Türklər və yunanlar Kipri birləşdirməyə yaxınlaşıblar
12-01-2017, 19:53
"The Guardian" yazır ki, Kiprin yunan və türk icmalarının liderləri Cenevrədə keçirilən danışıqların üçüncü günündə ərazilərin yenidən paylaşdırılmasının müzakirəsinə keçiblər.
Bu məsələ təhlilçilər tərəfindən adanın yenidən birləşməsi yolunda həlledici məqam sayılır. İki lider - Nicos Anastasiades və Mustafa Akıncı iki dövlətdən ibarət federasiyasının yaradılmasında ən mühüm mərhələ olacaq torpaq dəyiş-düyüşünü müzakirə edirlər.
"The Guardian" yazır ki, 200 min insanın öz evindən didərgin düşdüyü bir adada ərazilərin və sərhədlərin müəyyənləşdirilməsi asan məsələ deyil.
İki lider ilk dəfə olaraq adadan xeyli aralıda yerləşən Cenevrənin sakit mühitində xəritə üzərində qızğın iş aparırlar.
Danışıqlara müşahidəçilik edən keçmiş Norveç xarici işlər naziri Espen Barth Eide BMT-nin Cenevrə qərargahında deyib ki, "biz artıq bir sıra qəliz məsələlərin həllini tapmışıq və bir sıra başqa məsələlərin həllinə yaxınıq".
Bununla belə, Eide əlavə edib ki, irəlidə bir xeyli görüləcək işlər var.
"The Guardian" yazır ki, qarşıdan gələn günlərdə adanın üç postmüstəmləkə qarantı olan Britaniya, Yunanıstan və Türkiyənin rəsmiləri Kiprə dair tarixi konfransa qoşulacaqlar.
Buna baxmayaraq danışıqlarda iştirak edən tərəflər müzakirələri "bir tərəfi açıq proses" adlandırırlar. Onlar deyirlər ki, illərlə kölgədə qalmış problemlər bir gündə həllini tapa bilməz. Hərçənd bir sıra Kipr rəsmiləri etiraf ediblər ki, onlar danışıqların uzanacağını bildiklərindən Cenevrəyə birtərəfli uçuş üçün bilet alıblar.
Rəsmilər deyirlər ki, ərazilər planının cizgiləri razılaşdırılsa, artıq bu ilin sonlarına doğru referendum keçirilə bilər.
"The Guardian" yazır ki, adanın beynəlxalq aləmdə tanınan yunan hissəsinin rəhbəri Anastasiades bu danışıqaların onun öz icmasında necə qarşılanacağından narahatdır.
Ötən çərşənbə axşamı günü adanı ikiyə bölən demarkasiya xəttində toplaşan türklər və yunanlar barış mahnıları oxusalar da, Anastasiades öz icmasında bir sıra inkarçılarla üzləşəcəyini bilir.
Kipr parlamentində təmsil olunan 8 partiyadan altısı hər hansı razılaşmanın əleyhinədir. Bu partiyalar bildirirlər ki, Türkiyənin 1974-cü ildə baş vermiş hərbi müdaxiləsi zamanı mülkiyyətini və evini itirənlər həddindən artıq çox olub və buna görə də ədalətli sazişin əldə olunacağına ümid yoxdur. Türkiyə 1974-cü ildə məhz sağ təmayüllü yunanların adanı Yunanıstana birləşdirmək cəhdinə görə müdaxilə etmiş və Kiprin 37 faizini tutmuşdu.
Odur ki, indi danışıqlarda hər hansı uğurun qazanılması üçün Anastasiades türkləri müdaxilə zamanı qaçqın düşmüş 90 min adamın evlərinə qayıtması üçün torpaqlarından keçməyə razı salmalıdır. Bu təkcə razılaşmanın əldə olunması yox, həm də referendumda birləşmə üçün müsbət nəticənin alınması üçün zəruridir.
Akıncının başçılığı altında türklər torpaqları qaytarmağa hazır olduqlarını bildiriblər, lakin əvəzində rotasiyalı prezidentlik də daxil bir sıra hakimiyyət güzəştləri istəyirlər.
"The Guardian" yazır ki, belə bir perspektiv yunan millətçiləri üçün ölüm hökmü kimi səslənir. Bundan başqa diplomatlar bildirirlər ki, birləşməyə təkcə hazırlıq işlərinə 25 milyard avro lazım olacaq.
Hazırda ekspertlər hər iki tərəfdən təqdim olunmuş xəritələr üzərində işləyirlər.
Başqa bir fikir ixtilafı isə qarant ölkələrin arasında baş verir. Hazırda adada Türkiyənin 40 minlik əsgəri qüvvəsi var. Yunanıstanın kontingenti bundan bir qədər azdır. Adanın birləşdirilməsi prosesi başlananda qarant ölkələrin qoşunları buradan çıxmalı olacaq. Məhz buna Ankara etiraz edir.
Avropa Komissiyasının prezidenti Jean-Claude Juncker isə deyib ki, hazırkı danışıqılar adanın birləşdirilməsi üçün son tarixi imkandır (BBC).