"Hilton"un "parkovşik" başçısı nədən 200 manat maaşa işləyir - "Biz də Teodori deyilik ki, ayda 20 min manat paket alaq"

9-04-2015, 10:37           
"Hilton"un "parkovşik" başçısı nədən 200 manat maaşa işləyir - "Biz də Teodori deyilik ki, ayda 20 min manat paket alaq"
Ölkəmiz səbrsizliklə bu il Bakıda keçiriləcək ilk “ Avropa Oyunları”nı gözləyir. Son illər ölkəmiz bir çox beynəlxalq tədbirlərə, yarışlara ev sahibliyi edir. Hər belə tədbir ölkəmizin beynəlxalq imicini yüksəldir. Dövlət başçımız ölkənin imicinin yüksəlməsi üçün əlindən gələni edir. Bu məqamda “Eurovision” musiqi yarışmasını xatırlamamaq olmur. Amma atalar demişkən, “milçəklər” könül bulandırmasa…Bu barədə bir az sonra… Bəli, ölkəmizə gələn qonaqları yüksək səviyyədə qarşılamaq üçün paytaxtımızda hər cürə şəraiti olan hotellər tikilib. Amma yuxarıda qeyd etdiyimiz kimi bəzi “milçəklər” həm özümüzün, həm də əcnəbilərin könlünü bulandırır. Dünən gecə saat təxminən 24:00 radələrində jurnalist həmkarımız “Hilton” hotelində müsahibə götürməyə gedəndə bir xoşagəlməz insidentlə rastlaşıb. Jurnalist avtomobilini hotelin əsas qapısı cərgəsində saxlamaq istəyəndə təhlükəsizlik xidmətinin əməkdaşları yaxınlaşaraq ondan avtomobilin o cərgədən götürüb qırağa çəkməyi əmr ediblər. Təhlükəsizlik xidmətinin kobud rəftarından təəccüblənən jurnalist bu məsələni yerindəcə araşdırmaq qərarına gəlib. Aydın olub ki, “Hilton” hotelinin təhlükəsizlik xidməti İSR təhlükəsizlik xidmətinə həvalə olunub.
Və hotelin sağ və sol tərəfində avtomobillər üçün təhlükəsizlik xidmətinin əməkdaşları tərəfindən açılıb-bağlanan 2 giriş var. Yuxarıda isə hotelin əsas girişində təhlükəsizlik işçilərinin rəhbəri dayanır. Deməli, yuxarıda əsas girişin cərgəsində saxlanan avtomobillərin sahiblərindən təhlükəsizlik işçiləri 20 manat “parkovka pulu” aldıqlarına görə, digər avtomobilləri orda dayanmağına qadağa qoyurlar. Jurnalist həmkarımız xidmətin rəhbərinə yaxınlaşıb məsələyə aydınlıq gətirmək istəyib. Bunun üçün aşağıda dayanıb, avtomobillərin sahiblərindən 20 manat “parkovka pulu” yığan təhlükəsizlik işçilərinin rəhbərindən xahiş edib ki, özünüzü təqdim edin. İST təhlükəsizlik xidmətinin əməkdaşı özünü təqdim etməkdən imtina edərək, jurnalistin “parkovka pulu” ilə bağlı sualına belə cavab verib: “ Neynəyək, ayda 200 manat maaşa işləyirik, biz də Teodori deyilik ki, ayda 20 min manat paket alaq”. Jurnalist sonradan özünü təqdim etməyən şəxsin kimliyin də müəyyənləşdirə bilib. Bu şəxs aşağıda dayanan təhlükəsizlik əməkdaşlarının rəhbəri Aydın Quliyevdir.

hilton-bakuO, hətta jurnalistə bildirib ki, uzun illərdi Biləcəridə yaşayır və 200 manat maaş onu qane etmədiyi üçün “Hilton” hotelinin təhlükəsizliyini təmin etməyə bir şərtlə razılaşıb ki, hotelin əsas giriş qapısının cərgəsində parkovka edən bahalı avtomobillərdən 20 manat “parkovka pulu” yığan əməkdaşlara rəhbərlik etsin. Sonra jurnalist həmkarımız “ayda 20 min paket alan Teodori”nin kimliyi ilə maraqlanıb. Məlum olub ki, yunan əsilli Teodori “Hilton” hotelinin direktorudur. İSR təhlükəsizlik xidmətinin rəhbərliyi bizim yazdıqlarımıza şübhə ilə yanaşarsa, buyurub hotelin müşahidə kameralarına baxa bilər. Onda təhlükəsizlik xidməti əməkdaşlarının hansı avtomobillərdən parkovka pulu tələb etdiyini görə bilərlər. Çox güman ki, jurnalist həmkarımızın avtomobili bahalı olmadığı üçün, təhlükəsizlik xidmətinin əməkdaşları onun parkovka pulu verməyəcəyini əvvəlcədən “hesablayaraq” “pullu cərgə”dən avtomobilini çıxarmağı tələb ediblər. Məlumat üçün bildirək ki, “İSR” şirkətlər qrupunun təsisçisi və Prezidenti cənab İsgəndər Xəlilovdur. Şirkətlər qrupuna istehsal, xidmət, ticarət və nəqliyyat sektorlarını təmsil edən 20-yə yaxın şirkət daxildir. Bunlardan “Bakı Əyləncə Mərkəzi”nin, “Nərgiz Ticarət Mərkəzi”nin, “Tayota Bakı Mərkəzi”nin, “İSR Residence-I” və “İSR Residence- II” elit yaşayış komplekslərinin, Bakı Avtomobil Bazarının, “Azər-Yod” yod-brom zavodunun, “Park İnn Azərbaycan Hotel”nin, “ISR Plaza”nın, “Radisson Hotel”in və haqqında bəhs etdiyimiz “Hilton Baku Hotel” mehmanxanasının adlarını çəkmək olar.













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.