Təbriz millət vəkili Məsud Pezeşkiyanın parlament seçkilərində namizədliyi qeydə alınıb, Əlirza Beygi diskvalifikasiya edilib

8-01-2024, 09:07           
Təbriz millət vəkili Məsud Pezeşkiyanın parlament seçkilərində namizədliyi qeydə alınıb, Əlirza Beygi diskvalifikasiya edilib
İranda martın 1-də keçiriləcək parlament seçiklərində namizədliyini irəli sürmüş hazırkı millət vəkillərindən bir çoxu keçən noyabr ayında Seçkilər İcra Heyəti tərəfindən diskvalifikasiya edilmişdi.

Yarı-rəsmi İSNA agentliyi noyabr ayında diskvalifikasiya edilən bəzi namizədlər, o cümlədən Təbriz vəkili Məsud Pezeşkiyanının namizədliyinin Seçkilərə Nəzarət Heyəti tərəfindən qeydə alındığını bildirib. Təbrizin digər tanınmış millət vəkili Əhməd Əlirza Beygini nəzarət heyəti diskvalifikasiya edib.

İSNA-nın Konstitusiyanı Qoruma Şurasının sözçüsünə istinadən yaydığı məlumata görə, Əlirza Beygidən əlavə 25 digər vəkilin növbəti seçkilərə namizədliyi rədd edilib. Qərbi Azərbaycan vilayətində Qoşaçay millət vəkili Mehdi İsazadə və Mahabad vəkili Cəlal Mahmudzadə, Şərqi Azərbaycanda Məlikkənd vəkili Seyyid Əli Musəvi, Ərdəbildə Seyyid Kazım Musəvi, Gilan vilayətində isə Ənzəli vəkili Əhməd Dünyamalının adı diskvalifikasiya edilən hazırkı vəkillərin siyahısında görünür.

Seçkilərdə namizədliyi rədd edilən hazırkı vəkillərdən bəziləri keçən illərdə İslam Respublikasının bəzi siyasətləri, o cümlədən məcburi hicab siyasəti və 2022-ci ildə yaşanan hökümət əleyhinə geniş etirazlara qatılanlara qarşı tətbiq edilən zorakılığı tənqid ediblər.
Təbriz millət vəkili və Şərqi Azərbaycan vilayətinin sabiq valisi Əhməd Əlirza Beygi daxili siyasətlə bağlı tənqidlərindən əlavə İran İslam Respublikasının xarici siyasəti, o cümlədən İran rəsmilərinin Türkiyə və Azərbaycan Respublikasına qarşı açıqlamalarına dəfələrlə etiraz bildirib. Əlirzabeygi həmçinin 75 millət vəkilinin Sənaye, Mədən və Ticarət Nazirindən rüşvət aldığını irəli sürdüyü üçün mühakimə olunub.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.