"Hər bir hərbi formanın daşınması üçün nəzərdə tutulan tələblər var" - deputat

26-10-2020, 19:37           
"Hər bir hərbi formanın daşınması üçün nəzərdə tutulan tələblər var" - deputat
Rəşadətli ordumuz bir-birinin ardınca uğurlu əməliyyatlar keçirərək, işğal altındakı ərazilərimizi düşmən tapdağından azad edir. Bu da cəmiyyətimizdə böyük ruh yüksəkliyi yaradır, qələbəyə inamı bir qədər də artırır.

Azərbaycanın apardığı Vətən müharibəsinə sənət adamları da töhfə verməyə çalışırlar. Onlar Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq üçün sosial şəbəkələrdə müxtəlif məzmunlu paylaşımlar edirlər. Bundan əlavə, sənətçilər hərbi forma geyinib, vətənpərvərlik haqqında mahnılar oxuyur, fotosessiya etdirir, kliplər çəkdirirlər. Onların bu addımı isə birmənalı qarşılanmır. Çoxları yazır ki, sənətçilər bu üsulla özlərini reklam edirlər.

Qeyd edək ki, hərbi geyim — xüsusi dövlət qaydaları ilə müəyyən edilmiş hərbçilərin geyməsi üçün müəyyən bir dövlətin silahlı qüvvələrinin və digər birləşmələrin hərbi qulluqçuları üçün məcburi olan geyimlərdir.

Haaqa Konvensiyalarına uyğun olaraq, hərbi əməliyyatlar və ya silahlı qarşıdurmalar zamanı hərbi forma geyinmək, hərbçilərin bu statusdan irəli gələn bütün xüsusi hüquqları olan qanuni döyüşçü kimi müəyyənləşdirilməsinin vacib şərtidir. Eyni zamanda, silahlı qarşıdurmanın bu və ya digər tərəfini silahlı qüvvələrinə mənsub olduğunu açıq şəkildə göstərən nişanlar, hərbi formanın məcburi bir elementidir. Bu cür qarşıdurmalarda iştirak edən xalq milisləri də qeyri-bərabər bir forma geyə bilərlər, lakin fərqlənən nişanlara sahib olmalıdırlar.

Hərbi forma - Azərbaycan Respublikası Silahlı Qüvvələrinin şəxsi heyəti və hərbi liseylərin kursantları üçün müəyyən edilmiş, hərbi qulluqçuların hərbi geyim predmetləri, fərqləndirmə nişanları və hərbi ləvazimatlarının komplektidir.

Bəs, müğənni və aparıcıların hərbi forma geyinməsi qanunsuzdurmu? Hərbi forma geyinən məşhurlar niyə insanlarda qıcıq yaradır?

Musavat.com-a mövzu ilə bağlı danışan millət vəkili Fazil Mustafa bildirib ki, indiki halda mülki vətəndaşların hərbi forma geyinməsi ordumuza dəstək xarakteri daşıyır:

“Hər bir hərbi formanın daşınması üçün nəzərdə tutulan tələblər var. İndiki halda mülki vətəndaşların hərbi forma geyinməsi ordumuza dəstək xarakteri daşıyır, hər hansı bir şəkildə başqa niyyətə xidmət etmir. Bu baxımdan, məsələ iləm bağlı hansısa məsuliyyət və yaxud da cərimə tələb etmək indiki hal üçün doğru olmaz”.

“Teleqraf” Media Qrupunun rəhbəri Aynur Camal bildirib ki, vətənpərvərliklə bağlı atılan bütün addımları dəstəkləyir:
“Hazırda qeyri-adi bir prosesin içindəyik. Düşünürəm ki, bu prosesdə kimin nə etməyindən, kimin özünü necə aparmasından, kimin nə geyinməsindən asılı olmayaraq, hər kəsin addımına normal yanaşmaq lazımdır. Bu məsələni müzakirə etməkdənsə, boş vermək lazımdır. İndiki xoşbəxtliyimizin dadını çıxartmalıyıq. 30 ildir bu günləri gözləyirdik, möcüzə kimi şey baş verir həyatımızda, torpaqlarımız işğaldan azad olunur. Hazırda tariximizin ən şanlı səhifələri yazılır. İllərdir qələbə xəbərləri gözləyən insanlarımızın özünü orduya, əsgərlərimizə yaxın göstərmək istəməsində pis heç nə görmürəm. Ona görə də sənətçilərin hərbi forma geyinməsinə, mahnılar oxuyub, kliplər çəkdirməsinə normal yanaşmaq lazımdır. İnsanların sevincini istədiyi kimi yaşamasına imkan verməliyik. Qarabağ dərdi bizim canımızdan çıxır. Ona görə də xırda detalları böyütməməli, qələbə sevincimizi yaşamalıyıq”.

Bəs, müğənnilər ittihamlar və tənqidi fikirlər haqqında nə düşünür?

Xalq artisti Gülyaz Məmmədova qeyd edib ki, hərbi forma geyinməsi orduya dəstək xarakteri daşıyır:
"Mən də hərbi geyim geyinib, foto çəkdirdim. Qürurla geyindim və dayandım. Biz də səhnədə əsgərik. Biz arxa cəbhədəyik. Səsimizlə, mahnılarımızla əsgərlərimizə dəstəyik. Allah bizə o günü nəsib etsin ki, torpaqlarımız qayıtsın, şəhid verməyək. Qürur hissi duyuruq ki, azərbaycanlıyıq, ordumuz var. Yazırlar ki, qadınsınız, bu nədir geyinirsiniz, özünüzü reklam edirsiniz. Hərə bir söz yazır. Bizim məqsədimiz pis deyil. Onsuz da biz başqa geyimdə olanda da nə isə yazırlar. Harada olsaq, gözəl sözləri yox, qıcıqlandırıcı bir mövzunu tapır, reklam qazanırlar. Hamımızın ürəyi Qarabağla döyünür. Niyə ruhdan düşməli, özümüzü sındırmalı, yas tutmalıyıq? Azərbaycanlıyıq, haqqımız çatır, torpaqlarımızı istəyirik. Özgə torpağını istəmirik ki".

“Qarabağ Azərbaycandır” adlı mahnıya çəkdirdiyi klipini təqdim edən müğənni Şəbnəm Tovuzlu deyib ki, vətənpərvərlik mövzusunda oxuyaraq, ordumuza dəstəyini göstərib:

“Mən heç kimin paylaşımını görmürəm, heç kimi izləmirəm. Vətənpərvər xanım kimi pis iş görmürəm, hərbi paltarı sevə-sevə geyinirəm. Yazanlar boş-bekar adamlardır. Tənqidlərə fikir vermirəm. “Qarabağ Azərbaycandır” adlı mahnı oxumuşam, çox bəyənilib. Gündə yüzlərlə zəng gəlir, təşəkkür edirlər. Hazırda çox adam internetə girə bilmir. Amma yenə də insanlar mənim mahnımı bir yolla dinləyirlər. 24 saata 85 min baxış olub. Bir günə bu qədər baxış yığmaq asan deyil. Ürəyimdən keçdiyi üçün Azərbaycan haqqında mahnı oxuyub, klip çəkdirdim. Tənqidləri yersiz hesab edirəm”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.