Zəfər Günündə Bakıdan dünyaya çatdırılan mühüm mesajlar
12-11-2024, 12:24
Azərbaycan Prezidenti İlham Əliyevin yüksək diplomatik istedadı sayəsində son 20 il ərzində ölkəmizin dünyanın siyasi-iqtisadi mənzərəsini müəyyən edən aparıcı dövlətlərlə və beynəlxalq təşkilatlarla münasibətləri keyfiyyətcə yeni müstəvidə daha da inkişaf etdirilmişdir. Hazırda Azərbaycan Cənubi Qafqaz regionunda əsas söz sahibi olan dövlət kimi çətin geosiyasi şəraitdə müstəqil xarici siyasət həyata keçirir. Artıq ölkəmiz bütün regional məsələlərdə əsas iştirakçıdır və dövlətimizin başçısının qeyd etdiyi kimi, regiondakı strateji əhəmiyyətli heç bir layihə Azərbaycanın razılığı olmadan reallaşa bilməz.
Hazırda Azərbaycan yalnız beynəlxalq regionda gedən proseslərdə deyil, eyni zamanda, beynəlxalq aləmdə cərəyan edən proseslərə də təsir göstərmək imkanı qazanmışdır. Ona görə də bu gün dünyanı narahat edən və həyati əhəmiyyətli bir sıra problemlərdə aparıcı dövlətlərin başçıları Azərbaycan rəhbərinin mövqeyi ilə hesablaşırlar.
Azərbaycan 2011-ci il oktyabrın 24-də 2012-2013-cü illər üzrə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə keçirilən seçkilərdə BMT-yə üzv olan 193 dövlətdən 155-nin dəstəyi ilə inamlı qələbə qazanmışdır. BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv qəbul olunması Azərbaycanın diplomatiya tarixində əldə edilmiş ən böyük nailiyyətlərdən biri olmaqla, ölkəmizin son illər dünya miqyasında artan siyasi nüfuzunun bariz sübutu kimi qəbul edilir.
Bununla yanaşı, üzvlərinin sayına görə BMT-dən sonra dünyada böyük təşkilat olan Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının, oktyabrın 25-26-da Bakıda keçirilən XVIII Zirvə görüşündə 60-a yaxın ölkənin dövlət və hökumət başçısı, həmçinin beynəlxalq təşkilatların rəhbərləri, ümumilikdə isə 160-a yaxın ölkə və beynəlxalq təşkilatın nümayəndələri iştirak etdilər. Zirvə görüşü iki gün ərzində beynəlxalq münasibətlər sistemində ən mühüm hadisə oldu. Ümumilikdə, özündə 120 ölkəni birləşdirən və BMT-dən sonra dünyada ən böyük siyasi təsisat olan Qoşulmama Hərəkatının XVIII Zirvə görüşünün Prezident İlham Əliyevin sədrliyi ilə Bakıda keçirilməsi və 2019-2022-ci illər üzrə sədrliyin Azərbaycana həvalə edilməsi ölkəmizin böyük diplomatik uğurudur. Bununla yanaşı, son vaxtlar ölkəmizin ev sahibliyi etdiyi, eləcə də dövlət başçısının təşəbbüsü ilə keçirilən bir sıra mühüm əhəmiyyət kəsb edən tədbirlər son 20 ildə Azərbaycanın beynəlxalq aləmdə nüfuzunu xeyli yüksəltmişdir.
Son 20 il ərzində Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələrində aparılan islahatlar ordumuzun istər döyüş, istərsə də mənəvi-psixoloji hazırlığının güclənməsinə zəmin yaratdı. Azərbaycan ordusu ən müasir silahlar və texnika ilə təchiz olundu. Ölkəmizin büdcə zərfində müdafiə xərcləri hər zaman üstün mövqeyə malik olmuşdur. Əgər 2003-cü ildə dövlətimizin müdafiə və təhlükəsizlik büdcəsi 135 milyon dollar təşkil edirdisə, yenilməz ordumuzun tarixə Zəfərə imza atdığı 2020-ci ildə bu göstərici 1.9 milyard dollara, 2021-ci ildə isə 2.7 milyard dollara yüksəlmişdir. Cari ildə - 2024-cü ilin may ayında büdcə dürüstləşmədən sonra isə müvafiq xərclər 414 milyon dollar artırılmaqla 3,8 milyard dollardan 4,2 milyard dollara qaldırılmışdır. Müqayisə üçün qeyd edək ki, revanşizmin tüğyan etdiyi məğlub Ermənistanda müvafiq göstərici hazırda 1,4 milyard dollara bərabərdir. Fərq göz qabağındadır.
Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ermənistanın işğalı altında olan Azərbaycan torpaqlarını azad etmək üçün Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-də Qarabağda başladığı genişmiqyaslı və uğurlu əks-hücum əməliyyatları nəticəsində noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edildi. Azərbaycan Vətən müharibəsinin 44 günü ərzində uğurlu və genişmiqyaslı əks-hücum əməliyyatları həyata keçirdi. Nəticədə Azərbaycan dövləti BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi və 27 il yerinə yetirilməmiş qalan 874 və 884 saylı qətnaməni özü icra etdi.
