"Biz Qarabağda hücuma başlamağa tam hazır deyilik…”- Polkovnikdən gözlənilməz iddia...

15-07-2020, 16:49           
"Biz Qarabağda hücuma başlamağa  tam hazır deyilik…”- Polkovnikdən gözlənilməz iddia...
“Tovuzdakı son döyüşlərdən, əsgər, gizir, zabitlərimız, polkovnik və generalımızın qəhrəmancasına şəhid olmasından sonra əksər vətənpərvər insanlar, o cümlədən qazi qardaşlarımız tələb edirlər ki, Azərbaycan Silahlı Qüvvələri əməliyyatları işğal altındakı torpaqlarımıza doğru yönəltsin. Mənim də ürəyimdən bu dəqiqə torpaqlarımızın, Qarabağımızın, doğma Şuşamın, Laçınımızın, Kəlbəcərimizin, Ağdamımızın... azad olunması keçir, qəlbim, ruhum bu sevda ilə coşub-qaynayır. Özüm də bu dəqiqə ön cəbhəyə yollanmağa hazıram... Lakin gerçəkliklərlə hesablaşmalı olan bir peşəkar hərbçi olaraq hazırda Qarabağ istiqamətində hücum əməliyyatlarımızın başlanmasının əleyhinəyəm. Bəs nə üçün? Nəyə görə?..”

Bu gözlənilməz fikirləri Moderator.az əməkdaşı ilə söhbətində tanınmış Qarabağ qazisi, istefada olan kəşfiyyatçı polkovnik Azay Kərimov söyləyib.

Açıqlamasının davamında veteran polkovnik oxuculardan onu düzgün anlamalarını xahiş edib:



“Xahiş edirəm, hamı məni doğru anlasın, heç kəs indiki məqamda xalqa təslimçilik ruhu aşıladığımı düşünməsin. Dediyim problem haqda 26 illik atəşkəs dövründə özüm də, digər hərbçi mütəxəssislər də danışıblar, yazıblar... Amma, nə yazıqlar ki, nəticə çıxaran, tədbir görən olmayıb...

Məsələ nədən ibarətdir? Hazırda düşmən ordusu ilə təmas xəttiində və ona yaxın yerləşən Tərtər, Bərdə, Ağcabədi, Beyləqan və s. ərazilərdə monolit yaşayış binaları, yəni üzəri, divarları qalın beton ötrüklü evlər və ya sığınacaqlar yoxdur. Əksər evlər də tək “kubik”lə tikilib ki, belə binaların divarlarını da nəinki top, qumbaraatan, minaatan mərmisi, istənilən iriçaplı pulemyot gülləsi ilə də dağıtmaq mümkündür. Və təəssüf ki, son 26 ildə Səfər Əbiyevdən üzü bəri nə Müdafiə nazirləri, nə Baş Qərargah rəisi, nə də Fövqəladə Hallar naziri Ali Baş komandan qarşısında vəsatət qaldırıb ki, düşmənlə sərhəddə, təmas xəttində və yaxın ərazilərdə yaşayan sakinlər üçün hava, artilleriya hücumlarından qorunmaq məqsədilə dotlar, blindajlar, sığınacaqlar tikilməlidir. Axı biz müharibə şəraitində yaşayırıq... Bəli, əsgərin, hərbçinin borcudur vuruşmaq. Amma düşmən bizim ordunun atacağı top, raket atəşinə cavab olaraq atdığı mərmiləri əsasən dinc sakinlərin evlərinə doğru yönəldəcək ki, onlar arasında itki mümkün qədər çox olsun və nəticədə həm əhali, həm də ordumuz daxilində bir panika, ruh düşkünlüyü yaransın...

