Vətən müharibəsi bizim şanlı tariximizdir

24-09-2022, 13:42           
Vətən müharibəsi bizim şanlı tariximizdir
200 ildən çox bir müddətdir ki, Ermənistan tərəfindən Azərbaycana qarşı düşmənçilik və etnik dözümsüzlük siyasəti həyata keçirilir. Çar Rusiyası tərəfindən imperiyanın cənub sərhədlərinin möhkəmləndirilməsi məqsədi ilə ermənilərin əzəli Azərbaycan torpaqları olan Qarabağa köçürülməsindən sonra xalqımıza qarşı başlamış düşmənçilik siyasəti bu günə qədər davam edir. Zaman-zaman öz havadarlarına arxalanan nankor ermənilər bütün vasitələrlə Azərbaycanlıları və bu ərazilərdə yaşayan digər millətləri sıxışdıraraq öz torpaqlarından didərgin salmağa cəhdlər etmiş, müəyyən vaxtlarda istəklərinə nail ola bilmiş, 20-ci əsrin əvvəllərində isə bizim ərazilərin bir hissəsi hesabına öz dövlətlərini yarada bilmişdilər.
İfrat millətçilik siyasəti yürüdən ermənilər ötən əsrdə Rusiya imperiyasında yaranan inqilabi şəraitlərdən sui-istifadə edərək 1905-1907-ci və 1918-ci illərdə yüz minlərlə soydaşımızı vəhşicəsinə qətlə yetirdilər. Azərbaycanlıların öz tarixi-etnik torpaqlarından qovulması sovet dövründə də davam etdirildi. 1948-1953-cü illərdə 150 minə yaxın azərbaycanlı deportasiya olunaraq Azərbaycanın Kür-Araz düzənliyində yerləşdirildi. 1988-ci ildə isə daha 300 minə yaxın azərbaycanlı öz doğma yurdundan qovuldu. 1988-ci ildə başlayan Qarabağ hadisələri isə yenidən on minlərə günahsız insanın ölümü, yüz minlərlə azərbaycanlının öz tarixi torpaqlarından didərgin düşməsi ilə nəticələndi. Ermənistan silahlı qüvvələrinin Azərbaycan torpaqlarını 20 faizini işğal etməsi ölkəmizin iqtisadiyyatına və mədəni irsinə də ağır zərbə vurdu.
1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev müharibənin dayandırılmasına nail oldu, ölkədə bütün sahələrdə inkişaf və tərəqqi işlərinə başladı. Məhz Ümummilli Lider Heydər Əliyev tərəfindən Ermənilərin tarixi ərazilərimizdə həyata keçirdikləri soyqırımı siyasətinə ilk dəfə siyasi-hüquqi qiymət verildi. Onun ölkəmizin inkişafı və tərəqqisi istiqamətində gördüyü işlər Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildi.
Prezident İlham Əliyev tərəfindən son 19 il ərzində həyata keçirilən inkişaf və tərəqqi siyasəti öz bəhrəsini verdi. İlk növbədə ölkədə iqtisadi tərəqqi əldə edildi, bu da ordunun gücləndirilməsinə, müasir silahlarla təchiz edilməsinə imkan verdi. Ordumuz dünyanın 50 ən güclü ordularından birinə çevrildi. Nəhayət ki, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2020-ci il sentyabrın 27-də başlanan "Dəmir yumruq" əməliyyatı ilə 44 gün davam edən Vətən Müharibəsində Azərbaycan Ordusu yüksək döyüş bacarığını nümayiş etdirərək bütün dünyaya öz gücünü, qüdrətini göstərdi. Ermənistan və havadarları tərəfindən işğal olunmuş torpaqlarımız əsgər və zabitlərimizin qanı və canı bahasına azad edildi. Bu, “Güclü ordu - güclü dövlət” strategiyasının və «dəmir yumruq» siyasətinin nəticəsidir.
Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev son 19 illik Prezidentlik fəaliyyəti dövründə planlı, qətiyyətli və parlaq diplomatik siyasət aparıb. 30 il torpaqlarımızın 20 faizinin düşmən əsarətində olmasını “Dəmir yumruq” siyasəti ilə Güclü Ordumuzun rəşadətli əsgər və zabitlərimizin canı və qanı bahasına 44 gün ərzində “Qarabağ Azərbaycandır” nidasını qoyaraq Zəfər Qələbəsi qazandı. 44 günlük tarixi İkinci Vətən müharibəsinin, həmin günlərdə ard-arda qazandığımız qələbələrin, 8 noyabr Şuşa zəfərinin, 10 noyabr möhtəşəmliyini, əzəmətini, qürurunu yaşadıq. Zəfərəmizin rəmzi olan Şuşanın işğaldan azad edilməsi Azərbaycan xalqının gücünü, Ordunun peşəkarlığını, hərbçilərin cəsarətini və qəhrəmanlığını göstərdi.
Qazanılan Şanlı Qələbə Azərbaycanın yeni tarixini yazan, xalqımıza 44 gün ərzində 30 illik həsrətə son qoyan Ali Baş Komandan, Prezident İlham Əliyevin «Dəmir yumruq» siyasəti ilə Güclü Ordumuzun əsgər və zabitlərimizin rəşadətilə qazanıldı. Bizim Prezidentimiz daima xalqı ilə, xalq da öz Prezidenti ilə birlikdədir. Məhz bu birliyin, həmrəyliyin reallığıdır ki, Prezidentimizin ilk gündən çağırışına bütün Azərbaycanın igid oğuları, ehtiyatda olan əsgər və zabitləri səs verərək, müsəlləh əsgər kimi döyüş meydanına yollandılar, onlardan bəziləri torpaqlarımızın azadlığı yolunda canlarından keçərək Şəhidlik zirvəsinə yüksəldilər. Allah şəhidlərimizə rəhmət eləsin.


İsrafil Kərimov – Azərbaycan Jurnalistlər Birliyinin üzvü,
“Qızıl qələm” mükafatı laureatı












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.