3 may Türkçülük Günü... rəsmiləşsinmi?

3-05-2016, 09:30           

Fərəc Quliyev: “Bu məsələyə ciddi yanaşmağımız Azərbaycana yalnız divident gətirər”; Sabir Rüstəmxanlı: “Bu günün qeyd olunmasının tərəfdarıyam”
(1277-ci ildə 3 mayda Karamanoğlu Mehmet bəy bir fərman imzaladı:Bu fərmana göre, Hər yerdə ancaq Türk dilindən yararlanılacaq!!
1954-cü ildə Nihal Atsız bu tarixi və bu fərmanı əlində ə\sas götürərək 3 mayı bayram elan etmişdir.NUrəddin Xoca!)
Bu gün 3 may Türkçülük Günüdür. Dünya türklərinin hər il qeyd etdiyi bu günün tarixi 1942-ci ildən başlayır. Həmin dövrdə qardaş ölkədə dövlət məmurları arasında kommunistlərin sayı kifayət qədər çox idi. Bu silsiləyə yalnız baş nazir Şükrü Saracoğlu aid deyildi.

1945-ci ilin 29 martınadək davam edən məhkəmə prosesində Türkiyə siyasətinin 23 önəmli şəxsi haqqında “vətənə xəyanət” maddəsi ilə həbs
qərarı çıxarılır. Zeki Velidi Togan, Alparslan Türkeş, Nihal Atsız, Reha Oğuz Türkkan, Cihat Savaş Fer, Nurullah Barıman, Fethi Tevetoğlu, Nejdet Sançar, Cebbar Şenel və Cemal Oğuz Öcal kimi milli düşüncəli insanlar həbsxanalarda ağır işgəncələr görürlər. Onlar vəkillərinin müraciətləri əsasında iki il sonra bəraət alırlar.

1954-cü ildən etibarən bu gün Nihal Atsızın təşəbbüsü ilə Türkçülük Günü kimi qeyd olunmağa başlayıb. Alparslan Türkeş Milliyyətçi Hərəkat Partiyasını qurandan bu günə qədər 3 may daha geniş şəkildə keçirilir.

Bu gün ölkəmizdə də kifayət qədər populyardır. Xüsusilə türkçülük ideyaları qatı millətçi olan sabiq prezident Əbülfəz Elçibəyin sayəsində cəmiyyətimiz arasında geniş yayılıb. 1992-ci ilin 3 mayında Bakıya səfərə gələn türk nümayəndə heyətinin tərkibində olan Türkeş bir milyon insanın qarşısında Elçibəylə bərabər çıxış edərkən, toplantıya qatılanları Bozqurd işarəti ilə salamlayıb.

Bu günün önəmi nə qədər yüksək olsa da, hazırda ölkəmizdə geniş şəkildə qeyd olunmur. Nə iqtidar, nə də müxalif düşərgə 3 maya maraq göstərmir. Sanki bu günün qeyd olunması ilə bağlı tərəddüdlər var. Səbəbi isə müəmmalıdır.

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, deputat Fərəc Quliyev iqtidar və müxalifət düşərgəsinin Türkçülük Gününə olan biganə münasibətinin doğru olmadığını söylədi: “Bir millət olaraq biz bu günü qeyd etməyi bacarmalıyıq. Dünyada böyük imperiya yaradan türklər hara getdilərsə, oranın etnoslarının dinlərinə, adət-ənənələrinə hörmətlə yanaşdılar. Azərbaycanda azərbaycançılıq ideologiyasına söykənən xətt əsas götürülür. Bunun kökündə də türkçülük dayanır. Millətçiliyimiz heç zaman etnik olmayıb. Bayrağımızda da türkçülük özünü açıq şəkildə büruzə verir. Nədənsə ölkəmizdə başqa etnoslar milli kimliklərini daha çox qeyd edirlər. Bizə gəldikdə isə hər kəs qısqanclıqla yanaşır. Beynəlxalq səviyyədə də bu məsələyə ciddi yanaşmağımız Azərbaycana yalnız divident gətirər. Türk dövlətlərinin son Qarabağ savaşındakı mövqelərini götürsək, onların reaksiyalarının necə olduğunun şahidi olarıq. Reaksiyaların hamısı milli kimliyimizdən qaynaqlanırdı. Avropada hamı bloklaşır. Hətta ”Avropa Evi" belə düzəldiblər. Onlar müxtəlif dinlər, etnoslardır. Bir etnosa sahib olan bizlər niyə belə bir ev qurmayaq? Biz bu günü qeyd etsək, dünyanın müxtəlif yerlərindən olan türklər də ölkəmizə gələr. Razıyam ki, bu məsələyə iqtidar və müxalifət tərəfdən adekvat münasibət yoxdur. Bu, sizli-bizli hamımızı təəssüfləndirir".

Deputat Azərbaycanda bu günün qeyd olunması ilə bağlı olan tərəddüdlərə də toxundu: “Düşünürlər ki, bu günlə bağlı tədbir keçirsək, başqa dostlara, dövlətlərə toxunar. Düşünmürlər ki, ölkəmizdəki etnosların qorunması türkün qüdrətinə bağlıdır. Tarixən türk dünyasına hücum edənlər türklər zəif olanda təkcə onları yox, etnosları da əziblər. Amma türk güclü olduqda, bizimlə bərabər başqa etnoslar da çiyin-çiyinə dayanıblar. Öz kimliyini gizləmək ki, başqası qısqanar, bu doğru deyil. Millətini insan doğulanda seçmir. Başqalarının hörmətini qorumaqdansa, öz millətini başda tutmaq daha doğrudur. Kiməsə xoş gəlmək normal deyil. Türk olduğumuzu qabartmalıyıq. Siyasi hədəflərə görə bu məsələdən yan keçənlər də yanılırlar. Bu məsələyə nə qədər haqq qazandırmağa çalışsalar da, haqq vermirəm”.

Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı Türkçülük Gününü hər il qeyd etdiklərini bildirdi: “O bayramı uzun illərdir qeyd edirik. Bu il də Dünya Azərbaycanlıları Konqresi və Turan Gənclər Birliyi bu günü keçirəcək. Bu bayram rəsmləşdirilməyib. Nə Türkiyədə, nə də Azərbaycanda. Ona görə kimdənsə bunu tələb etmək doğru deyil. Amma biz böyük yerlərdə coşqu ilə 3 mayı indiyə qədər qeyd etmişik. Dünyanın müxtəlif yerlərindən də qonaqlarımız olub. Alparslan Türkeş, Nihal Atsızın adı ilə bağlı olan, 1994-cü ildən bəri təxminən geniş şəkildə qeyd olunan, türk tarixi ilə bağlı olan bu günün qeyd olunmasının tərəfdarıyam”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.