Türkmənistanda prezidentə şikayətə gələn qadınları həbs ediblər

16-03-2023, 11:13           
Türkmənistanda prezidentə şikayətə gələn qadınları həbs ediblər
Türkmənistanda müstəqillik dövründə böyük etiraz nümunələrinə rast gəlinməyib. Hakimiyyət həmişə ən kiçik aksiyaları belə, amansızlıqla yatırıb. Hətta şikayətlənmək də əhaliyə baha başa gələ bilər.

Türkmənistanda prezidentə şikayətə gələn qadınları həbs ediblər. Sərdar Berdıməhəmmədovla görüşmək istəyənlərin aqibəti yaxşı olamyıb. Bölgələrdən gəlmiş 30 qadın saxlanılıb.

Onlar prezident sarayının qarşısında toplaşıblar. Qadınlar dövlət başçısı ilə görüşmək istədiklərini deyiblər. Məmurlar əhalini çox incidir. Problemlər illərlə həllini tapmır. Berdıməhhəmədova yazılan məktublar isə ünvana çatmır.

Ümumiyyətlə, Türkmənistanda prezident sarayına yaxınlaşmaq qeyri-adi hadisə sayılır. Hətta prezidentin mühafizəçiləri bu addıma təəccübləniblər. Qadınlara bildirilib ki, Sərdar Berdıməhəmmədov indi məşğuldur, onları baş prokuror qəbul edəcək. Bölgə camaatı gözləməyə razılaşıb. Az sonra avtobus gəlib, amma Baş Prokurorluğun əvəzinə qadınları Aşqabadın Kopetdağ rayonunun polis bölməsinə gətiriblər. Qadınları gecə saatlarına qədər yeməksiz, susuz saxlayıb, ifadələri lentə alıb izahat yazmağa məcbur ediblər.

Şikayətə gələnlərə az qala terrorçu kimi yanaşıblar. Qadınlar kobud, sərt davranışa çox təəccübləniblər. Onlar düşünürmüş ki, paytaxtda anlayışla qarşılanacaqlar. Tecendən olan etirazçılardan biri prezidentə polisin onun qızının zorlanması ilə bağlı üç ildir iş açmadığını bildirmək istəyirmiş. Təqsirkar məlumdur, lakin qurbanın ailəsi onun cəzalanmasına nail ola bilmir. Prokurorluq şikayətlərə cavab vermir. Türkmənistanda belə hallara az rast gəlinmir. 2021-ci ildə alternativ media təcavüzə məruz qalan, cinayətkarın beş il azadlıqda gəzməsindən sonra intihar edən qız haqqında yazmışdı.

Başqa bir şikayətçi prezidentə Marıdakı evinin qarət olunduğunu demək istəyib. Şübhəli şəxs də məlumdur, lakin hüquq-mühafizə orqanları onu cəzalandırmağa tələsmir. Balkanabaddan olan əlil qız da Sərdar Berdıməhəmmədova şikayət etmək istəyib. Dövlətin verdiyi mənzilini əlindən almaq üçün onu artıq bir neçə dəfə döyüblər. “Altın Asır” mobil rabitə şirkətinin yerli filialının əməkdaşı binaya iddia edir. O, əvvəllər bu mənzildə yaşayıb. Sonra onu evdən çıxarıb mənzili əlil qıza veriblər. Bu qərar dörd dəfə məhkəmələrdə təsdiqlənib. Kişi bununla razılaşmır, özü və işçiləri mütəmadi olaraq əlil arabasında hərəkət edən qızı döyərək küçəyə atırlar.

Qadınlar məhz 8 mart Beynəlxalq Qadınlar Günündə prezidentin onlarla görüşəcəyinə ümid edirmiş. Əvəzində onları əvvəlcə həbs ediblər, sonra isə paytaxtdan uzaqlaşdırıblar.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.