Tarix institutunun direktoru Yaqub Mahmudov:"Tiflis əmirliyi bizim dövlətimiz olub.Gürcü tarixçilər tarixə real baxsınlar"

10-07-2015, 21:51           

“Tarixi həqiqətlər başqadır”.

Azərbaycan-Gürcüstan qardaşlıq münasibətlərini pozmağa çalışan təxribatçı qüvvələr var. Həmin qüvvələri xaricdən istiqamətləndirirlər və onlar dayanmadan çalışırlar. Azərbaycan qüdrətləndikcə bu cür böhtanlar, iftiralar olub və bu gündən sonra da olacaq.

APA-ya açıqlamasında AMEA Tarix İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, millət vəkili Yaqub Mahmudov futbol üzrə Avropa Liqasının I təsnifat mərhələsində “Dinamo”(Tbilisi) - “Qəbələ” oyununda stadiondan asılmış “Biz 1921-ci ildə Qax və Zaqatalanı yaxşı xatırlayırıq” plakatına münasibət bildirərkən deyib.

İnstitut direktoru bildirib ki, bu cür təxribatçı hərəkətlər Azərbaycan və Gürcüstan müttəfiqliyinə ziddir:

“Tarixi həqiqətlər başqadır. Ərəb xilafəti dövründə bütün bu ərazilər xilafət imperiyasının tərkibində idi. Ərəb xilafəti süqut edəndə yenidən keçmiş tarixi bölgüləri bərpa etdilər və o ərazidə Tiflis mərkəz olmaqla Tiflis Müsəlman-Türk Əmirliyi yaratdılar. 400 ilə qədər Tiflis paytaxt olmaqla bu əmirlik bizim dövlətimiz oldu.

1122-ci ildə Qurucu David Tiflisi aldı və bu əmirlik süquta uğradı. Real tarix bundan ibarətdir. Tiflisdən o tərəfə Alban düzü, Dəryal keçidi var. Alban düzü Azərbaycan Albaniya dövlətinin adınadır. İndi biz bu ərazilərə ona görə iddia etmirik ki, dünyadakı keçmiş tarixi bölgülərə təzədən başlamaq xalqlar arasında münasibətlərə mənfi təsir göstərə bilər”.

Y.Mahmudov gürcü tarixçilərə müraciət edərək onları iki xalq arasında təxribat yaratmaq istəyən qüvvələrə tutarlı cavab verməyə çağırıb:

“Gürcü tarixçilər tarixə real baxsınlar. Təxribatçı qüvvələrə səmimi qardaşlıq münasibətlərini pozmağa imkan verməsinlər. Tarix İnstitutu “İlisu sultanlığı”, “Car-Balakən camaatlığı” və “İngiloylar” kitablarını çap edib. Biz də bu istiqamətdə dayanmadan işləyib həqiqətləri tam sürətdə ortaya çıxaracağıq”.

Qeyd edək ki, ötən il iyulun 31-də Avropa Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində Bakıda keçirilən “Neftçi” – “Çixura” (Gürcüstan) oyununda da buna bənzər insident baş verib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.