Hamının səcdə etdiyi yer və yaxud yeddi əsrdir çözülə bilməyən sirr

15-12-2019, 10:48           
Hamının səcdə etdiyi yer və yaxud yeddi əsrdir çözülə bilməyən sirr
Fəzlullah Nəimi həmin dövrdə çox müqəddəs hesab edilən bu pirdə dəfn edilir ki, kimsə məzarına toxuna biılməsin.

"Zərrə mənəm, günəş mənəm, çar ilə pəncu şeş mənəm, surəti gör bəyan ilə, çünki bəyanə sığmazam" deyən İmadəddin Nəsiminin həyat və yaradıcılığında Fəzlullah Nəiminin böyük rolu olub. Bu il "Nəsimi ili" elan oldunduğu üçün bütün fikirlər, Nəsiminin həyat və yaradıcılığına yönəlib. Nəsimidən danışarkən isə onun ustadı olan Fəzlullah Nəimini unutmaq olmaz.

Sputnik Azərbaycan "Nəsimi ili" çərçivəsində Fəzlullah Nəiminin dəfn edildiyi məkandan - Naxçıvan şəhəri, Culfa rayonu, Xanəgah Abidələr Kompleksindən reportajı təqdim edir. Kompleks məşhur Əlincə qalasının arxasında yerləşir. Uzaqdan Fəzlullah Nəiminin dəfn edildiyi türbənin günbəzi məkanın sirrlərlə dolu olduğu düşüncəsi yaradır. Türbə təmir edilib, kompleks yaradılıb. Burada təkcə Nəiminin deyil, digər iki nəfərin də başdaşı var. Girişdəki qədim kitabədə türbə haqqında məlumatlar yer alıb. Təmir işləri tarixə toxunulmadan çox incə şəkildə aparılıb. Türbədə hansı tərəfə baxsan, 7 əsrlik tarix yada düşür. Divardakı rəfdə Quran kitabı yer alıb. Qapıdan içəri girdyimiz zaman hər iki tərəfdə qədim başdaşı var. İki məzarın arasında keçib, otağa daxil olanda ortada Nəiminin məzarını görmək mümkündür. Ətrafda ötən yüzilliklrdən günümüzə qədər gəlib çıxan müxtəlif daş parçaları var.

Xanəgah Abidələr Kompleksi Culfa rayonunda Əlincə qalasının arxasında yerləşir
Fəzlullah Nəimi - Fəzlullah bin Əbu Məhəmməd Nəimi Təbrizi hürufilik təriqətinin əsasını qoymuş sufi alim, şair, filosof olub. Tarixi mənbələrə görə, Fəzl 1339-cu ildə (bəzi mənbələr 1340) indiki İran ərazisindəki Astrabadda (Qorqan) anadan olub.

O, XIV əsr Azərbaycan bədii fəlsəfi fikrinin görkəmli nümayəndəsi idi.

Həmin dövrdə hürifilik yerli xalqlar arasında böyük rəğbətlə qarşılansa da, bu cərayana qarşı çıxanlar da az deyildi. Fəzlullah Nəiminin cərəyanı sürətlə yayılırdı. Hürufilərə görə, Allahın xarici görünüşü insanda bəyan edilir və hər bir hissəcikdə Allah var. Nəimi öz əsərlərində ardıcıllarını üsyana səsləyirdi və onun dedikləri hakim dini cərəyanın diktə etdikləri ilə üst-üstə düşmürdü.

Hürufilik təliminin banisi Fəzlullah Nəiminin məzarı
Fəzlin əsas əsərləri, o cümlədən "Cavidannamə" və yaxud "Cavidane-Kəbir", "Vəsiyyətnamə" Azərbaycanda qələmə alınıb. Bunlardan başqa onun "Məhəbbətnamə", "Ərşnamə", "İsgəndərnamə" və başqa əsərləri də var. Özünün son əsəri olan "Vəsiyyətnamə"ni də Fəzl Azərbaycan torpağında, edam olunmazdan əvvəl yazıb.

Fəzlin və onun yaratdığı təriqətin artan populyarlığı Əmir Teymuru (Teymurləng) ciddi narahat edirdi və artıq o, mövcud hakimiyyət üçün başağrısına çevrilmişdi. 1401-ci (bəzi mənbələrdə 1394-cü ildə) ildə Nəimi Əlincə qalasında edam edildi. Tədqiqatçılara görə, Nəimi Əmir Teymurun oğlu Miranşah tərəfindən edam edilir və bədəni müxtəlif parçalara bölünür. Nəiminin bədənin parçaları tərəfdaşları tərəfindən yığılır və Əlincə qalasının arxasında dəfn edilir. İddialara əsasən, hətta məzarın üzərində türbə inşa etmək üçün Əmir Teymurdan icazə də alınır.

Digər versiyaya görə isə, Nəiminin dəfn edildiyi yer XII-XIII əsrdə müqəddəs pirlərdən olub. Həmin dövrdə Nəiminin ardıcılları çox olduğu kimi, onu "kafir, bidətçi" adlandıranlar da çox idi. Onlar Nəiminin məzarını belə dağıtmağa hazır idi.

Məhz elə buna görə də, Nəimi həmin dövrdə çox müqəddəs hesab edilən bu pirdə dəfn edilir ki, kimsə məzarına toxuna biılməsin. Başqa bir versiyaya görə isə, ümumiyyətlə Nəimi burada dəfn edilməyib.

Ancaq aparılan tədqiqatlarda Nəimiyə aid məzarüstü abidə və 3 daş parçası aşkarlanıb. Onların üzərində Nəsiminin Nəimiyə həsr etdiyi "Əfəndim" qəzəlinin misraları həkk olunub. Həmin daşlarda qəzəldəki "dinin günəşi", "nar çiçəkləri" kimi hürufi rəmzləri aşkar edilib. Və bu faktlar Nəiminin burada dəfn edildiyini sübut edir. Kənd sakinləri də iddia edir ki, bura hər zaman pir kimi ziyarət edilib. Vaxtıilə burada qurbanlar kəsilib, insanlar nəzir paylayıb. Hətta bura güclü pir hesab edildiyi üçün deyirlər ki, Azərbaycanın müxtəlif bölgələrindən bura ziyarətçi axını olub. Bu gün isə həmin ərazi Xanəgah Abidələr Kompleksi adlanır və qorunur. Komleksin həyətində 5 kiçik qüllə var. Kənd sakinləri iddia edir ki, bu qüllələr də hürifiliyin rəmzləri hesab edilir.

Kompleksə ziyarətçilərin oturub dua etməsi üçün böyük bir salon da inşa edilib. Nəimini ziyarətə gələnlər burada namaz qıla, dua edə bilərlər. Pirin ətrafı da təmir edilib. Günbəz elə inşa edilib ki, uzaqdan baxanda belə həmin məkanın sirr-sehrlə dolu olduğu düşüncəsi yaranır. Əgər bir gün yolunuz Naxçıvana düşsə, mütləq bu məkanı da ziyarət edin. Pirin içərisində olan XII-XIV əsrlərdən qalmış məzar daşları, daş parçaları, divarlar insanı uzaq keçmişə aparır. Və...

Fəzl-i həqdir vaqif-i əsrarımız,

Fəzl-i həqdəndir qamu ənvarımız.

Fəzl-i həq göstərmiş idi karımız,

Fəzl-i həqdir, fəzl-i həq memarımız.

Nəsiminin Fəzl haqqında yazdığı bu sözlər yada düşür.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.