Vərəm yenidən ən çox ölümlə nəticələnən xəstəliklərdən birinə çevrilir - ÜST
13-11-2024, 17:24
Hesabata görə, çoxlu dərmanlara davamlı vərəmin yayılması ictimai səhiyyə böhranı olaraq qalır. Dünyada vərəm tədqiqatları üçün çox az maliyyə vəsaiti var.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) vərəmlə bağlı yeni hesabat dərc edib. Təşkilat 2023-cü ildə təxminən 8,2 milyon yeni xəstəyə vərəm diaqnozunun qoyulduğunu, bunun ÜST-nin vərəm xəstəliyinin qlobal monitorinqinə başladığı 1995-ci ildən bəri ən yüksək rəqəm olduğunu aşkar edib. 2022-ci illə müqayisədə xəstəliyin nəzərəçarpacaq dərəcədə artması nəticəsində 2023-cü ildə vərəm yenidən COVID-19-u bu mövqedə əvəz edərək, ölüm hallarının aparıcı infeksion səbəbi olub.
ÜST-nin "Qlobal vərəm - 2024" hesabatında vərəmlə mübarizədə qlobal birliyin həm uğurları, həm də səhvləri, o cümlədən vərəm əleyhinə tədbirlərin ciddi şəkildə maliyyələşdirilməməsi nəticəsində yaranan xroniki problemlər öz əksini tapıb.
Vərəmdən ölənlərin ümumi sayı 2022-ci ildəki 1,32 milyon nəfərdən 2023-cü ildə 1,25 milyona düşsə də, 2023-cü ildə vərəmə yoluxanların ümumi sayı bir qədər artaraq 10,8 milyon insana çatıb.
Bu xəstəlik, vərəmin ən yüksək səviyyəsinin olduğu 30 ölkənin əhalisinə təsir göstərir. Qlobal vərəm yükünün 26 faizi Hindistanın, 10 faizi İndoneziyanın, 6,8 faizi Çinin, 6,8 faizi Filippinin, 6,3 faizi Pakistanın payına düşür. Hesabatda qeyd olunur ki, vərəmə yoluxanların 55 faizi kişilər, 33 faizi qadınlar, 12 faizi isə uşaq və yeniyetmələrdir.
ÜST-nin Baş direktoru Tedros Adhanom Gebreyesus bildirib:
"Vərəmin qarşısını almaq, onu aşkarlamaq və müalicə etmək üçün vasitələrə malik olduğumuz halda, virusun bu qədər insanın ölümünə və iztirablara səbəb olması çox qəribədir. ÜST bütün ölkələri bu müalicələri genişləndirmək və vərəmə son qoymaq üçün öhdəliklərini yerinə yetirməyə çağırır".
Sənədə əsasən, çoxlu dərmanlara davamlı vərəmin yayılması ictimai səhiyyə böhranı olaraq qalır. Dünyada vərəm tədqiqatları üçün çox az maliyyə vəsaiti var. Belə ki, 2022-ci ildə bu vəsaitin həcmi 5 milyard dollarlıq illik hədəfin yalnız beşdəbirini təşkil edib. Bu, yeni vərəm diaqnostikasının, vərəm əleyhinə dərmanların və peyvəndlərin hazırlanmasına mane olur.
Yeni vərəm hallarının əhəmiyyətli bir hissəsi beş əsas risk faktoruna məruz qalma ilə bağlıdır:
qidalanma,
HİV infeksiyası,
alkoqol istifadəsi pozğunluqları,
siqaret (xüsusilə kişilər arasında)
diabet.
Vərəmin yükünü azaltmaq sahəsində bir sıra qlobal hədəflər və məqsədlər qrafikdən geri qalır və 2027-ci ildə BMT-nin vərəmlə bağlı yüksəksəviyyəli ikinci iclası ərəfəsində nəzərdə tutulan digər hədəflərə nail olmaq üçün əhəmiyyətli irəliləyiş tələb olunur. ÜST hökumətləri, qlobal tərəfdaşları və donorları 2023-cü ildə BMT-nin yüksəksəviyyəli iclasında götürülmüş öhdəlikləri konkret tədbirlərlə dəstəkləməyə çağırır.
Təşkilat qeyd edir ki, vərəmə qarşı vaksinlərin inkişafı, elmi tədqiqatlara ayrılan vəsaitin artırılması vasitəsilə tərəqqinin sürətləndirilməsi və ilk növbədə, 2027-ci il üçün nəzərdə tutulan qlobal məqsədlərə nail olunması üçün təcili tədbirlərin görülməsi çox vacibdir.
Qeyd edək ki, Azərbaycanda vərəmə yoluxma halları azalıb. Səhiyyə Nazirliyinin məlumatına əsasən, 2023-cü ilin yanvar-noyabr aylarında 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə ölkədə ağciyər vərəmi ilə xəstələnmə halları 4,2 faiz azalıb.