Xəritə Rusiyaya göndərildi: “Yeni dövlət” qurulur – Türkiyə hərəkətə keçdi

29-05-2024, 15:56           
Xəritə Rusiyaya göndərildi: “Yeni dövlət” qurulur – Türkiyə hərəkətə keçdi
ABŞ-nin silahlandırdığı PKK terror təşkilatı Suriyanın şimalında terror dövləti yaratmağa çalışır. Təşkilatın Suriya qolu olan SDQ Qərbin köməyi ilə Fəratın şərqində “seçkilər” adı altında muxtariyyət planları qurur. Mayın 30-da keçiriləcəyi elan edilən “seçkilər” iyunun 11-nə təxirə salınıb.

Teleqraf.com xəbər verir ki, bu barədə “Türkiyə” qəzeti yazır.

Nəşr bildirir ki, terror xəritəsi Fəratın qərbindəki Mənbiçdən başlayır, Afrin və Təl-Rıfatı əhatə edir: “Raqqa-Təbqa və Deyr əz-Zorun şimalından Həsəkə-Qamışlı-Ayn İsa-Kobani-Çələbiyyə marşrutu boyunca uzanan terror xəritəsi Serablusun sərhədində sona çatır. İkimərhələli plana görə, ikinci addım Təlabanilərin Şimali İraq Kürd Muxtariyyətindən ayrılması və mərkəzi Süleymaniyyə olan federasiya dövlətinin elan edilməsi olacaq”.

Qəzet qeyd edir ki, “seçkilər”dən sonra bəzi Qərb və region dövlətləri bölgədə simvolik nümayəndəliklər açacaq və bu süni dövlətin qismən tanınması mərhələsi başlayacaq: “İsveçrədə terrorizmin xarici əlaqələr şəbəkəsi üçün mərkəz yaradılıb. Qərblə bütün əlaqələr bu mərkəz vasitəsilə həyata keçiriləcək. Mənbələr deyirlər ki, terror dövləti həmsədrlik sistemi ilə idarə olunacaq”.

“Türkiyə” vurğulayır ki, bütün nəzarət Qəndilin (PKK-nın mərkəzi) əlində olacaq:

“Terrorustan”ın mərkəzi olan Qəndil bütün bu prosesi və fiqurları müəyyən edən əsas mərkəz olmağa davam edəcək. Terror təşkilatı rəhbərliyi təşəbbüsü kölgə parlament və məhkəmələrlə birlikdə həyata keçirəcək. Amma Türkiyə Silahlı Qüvvələrinin bölgədə intensivləşdirdiyi son hərbi əməliyyatlar səbəbindən sözügedən proses təxirə salınıb. İndiyədək plan çərçivəsində açıqlanan bütün seçkilər Türkiyə Silahlı Qüvvələrinin əməliyyatları nəticəsində pozulub.

12 Qərb ölkəsi “seçkilər”lə bağlı PKK-ya hərtərəfli dəstək verir. Qərbin dəstəyini alan PKK Rusiyanın da dəstəyinə böyük əhəmiyyət verir və bunun üçün Moskva ilə isti təmas yolları axtarır. Bu məqsədlə Qamışlıdan bir nümayəndə heyətinin ruslarla görüşmək üçün Xmeymim (Suriya) bazasına getdiyi məlum olub.

Etibarlı mənbələrdən alınan məlumata görə, eyni mərkəzdə Rusiya və Əsəd rejimi ilə görüşün keçirilməsi nəzərdə tutulur. Terrorçuların qərblilərin ortaya atdığı xəritəni Rusiya və Əsəd rejiminin təsdiq etməsinə çalışdıqları bildirilir”.

Türk nəşri PKK ilə Əsəd arasında bağlı qapılar arxasında qurulan ittifaq və sövdələşmənin davam etdiyi barədə də yazıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.