Urmiyə qeydiyyat şöbəsi bir uşağa Alpaslan adlı ilə şəxsiyyət vəsiqəsi verməyi rədd edir

Dünən, 17:58           
Urmiyə qeydiyyat şöbəsi bir uşağa Alpaslan adlı ilə şəxsiyyət vəsiqəsi verməyi rədd edir
İranın vətəndaşlıq qeydiyyatı idarəsi Urmiyədə Babapur ailəsinin təqribən 75 gün əvvəl dünyaya gələn körpəsinə AlpAslan adı ilə şəxsiyyət vəsiqəsi verməkdən imtina edir.

Bu barədə Dan dərgisi adlı Instagram hesabı uşağın atası Salar Babapurun səs faylını paylaşıb.

Babapurun dediyini görə, qeydiyyat şöbəsi övladlarına doğmadan öncə seçdikləri türk adı ilə şəxsiyyət vəsiqəsi verməkdən imtina edib. O, deyib ki, şöbə AlpAslan adının İranın vətəndaşlıq qeydiyyatı internet portalının adlar siyahısında olmadığına görə şəxsiyyət vəsiqəsi verməkdən imtina edib.

Uşağln atası qeydiyyat şöbəsinin qərarına etiraz bildirmək üçün məhkəməyə müraciət etdiyini bildirib.

İran Azərbaycanında bundan əvvəl AlpAslan adı ilə şəxsiyyət vəsiqəsi almaq üçün məhkəməyə müraciət edənlər olub. Keçən bir il ərzində ən az iki ailə həmin adla şəxsiyyət vəsiqəsini aylarla hüquqi mücadilədən sonra ala bilib.
İranın vətəndaşlıq qeydiyyatı idarəsinin praktikasına görə hər hansı bir vilayətdə şəxsiyyət vəsiqəsi verilmiş adlar idarənin adlar siyashısına əlavə olunur. Ancaq, türk dil haqları müdafiəçilərinin dediyinə görə, idarə məhkəmə yolu ilə qeydə alınmış türk adları siyahıya əlavə etməyərək ailələri uzun proseslər ilə yorub və seçdikləri türkcə adla şəxsiyyət vəsiqəsi almaqdan vaz keçirmək istəyir.

2001-ci ildə İranda nəşr edilən “Türkcə İnsan Adları” adlı sözlüyün müəllifi Fərhad Cavadi daha əvvəl Amerikanın Səsinə verdiyi müsahibədə deyib ki, “qeydiyyat şöbəsinin məmurlarına tapşırırlar bir cür edin ki, türk adı qoyulmasın. Elə bir şərait yaradırlar ki, adam neçə gün gedir, gəlir və sonra yorulub imtina edir. Deyir ki, nə ad olursa olsun.”
Salar Bababurun sözlərinə əsasən, övladına şəxsiyyət vəsiqəsi verilmədiyinə görə keçən 75 gün ərzində dövlətin səhiyyə və digər xidmətlərindən yararlana bilməyib və özəl sektordan xidmət almaq üçün yüksək məbləğlər ödəməli olublar.

Son illərdə İran Azərbaycanı və türklərin yaşadığı digər vilayətlərdə uşaqlarına türk adı seçən ailələrin sayının artdığı görünür. Ailələr övladlarına xüsusilə Türkiyədə populyar olan adları verməyə üstünlük verirlər.

İran Azərbaycanı və Tehranda aylar və hətta illərdir uşaqlarına seçdikləri türkcə ad ilə şəxsiyyət vəsiqəsi ala bilməyən ailələr səslərini sosial media vasitəsilə eşitdirməyə çalışır. Bundan əvvəl sosial mediada İran rəsmilərinin Alp Orhan, Sevgi, Yağış, Oğuz Kaan, Onur, Alparslan, Atakan, Ayıl, Hakan, Anar, Türkay, Tarkan və Volkan kimi adlara şəxsiyyət vəsiqəsi vermədiklərinə dair məlumat yayılıb. Bu adlardan bəziləri ailələrin dəfələrlə qeydiyyat idarələri və ya məhkəməyə müraciətləri nəticəsində qeydiyyatdan keçib.
Müxtəlif şəhərlərdə vətəndaşlıq qeydiyyatı idarələri ailələrin seçdiyi adların adətən İran və ya İslam mənşəli olmadığı, əcnəbi olduğu və ya siyahıda olmadığını önə çəkərək şəxsiyyət vəsiqəsi verməkdən imtina edirlər.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.