Ermənilərin PKK sevgisi
11-02-2016, 13:34
Türkiyədə baş verən son qanlı hadisələr gündəmin başlıca mövzuları sırasında qalmaqda davam edir. Bəlli olduğu kimi, PKK terrorçularına qarşı yürüdülən sülh proqramı nəticəsiz başa çatdığından Ankara sərt tədbirlərə əl atmağa məcbur olub. Və bu istiqamətdə zəruri tədbirlər görülür. Ən acınacaqlısı odur ki, bu fonda terrorçulara Qərbdən, eləcə də, Rusiya və onun Cənubi Qafqazdakı forpostu olan Ermənistandan ciddi dəstək hiss olunur. Qərb, Rusiya və Ermənistan mətbuatını izləyərkən onların məhv edilən PKK terrorçularına dəstəyinin şahidi oluruq. Əksər mətbu orqanlar dünya birliyi qarşısında Türkiyənin terrorçulara qarşı apardığı əməliyyatlara son qoyulması məsələsini qaldırırlar. Ancaq şəhid olan türk insanı heç yada da düşmür. Ermənistanın əksər mətbu orqanları da kürd terrorçularına dəstək xəbərləri yaymaqla məşğuldur. Kürd və erməni qardaşlığı bu xəbərlərdə ana xətt kimi keçir. Belə xəbərlərin əksəriyyətində türklər aşağılanır, türk ordusunun cavab tədbirləri az qala zorakılıq, insan haqlarının pozulması kimi qələmə verilir. Bu xəbərlərin başlıqlarında isə terrorçular “üsyançılar” kimi qələmə verilir. Onlardan bir neçəsinə nəzər salaq. Konkret olaraq dünən erməni xəbər saytlarında HDP lideri Səlahəddin Dəmirtaşın Cizrəyə buraxılmaması sərt tənqid edilib. Türkiyə hakimiyyət orqanları partiya sədrinin təhlükəsizlik baxımından ora buraxa bilmədiyinin bəyan etsə də, ermənilər burada ayrı-seçkilik, qərəz amilini önə çəkiblər. Daha sonra isə PKK-ya yaxınlığı ilə seçilən partiya sədrinin keçirdiyi brifinqi başdan-ayağa işıqlandırıblar. Başqa bir fakt. Əksər türk nəşrləri PKK ilə döyüşlərin getdiyi ərazilərdə terrorçuların dağıtdığı dini ibadətgah yerlərinin görüntülərini dərc ediblər. Onların sırasında erməni kilsəsi də var. Ancaq erməni xəbər agentlikləri bunun üstündən keçməyə üstünlük veriblər.
Bir faktı da qeyd edək ki, dəfələrlə ermənilərin PKK terrorçuları ilə birgə fəaliyyət qurduqları, əməkdaşlıq etdikləri barədə təkzibolunmaz xəbərlər yayılıb. Və “Kaspi” qəzeti olaraq biz də bu barədə dəfələrlə yazmışıq. Ötən gün Beynəlxalq Əsassız Erməni İddialarıyla Mübarizə Dərnəyinin (ASİMDER) sədri Göksel Gülbey də keçirdiyi mətbuat konfransında bunu bir daha təsdiq edib. Məlumat üçün bildirək ki, qardaş ölkənin əksər kütləvi informasiya vasitələri bu xəbəri geniş şəkildə işıqlandırıblar. Qurum rəhbəri bəyan edib ki, Ermənistan işğal etdiyi Azərbaycan torpağı olan Dağlıq Qarabağ bölgəsində PKK və başqa təşkilatları yerləşdirməklə üstünlük qazanmaq istəyir. G.Gülbey rəhbərlik etdiyi birliyin mərkəzi binasında jurnalistlərə verdiyi açıqlamasında bildirib ki, Türkiyənin PKK-ya qarşı son vaxtlarda keçirdiyi əməliyyatlar nəticəsində terror təşkilatı baza olaraq istifadə etdiyi Kandil dağından Ermənistanın işğalı altındakı Azərbaycan torpağına – Dağlıq Qarabağa köçməyə başlayıb. Onun sözlərinə görə, son zamanlar aparılan antiterror əməliyyatlar nəticəsində sıxışdırılan PKK-nın liderləri daha təhlükəsiz şəraitdə olmaq üçün Dağıq Qarabağa üz tuturlar. “Ermənistan Azərbaycanın işğal etdiyi Dağlıq Qarabağ bölgəsinə PKK və digər təşkilatları yerləşdirməklə, üstünlük qazanmaq istəyir. Erməni ailələri uşaqlarını o bölgəyə hərbi xidmətə göndərmirlər. Bundan başqa, Azərbaycan Silahlı Qüvvələrinin işğal altındakı torpaqlarını geri almaq üçün döyüşə hazır olduğunu bilən Ermənistan rəhbərliyi bu növ silahlı təşkilatlara ehtiyac duyur. İndi Ermənistan vaxtilə Rusiyanın köməyilə işğal etdiyi torpaqları baza olaraq PKK-nın istifadəsinə verib” - deyə G. Gülbey qeyd edib. Gülbey fikrini belə davam etdirib: “Tarixən Qafqaz kürdlərindən öz məqsədləri üçün istifadə edərək Qırmızı Kürdüstan yaratmağa çalışmış Rusiya və Ermənistan bu oyunu indi də PKK vasitəsilə oynamaq istəyirlər. Bunun kürdlərə heç bir faydasının olmayacağı kimi, regionun digər xalqlarına da yararı olmayacaq. Rusiya və Ermənistan bu addımı kürdləri və PKK-nı çox istədiklərindən deyil, ölkəmizlə münasibətləri gərgin olduğundan atır. Qafqaz kürdləri bu tələyə düşməməlidirlər. Ölkəmiz və Azərbaycan da bu məsələdə lazımi tədbirləri görməli və Rusiya ilə Ermənistanın bu məkrli oyununa son qoymalıdırlar”.
Onu da qeyd edək ki, kürd separatçıları ilə ermənilərin əməkdaşlığına dair çoxsaylı faktlar var. Məsələn, Türkiyə Strateji Araşdırmalar Mərkəzinin rəhbəri və sabiq millət vəkili Sinan Oğan dəfələrlə Ermənistanın PKK üçün ikinci Kandil (İraqın şimalında PKK-çıların əsas sığınacağı) olduğunu bəyan edib. Onun sözlərinə görə, Türkiyənin İğdır vilayətinin davamlı PKK tərəfindən təhdid edilməsi və burada terror aktları törədilməsi göstərir ki, PKK Ermənistanı özünə ikinci Kandil hesab edir. “Amma heç kim “Kürdüstan”ı Ermənistanla birləşdirməyi xəyal belə etməsin” deyə S. Oğan vurğulayıb.
Beləliklə, yaxşı olardı ki, Qərbin, eləcə də, Rusiyanın müvafiq qurumları Türkiyənin terrorçulara qarşı apardığı mübarizəni tənqid etməkdənsə, terror yuvasına çevrilən ərazilərə diqqət ayırsın, terrora məruz qalanla, terror həyata keçirəni fərqləndirə bilsin.