Türkiyə prokurorluğu Flora Kərimovanın plastik cərrahla bağlı şikayətini icraata götürdü - TƏFƏRRÜAT
Bu gün, 11:26
Türkiyənin Baş Prokurorluğu Xalq artisti Flora Kərimovanın iddiasını icraata götürüb.
Teleqraf.com xəbər verir ki, bu barədə tanınmış jurnalist Qənirə Ataşova özünün sosial media hesabında paylaşım edib.
Paylaşımda qeyd olunur: “Azərbaycanın canlı əfsanəsi Flora Kərimova ixtisasca nevroloq olan, lakin plastik cərrah sertifikatı almış Sevinc Heydərova ilə bağlı hüquqi mübarizəsini uzun müddətdir davam etdirir. Flora Kərimova həm bir sənətkar, həm də bir həkim olaraq, Sevinc Heydərovanın plastik cərrah sertifikatını necə əldə etdiyini araşdırmağa başlayanda, bu yol Türkiyəyə uzanır. Araşdırmalar zamanı məlum olur ki, Sevinc Heydərovaya Türkiyədə cərrahiyyə kursu keçdiyinə dair sənədlər professor Məhmət Bozkurt tərəfindən təqdim edilib. Məhz bu sənədlər əsasında Sevinc Heydərovanın Azərbaycan Səhiyyə Nazirliyini aldadaraq, sertifikat aldığı iddia olunur. Flora Kərimova bu saxtakarlığı üzə çıxarmaq üçün Türkiyədə vəkil tutaraq hüquqi mübarizəyə başlayır. Artıq Türkiyə məhkəməsi Flora Kərimovanın iddiasını qəbul edib. Türkiyə hüquq sistemi ədaləti ilə tanınır və orada şəxsi əlaqələr və tanışlıqlar hüquqi proseslərə təsir etmir. Xatırlayırsınızsa, professor Məhmət Bozkurt mənə verdiyi açıqlamada sənədlərdəki imzanın ona aid olmadığını və imzanın Sevinc Heydərova tərəfindən saxtalaşdırıldığını bildirmişdi. Bu açıqlamadan sonra Sevinc xanım isə maraqlı bir bəyanat vermişdi. Guya mən Məhmət Bozkurtu qorxutmuşam. Vallah, Amerikadan Türkiyəyə əlimi uzadıb bir professoru qorxutmaq gücündə olduğumu bilsəydim, bəlkə Hollivudda filmlərə də çəkilərdim. Flora Kərimovanın vəkili Elcan Həsənli məsələnin araşdırılması üçün Türkiyədə olub. Onları dinləyək, çünki bu hekayə bitməyib".