Türkiyə PKK-nın sirlərini açdı

27-09-2015, 20:10           
Türkiyə PKK-nın sirlərini açdı
Türkiyə xüsusi xidmət orqanları PKK terror qruplaşmasının şəhər təşkilatının fəaliyyəti barədə və qruplaşmanın maliyyə mənbələri barədə hesabat hazırlayıb. ANS PRESS-in məlumatına görə, hesabat qruplaşmadan ayrılaraq təhlükəsizlik orqanlarına təslim olan terrorçuların verdiyi məlumat əsasında hazırlanıb.

Hesabatda, şəhərlərdəki insidentlərdə istifadə olunmaq üçün təşkilatlara 200 ədəd tüfəng, “Kalaşnikov” avtomatı və tank əleyhinə mina göndərildiyi bildirilib. Silahlar Şırnakın rayonlarından birindəki bəzi evlərə yığılıb. Silahların şəhərlərdəki terrorçulara paylanması planlaşdırılır.

Həmçinin hesabatda, terror qruplaşmasının Türkiyə Silahlı Qüvvələri (TSK) hərbi hava donanmasına aid qırıcılardan qorunmaq üçün xüsusi bir tədbir gördüyü bildirilir. Belə ki, hərbi hava bazalarını nəzarətdə saxlayaraq qırıcıların havaya qalxmasını Kandilə xəbər verən xüsusi dəstələrin olduğu qeyd edilib.

Bundan başqa bildirilir ki, qruplaşmanın ölkə daxilində və sərhəddən kənar ərazilərdə bombardımandan qorunmaq üçün hazırladığı beton sığınacaqlar TSK-nın istifadə etdiyi xüsusi smart-bombaların qarşısında aciz qalır.

Terror təşkilatının finans mənbəyi barədə isə bildirilir ki, qruplaşma üzvləri regionda yaşayan biznesmen və sərhəddənkənar qaçaqmalçılıqla məşğul olanlardan vergi adı altında xərac toplayır. Müəyyən olunan miqdarı verməyənlər isə iki qatını ödəməyə məcbur edilirlər.


Öldürülən terrorçunun "Zargos" marka snayperi

Ötən gün isə Bingöl vilayətinin yaxınlığında terrorçularla təhlükəsizlik qüvvələri arasında baş vermiş atışmada 4 terrorçu məhv edilib. Ölən terrorçuların üstündən helikopter əleyhinə “Zargos” adlı snayper aşkarlanıb. Türkiyədə olmayan bu silahdan əsasən ABŞ ordusunun istifadə etdiyi bildirilir.


Şəhid mayor Yavuz Sonat Gözəl

Həmçinin ötən gün Tuncelinin Çiçəkli kəndi yaxınlığında TSK ilə terrorçular arasında baş vermişatışmada bir mayor ağır yaralanıb. Xəstəxanaya çatdırılan mayor Yavuz Sonat Gözəlin həyatını xilas etmək mümkün olmayıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.