VƏTƏNDAŞLAR POLİSƏ TƏŞƏKKÜR EDİR
18-09-2018, 15:41
Polis-vətəndaş münasibətlərinin müsbət yöndə inkişafının nəticəsidir ki, hər gün Daxili İşlər Nazirliyinə əməkdaşlarımızın peşəkarlıqlarını əks etdirən onlarla təşəkkür məktubu ünvanlanır. Vətəndaş Rəhilə Məmmədova DİN-ə ünvanladığı məktubda Yevlax Rayon Polis Şöbəsinin rəhbərliyinə və sahə rəisi Natiq İsmayılova göstərdikləri köməkliyə və operativ xidmətə görə öz təşəkkürünü bildirir.
“İyul ayının 3-də mobil telefonumu itirmişdim. Məsələ ilə bağlı Yevlax Rayon Polis Şöbəsinin Xaldan kəndi ərazisinin sahə rəisi, polis baş leytenantı Natiq İsmayılova ərizə ilə müraciət etdim. O qısa müddətdə müvafiq tədbirlər keçirərək telefonumu tapıb mənə qaytardı. N.İsmayılova həm qəbul zamanı göstərdiyi hörmət və diqqətə görə, həm də operativ şəkildə işlədiyinə görə dərin minnətdarlığımı bildirirəm. Onun təvazökar davranışı, göstərdiyi insani keyfiyyətləri və səmimiliyi məndə o qədər xoş təəssürat yaratdı ki, bu məktubu yazmağı özümə borc bildim. Təhlükəsizliyimizin, asayişin və hüquqlarımızn keşikçisi olan bütün polis əməkdaşlarına şərəfli və çətin işlərində uğurlar arzu edirəm.”
Doğrusu, həmkarlarımızın hər bir uğuru, barələrində xoş söz eşitmək olduqca xoşdur. Polis baş leytenantı Natiq İsmayılov 8 ildir ki, daxili işlər orqanlarında xidmət edir. Xidmətində fəallığı, verilən tapşırıqların icrasına ciddi münasibəti ilə fərqlənir. Vətəndaşların müraciətinə vaxtında baxılmasını təmin edir, onların qarşılaşdıqları problemlərin aradan qaldırılması, vətəndaş məmnunluğunun təmini üçün əlindən gələni əsirgəmir. Xidməti ərazisində qeydiyyatda olan əvvəllər məhkum olunmuş şəxslərlə vaxtaşırı profilaktiki söhbətlər aparır, onların fikirlərini dinləyir, hamını qanunlara, cəmiyyətə hörmət etməyə dəvət edir, hüquqi maarifləndirmə işləri aparır.