Türkiyədə antiterror əməliyyatı çərçivəsində 255 nəfər saxlanılıb. Əməliyyat 21 əyalətdə həyata keçirilib.
Saxlanılanların hamısı İŞİD və FETÖ ilə əlaqədə şübhəli bilinir.
Məlumata əsasən son 2 ayda Türkiyənin müxtəlif vilayətlərində antiterror əməliyyatları mərhələli şəkildə həyata keçirilir. Onların başlamasına səbəb oktyabrın 1-də Ankarada Daxili İşlər Nazirliyinin qarşısında törədilmiş terror aktı olub. Əməliyyat çərçivəsində İŞİD, FETÖ və kürd hərbi-siyasi təşkilatı PKK (Ankaradakı terror aktına görə məsuliyyəti öz üzərinə götürmüş) ilə əlaqədə şübhəli bilinən 1000-dən çox adam saxlanılıb.
Xatırladaq ki, 2016-cı il iyulun 15-də Türkiyədə dövlət çevrilişi cəhdini təşkil edən Fətullah Gülənin rəhbərlik etdiyi FETÖ hərəkatı Körfəz ölkələri, Pakistan və Türkiyənin özündə terror təşkilatı kimi tanınır.