Soçi görüşü Ərdoğanın “əlinə oynadı”: - Ölkə böhrandan xilas olacaq?

8-08-2022, 18:20           
Soçi görüşü Ərdoğanın “əlinə oynadı”: -
Rusiya tarixin ən çox sanksiya ilə üzləşən ölkəsi olmasına baxmayaraq, milli valyutasının dəyəri yüksəlir.

Təbii ki, bu da öz növbəsində diqqət çəkir. Bu qədər sanksiyaya və məhdudiyyətlərə rəğmən, Rusiya milli valyutasının möhkəmlənməsi müzakirə mövzusuna çevrilib. Buna təsir edən ən böyük amilin məhz qaz faktoru olduğu deyilir. Hazırda Avropanın rus qazından asılı olduğunu görən Vladimir Putin qazın satışını rublla həyata keçirməyə dair qərar verib. Bu qərar başda bir çox etirazla qarşılansa da, Avropa ölkələri sonradan bununla razılaşmalı olub.

Bütün bunların fonunda Türkiyə ilə Rusiyanın yaxınlaşması da diqqət mərkəzindədir. Avqustun 5-də Soçidə Rusiya Prezideti Vladimir Putin və Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan arasında ikitərəfli münasibətlərin gündəliyi ilə bağlı təxminən 4 saatlıq görüş keçirilib. Görüşün nəticəsində qərara alınıb ki, Rusiya və Türkiyə qismən rus qazının tədarükünün rublla ödənilməsinə keçəcək.

Ekspertlər hesab edirlər ki, Rusiya və Türkiyə arasında ödənişlərin milli valyutalarla olunmasına dair qərarı lirənin də rubl kimi yüksəlməsinə səbəb ola bilər.

Ümumiyyətlə, Rusiya ilə ticarətdə lirədən istifadə olunması Türkiyə iqtisadiyyatına necə təsir göstərəcək? Dia.az-ın məlumatına görə, bununla bağlı Cebhe.info-ya açıqlama verən iqtisadçı-ekspert Razi Abbasəyli bildirib ki, əslində rublun dəyər qazanması ilə bağlı verilən açıqlamalar görüntü xarakterlidir:

“Rublun hər hansısa nominal dəyər qazanmasından söhbət getmir. Rubl dünya bazarında deyil, sadəcə Moskva birjalarında dəyər qazanır. Eyni zamanda, Rusiyanın kiçik ticarət dövriyyəsi olan ölkələrdə rublun dəyəri artır. Yəni bunlar rublun qiymətinin yüksəlməsi kimi təqdim olunur. Lakin dünya bazarında rublun real qiyməti çox aşağı səviyyədədir. Verilən informasiyalar birtərəflidir və yalnız Rusiyanın daxilinə hesablanıb”.

Ekspertin fikrincə, ümumiyyətlə, rublun dəyər qazanmasının rus qazının Avropada maneəsiz satışı ilə heç bir əlaqəsi yoxdur:

“Çünki bağlanmış müqavilələr mövcud cari dövrü əhatə etmir. Artıq başda Almaniya olmaqda, bir çox Avropa Birliyi ölkəsi illik qaz ehtiyatlarının çox böyük hissəsinin depolandığını açıqlayıb. Artıq Avropa Azərbaycan və digər ölkələrdən qaz tələbatını formalaşdırmağa başlayıb. Hazırda Rusiyanın neft və qaz anbarları dolduğu üçün icarəyə yeni neft və qaz anbarları götürmək istəyir. Bu isə o deməkdir ki, Rusiya öz nefti və qazını satmaq üçün əlverişli bir bazar tapa bilmir. Yalnız Çin və bir neçə ölkə ucuz qiymətə Rusiyadan qaz idxal edir”.

Ekspert qeyd edib ki, hazırda Rusiya ilə Türkiyə arasındakı illik ticarət dövriyyəsi 35 milard dollardır:

“Bunun 2024-cü ilə qədər 100 milyard dollara çatacağının hədəfləndiyinə dair açıqlamalar verilir. Əlbəttə ki, bunlar çox böyük olmayan rəqəmlərdir. Çünki Rusiya kimi böyük bir potensialı olan dövlətin Türkiyə ilə 100 milyard dollarlıq ticarət dövriyyəsi o qədər də əlverişli şərait yaratmır. Bu baxınmdan da Rusiya və Türkiyə arasındakı son anlaşmalar nə rublun, nə də lirənin dəyər qazanmasına səbəb olacaq. Xarici valyutalarla müqayisədə rublun dəyər qazanmasını gözləmək hələ tezdir. Amma bu anlaşmaların Türkiyə iqtisadiyyatına müsbət təsir göstərəcəyini deyə bilərik. Çünki Türkiyə Rusiyadan fərqli olaraq öz milli valyutası ilə dünya bazarlarına çıxış əldə bilir. Türkiyə Rusiya ilə ticarət əlaqələrini genişləndirsə, bunun nəticəsində qardaş ölkənin sənayesində çox ciddi irəliləyişlər müşahidə olunacaq. Türkiyə qapalı və sanksiyalar altında olan Rusiyadan münbit xammal bazası kimi istifadə etməklə heç bir maneə olmadan dünya bazarlarına çıxa bilər. Əlbəttə ki, ixracatı və dünya bazarlarına çıxış imkanları genişlənən Türkiyənin milli valyutasının da ciddi şəkildə dəyər qazanması gözləniləndir”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.