“Fərat qalxanı” zonasına hava hücumu: Rusiya Türkiyəyə meydanmı oxudu?

7-03-2021, 10:15           
“Fərat qalxanı” zonasına hava hücumu:
Dünən axşam Suriyanın şimalında "Fərat qalxanı" əməliyyatı sahəsi ilə həmsərhəd olan Cerablus və Bab rayonlarında iki ayrı məntəqəyə ballistik raket zərbəsi vurulub. Hava hücumu nəticəsində dinc sakinlərdən həlak olanların sayı 4-ə yüksəlib, xeyli sayda yaralı var.

Ovqat.com xəbər verir ki, Suriya Müxalif və İnqilabi Qüvvələrinin Milli Koalisiyası bu məlumatı yayıb və hücumdan Rusiyanı məsul tutub.

Qurumun yaydığı bəyanatda “Hələbin ucqar kəndlərinə” raket zərbəsi endirən Rusiyanın dövlət terroru ilə məşğul olduğu bildirilir.

"Həmran və Tərxin kəndlərinə edilən hücumlar işğalçı Rusiyanın tətbiq etdiyi təhlükəli eskalasiya və dövlət terrorudur. Rusiya tərəfindən həyata keçirilən hücumda 3 ballistik raketdən istifadə olunmuşdur”,-bəyanatda vurğulanır.

Suriya Müxalif və İnqilabi Qüvvələrinin Milli Koalisiyası beynəlxalq birliyi “Rusiyanı yerində oturtmaq və öz öhdəliklərini yerinə yetirməyə vadar etmək üçün qətiyyətli mövqe sərgiləməyə” çağırıb.

Qeyd edək ki, bölgəyə nəzarət Astana sammitində Türkiyənin ixtiyarına verilmişdi. Bu mənada Rusiyanın dünənki hücumu Türkiyəyə meydan oxumaq kimi də qiymətləndirilə bilər.

Ümumiyyətlə, son zamanlar Suriyada səs-küylü hava hücumlarının sayı artıb. Bir müddət əvvəl ölkənin İraqla sərhəddində İrana bağlı silahlıların yerləşdiyi “İmam Əli” hərbi bazasına ABŞ təyyarələri hücum etmiş, çox sayda əsgər və hərbi texnika sıradan çıxarılmışdı. Maraqlıdır ki, hücum İranla yanaşı Rusiyanı da ciddi narahat etmişdi. Hətta bu hücumdan sonra Rusiya prezidenti Vladimir Putin ölkənin Milli Təhlükəsizlik Şurasını təcili iclasa çağırmış və toplantıda hücumla yanaşı bir sıra məsələlər müzakirə olunmuşdu. Gündəmi tam açıqlanmayan toplantıdan sonra Rusiya prezidentinin dünya liderləri ilə çox önəmli telefon danışıqları apardığı məlumatı yayılmışdı.

Ekspertlərin fikrincə, NATO qüvvələrinin son zamanlar Qara dənizdə fəallaşması fonunda baş verən bu hücum ABŞ-ın yeni prezidenti Baydenin hakimiyyətə gəlməsindən sonra Rusiya ilə hesablaşma prosesinin ilk addımı idi. Mümkündür ki, dünənki hücum da bu ilk atəşə verilmiş cavabdır. Zira Qara dənizdə tez-tez təkrarlanan NATO təlimlərində ən fəal iştirak edən ölkə Türkiyədir və təlimlər, demək olar ki, Rusiyanın burnunun ucunda Qara dənizdəki su sərhəddinin 220 km-liyində keçirilir. Görünür, Qara dənizdə NATO qüvvələrinin, xüsusilə ABŞ donanmasının qabağına çıxa bilməyən Kreml öz hərbi çəkindiricilik gücünü Suriyada nümayiş etdirərək Alyansın təhdidlərinə cavab verir. Di gəl ki, Suriyada belə, NATO-nun aparıcı gücü ABŞ-ın yox, zəif həlqə hesab etdiyi Türkiyənin qarşısına çıxır.

Bu versiya doğrudursa, Türkiyənin də sözügedən cavaba cavabsız qalmayacağını istisna etmək olmaz. Çünki Türkiyə də Moskvanın zənn etdiyi kimi “zəif həlqə” deyil və bunu ona Suriyada, Liviyada, ən nəhayət, 44 günlük Qarabağ savaşında dəfələrlə əyani şəkildə başa salıb. Belə anlaşılır ki, Rusiya hərbi elitası “təkrar biliyin anasıdır” məntiqilə çalışmaqdan zövq alır.

Rusiyanın “Fərat qalxanı" əməliyyatı sahəsindəki məlum hücumundan dərhal sonra Türkiyə HHQ-nə məxsus Boeing 737AEW & C erkən xəbərdarlıq və nəzarət təyyarəsi Ermənistan sərhədlərində, tam da İrəvana yaxın ərazilərdə uçuşlar həyata keçirmişdi. Zənnimizcə, bu uçuş Türkiyənin Rusiyaya mesajı idi və “hər şey nəzarət altındadır” mənasına gəlirdi.



Türkiyənin Milli Müdafiə naziri Hülusi Akarın bu yaxınlarda “Hürriyet” qəzetində yayımlanan müsahibəsində NATO-Rusiya arasında çıxa biləcəyi ehtimal olunan hərbi toqquşmada Alyansın öncü qüvvələrinə Türk Silahlı Qüvvələrinin rəhbərlik edəcəyini açıq şəkildə bildirməsini nəzərə alsaq, Moskvanın niyə Vaşinqtona yox, Ankaraya cavab verdiyinin digər səbəbini də anlaya bilərik.

Yeri gəlmişkən, onu da vurğulayaq ki, Rusiya və Ermənistan martın 3-də İrəvan yaxınlığında yeni hərbi təlimlərə başlayıb. “Payız dərsi-2020” adlanan təlimə Rusiyanın Gümrüdəki 102-ci hərbi bazası ilə yanaşı Federal Təhlükəsizlik Xidmətinin qüvvələri də qatılıb. Ermənistan rəsmiləri təlimlərin “xaricdən gələ biləcək” təhlükələrə hazırlıq məqsədi daşıdığını gizlətməyiblər.

Prinsipcə, Türkiyə və Azərbaycan orduları da boş dayanmır. İki qardaş ölkənin hərbi qüvvələri bu yaxınlarda Qarsda "Qış-2021" təlimləri keçirmişdilər.

İki düşmən qonşuların sərhəddində təxminən eyni tarixdə başlanan təlimlər regionda hərbi gərginliyin artması fonunda xeyli təhlükəli görünür. Xatırladaq ki, Azərbaycanın böyük uğuruyla nəticələnən, amma qarşıya qoyulan hədəfi tam reallaşmayan 44 günlük müharibə də Ermənistanın qatıldığı “Qafqaz-2020” təlimlərindən az sonra başlamışdı.

Ovqat.com












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.