PKK-ya silah verən ölkələr
14-02-2016, 14:38
PKK terrorçularına silah göndərən ölkələrin adları bəlli olub.
Axar.az xəbər verir ki, araşdırma nəticəsində təkcə Avropanın 20 ölkəsinin separataçılara aktiv dəstək verdiyi aşkar edilib.
ABŞ və bəzi Avropa Birliyi (AB) ölkələrinin Suriyada İŞİD-ə qarşı mübarizə məqsədi ilə PYD qüvvələrinə göndərdiyi hərbi yardımın böyük hissəsi Türkiyədə terror aktı törədən PKK terrorçularına ötürülür.
PKK-ya göndərilən silahlar arasında Almaniyada istehsal olunan tank əleyhinə MİLAN raketləri də var. Bir müddət öncə rəsmi Berlin sözügedən raketlərin İŞİD-ə qarşı mübarizə üçün PYD qüvvələrinə göndərildiyini açıqlamışdı.
Ayrıca, terrorçuların əlindəki yüngül silahların əksəriyyəti Rusiya, köhnə Şərq Bloku ölkələri və Çin istehsalıdır. Terrorçuların invertarında Almaniya, İtaliya, İngiltərə, İspaniya və ABŞ istehsalı olan silahlar da var.
Təhlükəsizlik səbəbindən Türkiyə ordusu tərəfindən yerindəcə məhv edilən minaların böyük əksəriyyəti İtaliya mənşəlidir. Plastik partlayıcıların isə Portuqaliyada istehsal edildiyi məlum olub. İran-İraq müharibəsi dövründə hər iki tərəfin sərhədlərinə döşədiyi minalar da təşkilatın əhəmiyyətli partlayıcı maddə qaynağıdır.
PKK-nın son aylarda xeyli qumbaraatan aldığı bildirilir. Rəsmi sənədlərdə yer alan məlumatlara görə, SAM-7, "Strela”, "İqla” tipli yerdən-havaya atılan qumbaraatanlar Rusiya, Ermənistan, İraq və Suriyadan gətirilib.