Estetik cərrahlarla bağlı qalmaqal: Şikayət edənlər kim imiş? - FOTO

13-11-2024, 10:24           
Estetik cərrahlarla bağlı qalmaqal: Şikayət edənlər kim imiş? - FOTO
Bir neçə gündür Azərbaycanda estetik cərrahlarla bağlı yayılmış informasiyalarla əlaqədar müxtəlif müzakirələr aparılır.
TEREF qafqazinfo-ya istinadla xəbər verir ki, müvafiq ixtisasının olmadığı, rezidenturadan keçmədiyi bildirilən 50-yə yaxın estetik cərrahın saxta yollarla bu sahədə çalışması, insanları əməliyyat etməsi və bəzi hallarda ağırlaşmaların olduğu deyilir.
Bildirilir ki, Azərbaycanda estetik cərrahiyə sahəsində çalışan şəxslər arasındakı bu qarşıdurma son günlərin məsələsi deyil. Belə ki, bir müddət əvvəl 17 estetik cərrah müxtəlif dövlət qurumlarına fəaliyyət göstərdikləri sahədəki digər 50-yə yaxın həmkarları barədə şikayət məktubları göndəriblər. Aralarında Vüqar Ələkbərov, Adil Cümşüdov, Dilqəm Məhərrəmov, Mahir Əliyev, Dilqəm Məmmədov və digərlərinin də olduğu həmin qrup plastik cərrahiyyə sahəsindəki vəziyyətlə bağlı hüquq-mühafizə orqanlarının tədbirlər görməsini tələb ediblər.
Bundan sonra dövlət qurumları həmin estetik cərrahlar və işlədikləri klinikalarla bağlı araşdırmalara başlayıb. 10-a yaxın klinikada tibb işçilərinin ixtisasına uyğun fəaliyyət göstərməməsi müəyyən edilərək onların barəsində inzibati tədbirlər görülüb. Bunlardan bəziləri haqqında mətbuata da məlumat verilib.
Lakin qarşı tərəf də 50-ya yaxın estetik cərrahdan şikayət edən 17 həmkarın bir çoxunun özünün də müvafiq ixtisasının olmadığını, rezidenturadan keçməməsini bildirir. Belə ki, estetik cərrahiyyə ixtisası ölkəmizdə son 3-4 ildir formalaşsa da, şikayətçilərdən bəzilərinin 20 ildir plastik cərrahiyə əməliyyatları etməsi məlum olur.
Bununla yanaşı adları çəkilən, yəni həmkarlarından şikayətçi olan plastik cərrahların bir çoxunun ali təhsilinin tibb sahəsi üzrə olmaması da qeyd edilir. Barələrində şikayət edilmiş tibb işçiləri bildirir ki, 50 həmkarının cəzalandırılmasını istəyən həkimlər arasında Azərbaycan Beynəlxalq Universitetinin, Odlar Yurdu Universitetinin məzunu olanlar da var.
Həmçinin qeyd edilib ki, 17 estetik cərrahın qurumlara etdikləri şikayətlərdə digər cərrahların insan sağlamlığına önəm verməməsi, ağırlaşmaların olması vurğulanır. İnternet resurslarında və əvvəllər dövlət qurumlarına edilmiş müraciətlərdə isə həmin həkimlərin öz xəstələrinin də dəfələrlə onlardan şikayətçi olmasına dair məlumatlara rast gəlmək olur.
Xatırladaq ki, bir neçə gün öncə ABŞ-də yaşayan jurnalist Qənirə Ataşova instaqram hesabında 50-yə yaxın plastik cərrahın adını paylaşaraq onları, həmçinin Səhiyyə Nazirliyini saxtakarlıqda ittiham edib. O, həmin həkimlərin nazirliyə 30 min manat rüşvət verərək ixtisaslarını dəyişdiklərini iddia edib. Daha sonra ittiham edilən tərəf Q.Ataşovanın özünün kimlərinsə sifarişini yerinə yetirdiyini iddia edib. Jurnalist isə sosial şəbəkə hesabında barəsində deyilənlərin gülünc olduğunu bildirib.














Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.