Türkiyədə prezident və parlament seçkiləri: Kimlər və hansı partiyalar?

13-03-2023, 08:44           
Türkiyədə prezident və parlament seçkiləri: Kimlər və hansı partiyalar?
Mayın 14-ü Türkiyədə parlament və prezident seçkiləri keçiriləcək.

Partiyalar 600 nəfərlik parlamentə – Türkiyə Böyük Millət Məclisinə düşmək üçün təkbaşına və ya ittifaq daxilində ölkə üzrə etibarlı səslərin azı 7 faizini qazanmalıdır.

Millət vəkilliyinə müstəqil namizədlik də mümkündür.

Ali Seçki Qurumu parlament seçkisinə 36 partiyanı buraxıb: Ana Vətən Partiyası, Böyük Birlik Partiyası, Böyük Türkiyə Partiyası, Cümhuriyyət Xalq Partiyası, Demokrat Partiyası, Demokratik Sol Partiya, Demokratiya və Sıçrayış Partiyası, Ədalət Partiyası, Ədalət-Birlik Partiyası, Ədalət və İnkişaf Partiyası, Əmək Partiyası, Gələcək Partiyası, Gənc Partiya, Güc Birliyi Partiyası, Hür Dava Partiyası, Haqq və Azadlıqlar Partiyası, Xalqın Qurtuluş Partiyası, Xalqların Demokratik Partiyası, Məmləkət Partiyası, Millət Partiyası, Milli Yol Partiyası, Milliyyətçi Hərəkat Partiyası, Müstəqil Türkiyə Partiyası, Səadət Partiyası, Sol Partiya, Türkiyə Fəhlə Partiyası, Türkiyə İslahat Partiyası, Türkiyə Kommunist Hərəkatı, Türkiyə Kommunist Partiyası, Vətən Partiyası, Yaxşı Partiya, Yaşıllar və Sol Gələcək Partiyası, Yeni Türkiyə Partiyası, Yenidən Rifah Partiyası, Yenilik Partiyası, Zəfər Partiyası.

İlk turda prezident seçilmək üçün sadə səs çoxluğu – etibarlı səslərin 50 faizindən çoxunu almaq tələb olunur, əks halda ən çox səs yığmış iki namizəd ikinci tura çıxır.

Xalq ittifaqında birləşən Ədalət və İnkişaf Partiyası ilə Milliyyətçi Hərəkat Partiyası prezidentliyə Rəcəb Teyyub Ərdoğanı namizəd göstərib. Böyük Birlik və Hür Dava partiyaları da dövlət başçısına dəstək verir.

1954-cü il təvəllüdlü Rəcəb Teyyub Ərdoğan Ədalət və İnkişaf Partiyasının lideridir. 2003-cü ildən baş nazir olub, 2014-cü ildə prezident seçilib. 2017-ci ildə Türkiyədə prezident idarə üsuluna keçidi nəzərdə tutan konstitusiya referendumu olub, 2018-ci ildə Rəcəb Teyyub Ərdoğan yenidən prezident postuna mandat alaraq həm də hökumət başçısı səlahiyyətlərinə yiyələnib.

Cümhuriyyət Xalq Partiyası, Demokrat Partiyası, Demokratiya və Sıçrayış Partiyası, Gələcək Partiyası, Səadət Partiyası və Yaxşı Partiyanı birləşdirən Millət ittifaqının prezidentliyə namizədi Kamal Kılıçdaroğludur. 1948-ci il təvəllüdlü Kamal Kılıçdaroğlu Cümhuriyyət Xalq Partiyasının sədri, parlamentin üzvüdür.

Ata ittifaqında birləşən Ədalət Partiyası, Ölkəm Partiyası, Türkiyə İttifaqı Partiyası və Zəfər Partiyası prezidentliyə 1967-ci il təvəllüdlü Sinan Oğanı namizəd göstərib.

Məmləkət Partiyası prezident seçkisinə lideri Məhərrəm İncənin namizədliyi ilə gedir. Məhərrəm İncə 1964-cü ildə doğulub.
pressklub












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.