərdoğan: Avropa Birliyi Türkiyə üçün heç bir şey etmədi. Pul Türkiyə üçün deyil, qaçqınlar üçündür. Üstəlik, üzvlüklə bağlı istəyimizdən istifadə edirsiniz. Amma bir müzakirə başlığı belə açılmadı, 53 ildir gözləyirik. Bizimlə lağ edirsiniz.
Junker: Türkiyədə bu 53 il ərzində demokratiya olmadı.
Ərdoğan: Almaniya və Britaniyada da olmadı, böyük bir müharibəyə gətirib çıxardılar. Yunanıstan, Portuqaliya və İspaniyada da olmadı. Junker Türkiyəni Lüksemburqla müqayisə etməməlidir, Lüksemburq Türkiyədə bir şəhər kimidir.
Junker: Çox sıx işləyirik. Brüsseldə sizi şahzadələr kimi qarşıladıq.
Ərdoğan: Şahzadə kimi? Təbii ki, mən üçüncü dünya ölkəsini təmsil etmirəm.