“ABŞ Türkiyəni iki dəfə xəbrədar edibmiş” – Kəşfiyyat
4-01-2017, 19:09
İstanbulda 39 nəfərin ölümü ilə nəticələnən terror hücumundan bir neçə gün öncə ABŞ kəşfiyyatı Türkiyəyə iki dəfə kəşfiyyat məlumatı göndərib.
Axar.az “Xəbər 7”yə istinadən xəbər verir ki, bu barədə yüksək səviyyəli Ankara rəsmisi məlumat verib.
Onun sözlərinə görə, ABŞ xüsusi xidmət orqanlarının ilk xəbərdarlığı dekabrın 24-də olub:
“ABŞ xüsusi xidmət orqanları 24 və 31 dekabrda iki dəfə bizə məlumat ötürdü. Hər iki məxfi məlumatda İŞİD terrorçularının hücuma hazırlaşdığı qeyd olunmuşdu.
Dekabrın 24-də ilk məlumatı aldıqdan dərhal sonra təhlükəsizlik tədbirlərini gücləndirdik. Bütün əməkdaşlarımız həssas nöqtələrə yerləşdirildi. Həmin gecə problem olmadı.
Lakin 7 gün sonra ABŞ-dan ikinci məlumatı aldıq.
Bu məxfi məlumat daha detallı idi. Ankara və İstanbulda 3 ayrı nöqtədə terror hücumu ola biləcəyi deyilirdi. Hətta bu hücumlardan birinin məşhur bir səmtdə snayper tərəfindən reallaşacağı təxmin edilirdi. Ancaq ABŞ-ın göndərdiyi məlumatda Ortaköy yox idi...”.
Bu arada İstanbul teraktını törədən İŞİD üzvünün 2014-2015-ci illərdə bir neçə dəfə Türkiyədən qeyri-qanuni yolla Suriyaya keçdiyi məlum olub. O burada silah və bomba təlimi alıb, silahlı qarşıdurmalarda iştirak edib.