Qazaxıstanda terror aktları planlaşdıran radikal qrup zərərsizləşdirilib

29-08-2023, 10:48           
Qazaxıstanda terror aktları planlaşdıran radikal qrup zərərsizləşdirilib
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Milli Təhlükəsizlik Komitəsinin (MTK) sədri Yermek Sagimbayevi qəbul edib.

Teref.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Qazaxıstan Prezidentinin mətbuat xidmətindən məlumat verilib.

Tokayevə MTK-nin 2023-cü ilin üçüncü rübünün əvvəlindən fəaliyyətinin əsas yekunları və tapşırıqlarının icrası, eləcə də qarşıdakı dövr üçün planlar barədə məlumat verilib.

Eyni zamanda, Tokayevə Qazaxıstan ərazisində terror aktları törətməyi planlaşdıran radikal qruplaşmanın zərərsizləşdirilməsi barədə məlumat verilib.

"Terrorçuluq cinayətləri üzrə 7 ibtidai istintaq başlanıb, 3 ekstremist həbs edilib. Yermek Sagimbayevin sözlərinə görə, Milli Təhlükəsizlik Komitəsinin Antiterror Mərkəzinin qərargahı tərəfindən terrorizmə qarşı mübarizə tədbirlərinin təkmilləşdirilməsi məqsədilə 103 təlim keçirilib.

Qazaxıstan prezidentinə kriminogen vəziyyətin yaxşılaşdırılması istiqamətində görülən işlərin nəticələri barədə də məlumat verilib. O cümlədən, 5 təhlükəli cinayətkar qrupun fəaliyyətinin qarşısı alınıb. Polislə birgə 2 qanunsuz silah dövriyyəsi kanalı aradan qaldırılıb, 12 anbar aşkar edilib. Ümumilikdə 59 silah, 3 qumbara və 3339 döyüş sursatı ələ keçirilib.

Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə çərçivəsində 7 laboratoriyanın, 8 beynəlxalq və regional narkotik vasitələrin qanunsuz dövriyyəsi kanalının fəaliyyəti dayandırılıb. 660 kq-dan çox narkotik vasitə və 17 tondan çox prekursor müsadirə edilib.

Bundan başqa, dövlət sərhədinin mühafizəsi və qeyri-qanuni miqrasiyaya qarşı mübarizə sahəsində 4257 qanun pozucusu saxlanılıb. 3,8 milyard tengedən artıq valyuta və malların qanunsuz dövriyyəsinin qarşısı alınıb. Həmçinin 120 silah, sursat və narkotik vasitələrin daşınması cəhdinin qarşısı alınıb.

İnformasiya təhlükəsizliyinin təmin edilməsi zamanı ölkənin mühüm infrastrukturuna 36 milyondan çox kiberhücum və 866 DDoS hücumu dəf edilib", - deyə mətbuat xidmətinin məlumatında bildirilir.

Qeyd edilir ki, görüşün yekununda Tokayev milli təhlükəsizlik orqanlarının fəaliyyət istiqamətləri üzrə bir sıra konkret tapşırıqlar verib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.