Rusiya Türkiyənin antiterror əməliyyatlarının qarşısını ala bilər? - Qırıcılar və helikopterlərlə...

6-06-2022, 19:05           
Rusiya Türkiyənin antiterror əməliyyatlarının qarşısını ala bilər? - Qırıcılar və helikopterlərlə...
Son günlər Rusiya ordusu özünün Suriyanın şimalında, Türkiyə qüvvələrinin hücumu gözlənilən rayonda öz qüvvələrini gücləndirir. Məlumata görə, Rusiyanın Hərbi-Hava Qüvvələri Su-34 qırıcı təyyarələrini və K-52 helikopterlərini Latakiya şəhərinin yaxınlığındakı Xmeymim aviabazasından Suriyanın şimal-şərqindəki Əl-Qamışlı hava limanına göndərib. Hava limanı və Əl-Qamışlnın özü Suriya-Türkiyə sərhəddinin bilavasitə yaxınlığında yerləşir.

Putinin bu addımını necə qiymətləndirmək olar? Proseslər hansı formada irəliləyəcək? Teref.az-ın məlumatına görə, bununla bağlı Sfera.az-a açıqlama verən politoloq Məhəmməd Əsədullazadə bildirib ki, Türkiyənin Şimali Suriyada PKK/YPG terror təşkilatına qarşı hərbi əməliyyatlar keçirməsi ilk növbədə beynəlxalq hüquqa əsaslanır:

“Burada Türkiyənin təhlükəsizliyini təhdid edən terror faktı var. Qardaş ölkə cənub sərhədlərinin təhlükəsizliyini təmin etməklə burada Qərbin YPG-yə quracağı kürd dövlətinin qarşısını alır. Həmçinin Türkiyə ərazisində iki milyona yaxın suriyalının ərazilərdə məskunlaşması təmin ediləcək. Rusiyaya gəldikdə isə, o, müəyyən qədər Suriyadan öz qüvvələrini çəkmişdi. Görünür, Türkiyə ilə Rusiya arasında bu istiqamətdə fikir ayrılıqları var”.

Müsahibimiz deyib ki, Rusiyanın konkret olaraq Türkiyədən bir sıra istəklərindən söz açmaq olar:

“Xüsusilə Ukrayna böhranı, eyni zamanda Finlandiya-İsveç məsələsində gözləntiləri var. Amma düşünürəm ki, Rusiya Türkiyənin hərbi əməliyyatlarına mane ola bilməyəcək. “Fərat Qalxanı”, “Zeytun budağı” əməliyyatlarının davamı baş tutacaq. İndiki situasiyada sadəcə olaraq Rusiya müəyyən dərəcədə təzyiq göstərir ki, Türkiyə Finlandiya və İsveçin NATO-ya üzvlüyünə veto qoysun, o cümlədən Ukrayna mövzusunda onların mövqelərini dəstəkləsin. Məsələ bundan ibarətdir”.

Xatırladaq ki, iyun ayının 1-də Rəcəb Tayyib Ərdoğan bəyan edib ki, Türkiyə Suriyanın şimalında yeni "antiterror əməliyyatı"na başlayır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.