İran Azərbaycanında Aedes ağcaqanadlarına rast gəlinib

23-07-2024, 11:08           
İran Azərbaycanında Aedes ağcaqanadlarına rast gəlinib
Şərqi Azərbaycan vilayətində Dang qızdırması yoluxduran Aedes ağcaqanadları müşahidə edilib.

İran xəbər agentlikləri Təbriz Tibb Elmləri Universitetinin rektoru Bəhmən Nağıpura istinadən xəbər verir ki, Aedes ağcaqanadları İran və Azərbaycan Respublikası sərhədi yaxınlığındakı Xudafərin şəhərində müşahidə edilib. Lakin indiyədək həmin vilayətdə Dang qızdırması halının qeydə alınmadığı bildirilir.

Səhiyyə Nazirliyinin verdiyi məlumata görə, Hörmüzqan, Fars, Xuzistan, Buşehr, Tehran, Rəzəvi Xorasan, Sistan və Bəlucistan, İsfahan və Gilan vilayətlərində Dang qızdırması halları aşkarlanıb. Qum və Qəzvin vilayətlərində də Dang qızdırması xəstəliyi qeydə alınıb.

Dang qızdırmasının insandan insana keçə bilmədiyi və onun insanlara yalnız Aedes həşəratının dişləməsi nəticəsində keçdiyi deyilir.

İran mediası Səhiyyə Nazirliyinin rəsmilərinə istinadən bildirir ki, indiyədək ölkədə 151 Dang qızdırması qeydə alınıb və bir nəfər isə bu xəstəlikdən həyatını itirib. Ölən şəxsin 80-dən çox yaşı olduğu və bu xəstəliyə Birləşmiş Ərəb Əmirliklərində yoluxduğu bildirilir.

Rəsmi İRNA xəbər agentliyi bu həşəratın İranın 40 şəhərində müşahidə edildiyi barədə məlumat yayıb. Şəhərlərin adı açıqlanmayıb, lakin “İranın cənub-şərqindəki Sistan və Bəlucistan vilayətinin Çabahar şəhəri dang qızdırması daşıyan ağcaqanadların baxımından ölkənin birinci şəhəri olduğu açıqlanıb. Həmçinin, iki gün əvvəl Azərbaycan Respublikası ilə sərhəd şəhər olan Ərdəbil vilayətinin Biləsuvar şəhərində Aedes ağcaqanadları aşkarlanıb.

Dang qızdırması tropik və subtropik bölgələrdə yayılmış virus mənşəli bir xəstəlikdir və Aedes ağcaqanadlarının dişləməsi ilə insanlara keçir. Xəstəliyin əsas simptomları arasında yüksək hərarət, baş ağrısı, əzələ və oynaqlarda ağrı, səpki və qanaxma halları var.

Müalicə üçün xüsusi bir dərman olmadığı üçün ən yaxşı qorunma üsulu ağcaqanad dişləmələrindən qorunmaq və onların yaşadığı ərazilərdə müvafiq tədbirlər görməkdir. İnsanlar ağcaqanadların dişləməsindən qorunmaq üçün insektisidlər və spreylerdən istifadə edə, yataq və pəncərələrə ağcaqanad torları çəkə, dəriyə və geyimlərə repellentlər tətbiq edə bilərlər.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.