Məsələn. götürək Tərtər, yaxud Ağdam rayonunun nəzarətimizdə olan ərazilərində on minlərlə insan yaşayır. Ağdam ərazisində, təmas xəttinə çox yaxın yerdə qaçqın şəhərcikləri salınıb, eləcə də Ağcabədidə, Beyləqanda, Bərdədə və s. kifayət qədər dinc sakin, o cümlədən kompakt yaşayan köçkünlər var. Ordumuzun hücum əməliyyatı keçirəcəyi halda həmin insanların nə şəxsi həyətlərində, nə də ümumi rayonlar ərazisində sığınmağa lazımi hərbi standartlara uyğun məkanları olmadığı üçün onlar maksimum itkilərə məruz qalacaq. Axı son 26 ildə biz bunun şahidi olmuşuq. Ağdamın kəndində 9 yaşlı uşaq vurulub snayperlə, Füzulidə iki yaşlı Zəhra nənəsi ilə birgə top mərmisinin qurbanı olub, cəmi 3 günlük Aprel döyüşləri zamanı 16 dinc sakinimiz məhz artilleriya atəşlərindən həlak olub.... Nəyə görə? Nə üçün bu günədək lazımi sığınacaqlar tikilməyib, qurulmayıb?..

Bildiyiniz kimi, mən Şuşada döyüşərkən kəşfiyyatçı kimi Rusiyanın 366-cı alayındakı əlaqələrimdən istifadə edərək bəzi hərbi məxfi məlumatlara yiyələnmişəm. Video-görüntülərdə şahidi olmuşam ki, Xankəndidəki binaların zirzəmiləri boyu çörək zavodu da, xəstəxana da, məktəb də, uşaq bağçası da, doğum evi də və s. var. O vaxtdan... Atəşkəs dövründə isə Ermənistanın sərhəd kəndlərində, eləcə də Qarabağda, Şuşada, Laçında da, təmas xəttindəki kəndlərdə də dinc ermənilər üçün mülki müdafiə sığınacaqları tikilib... Bizdə isə bunların heç biri yoxdur. Bunu etməmişik. Heç olmasa, indi camaata tikinti materialı verin, hər kəs öz həyətində sığınacaq tikdirsin... Əməliyyatlar başlayanda, ermənilər kəndlərimizi, şəhərlərimizi kütləvi artilleriya atəşinə tutanda nə edəcəyik? O boyda əhalini təxliyə edəcəyik? O halda bu, əhali arasında daha böyük təşviş yaradacaq... Bax, məhz bu səbəblərdən bir hərbçi kimi hələlik dediyim problem həll olunmamış, əhali üçün müvafiq sığınacaqlar tikilməmiş Qarabağda genişmiqyaslı hüum əmliyyatlarının həyata keçirilməsinin əleyhinəyəm. Kimlərsə dediklərimi düşmənə sirr verilməsi kimi yozmasın. Onsuz da erməni kəşfiyyatı, özü öyrənə bilməsə də, Rusiya kəşfiyyatı vasitəsilə bunları bizdən də yaxşı bilir. Odur ki, bizə “Niyə ilin-günün bu vaxtında belə danışırsız?” deyənlər öncə “26 il ərzində təmas xətti və Ermənistanla sərhəd boyu nədən mülki əhali üçün müvafiq sığınacaqlar tikilməyib” sualına cavab tapısınlar və bunu etməyənlərin hansı məsuliyyət daşımalı olduğunu düşünsünlər...

Bir daha xahiş edirəm, məni doğru anlayın, biz gerçəklikdən bəhs edirik. Qaynar döyüşlər keçmiş biz peçəkar hərbçilər dinc sakinlərin, uşaqların, qadınların, qocaların, əlsiz-ayaqsızların boş yerə həlak olacağından narahatıq. Dağılmış binaları, evləri hər zaman bərpa etmək olar, amma insan həyatını heç birimiz geri qaytarmaq iqtidarında deyilik...” –deyə keçmiş kəşfiyyatçı polkovnik vurğulayıb.

Sultan Laçın

ŞOK! Ən güclü arıqladıcı vasitə tapılıb! Bu adi ...шаблоны для dle 11.2












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.