Azərbaycanın hərbi-diplomatik Qələbəsi ilə nəticələnən 44 günlük Vətən müharibəsi nəticəsində noyabrın 20-də Ağdamın və 25-də isə Kəlbəcərin işğaldan azad edilməsi 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatın müvafiq maddəsinin yerinə yetirilməsini, eləcə də münaqişənin hərbi-siyasi həllini müəyyənləşdirdi.
Azərbaycan Prezidenti İlham Əliyev Bakıda Hərbi Qənimətlər Parkının açılışında bildirib ki, İkinci Qarabağ müharibəsi bizim şanlı tariximizdir, xalqımız bu müharibə ilə bağlı əbədi qürur hissi keçirəcək və biz müzəffər xalq kimi özümüzü dünyada təsdiq etmişik. Bu baxımdan qeyd etmək lazımdır ki, Azərbaycanın milli maraqlarını uca tutan, Prezident İlham Əliyevin prinsipial mövqeyi hərb, diplomatiya meydanında olduğu kimi informasiya savaşında da uğurlarımızı şərtləndirirdi və tarixi Qələbəmizin əsası qoyuldu. Azərbaycan Prezidentinin qeyd etdiyi kimi biz döyüş meydanında da, informasiya məkanında da, siyasi müstəvidə də Qələbə qazandıq.
Qeyd etmək lazımdır ki, Azərbaycan dövləti İkinci Qarabağ müharibəsindən sonra əzəli torpaqlarını işğaldan azad etməklə yanaşı, 100 il əvvəl – 1923-cü ildə Qarabağda məqsədli şəkildə pozulmuş inzibati-ərazi bölgüsünü də yenidən təmin etdi. Azərbaycan Prezidentinin 2021-ci il iyulun 7-də imzaladığı Fərman əsasən Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının yaradılması ilə tarixi ədalət bərpa edilmiş oldu.
Nəticədə İkinci Qarabağ müharibəsi son yüz ildə şərəf və qəhrəmanlıq salnaməsi kimi Azərbaycan tarixinə yazıldı. Bu gün üçrəngli müqəddəs bayrağımız Azərbaycanın bütün işğaldan azad edilmiş ərazilərində - Cəbrayılda, Füzulidə, Zəngilanda, Qubadlıda, Kəlbəcərdə, Laçında, Ağdamda, Şuşada, Xocavənddə, Hadrutda, Ağdərədə, Xocalıda və Xankəndidə qürurla dalğalanır.
Prezident İlham Əliyevin 2020-ci il 3 dekabr tarixli Sərəncamına əsasən noyabrın 8-i Zəfər Günü kimi qeyd olunur. Bu münasibətlə noyabrın 8-də Bakıda parlaq Zəfərimizlə bağlı bir çox rəmzləri özündə əks etdirən yeni simvolumuzun, Zəfər parkının açılışı keçirilib.
Dövlətimizin başçısı burada üçrəngli Dövlət Bayrağımızı ucaldandan, Zəfər abidəsinin önünə əklil və gül dəstələri qoyandan sonra xalqımıza müraciət etdi. Prezident bildirdi ki, 44 günlük Vətən müharibəsi bizim şanlı tariximizdir, parlaq Qələbəmizdir: “Biz həm Birinci Qarabağ müharibəsinin, həm İkinci Qarabağ müharibəsinin, eləcə də antiterror əməliyyatının şəhidlərinin qanını döyüş meydanında aldıq, öz ərazi bütövlüyümüzü, suverenliyimizi bərpa etdik”. Dövlətimizin başçısı, həmçinin vurğulayıb ki, artıq ərazilərimizdə separatçılığın kökü kəsilib, kitabı bağlanıb. Yəni, artıq Qarabağ torpağında separatçıların izi-tozu da qalmayıb.
Qeyd edilməlidir ki, Ermənistanın arxasında duran bir çox dövlətlər bizim bu işğalla barışmağımız üçün müxtəlif üsullardan istifadə edirdilər. Eyni zamanda, qeyd edirdilər ki, guya Ermənistan-Azərbaycan münaqişəsinin hərbi həlli yoxdur, sülh yolu ilə həll olunmalıdır. Amma onlar ərazilərimizi 30 il əsarət altında saxlayan Ermənistana bir dəfə də işğal etdiyiniz Azərbaycan ərazilərindən çıxın demirdilər. Bununla da başımızın altına əgər belə demək mümkünsə, yastıq qoymaq istəyirdilər. Amma Prezident, Müzəffər Ali Baş Komandan sübut etdi ki, bunun hərbi həlli var. Və həll də etdi. Daha doğrusu, bu məsələyə birdəfəlik həlledici nida işarəsi qoydu. “Qarabağ Azərbaycandır və nida”nı, yəni bu Qələbəni Rusiya Prezidenti Vladimir Putin və Ermənistan baş naziri Nikol Paşinyanla birgə imzaladığı 10 noyabr Bəyanatı ilə rəsmiləşdirdi.
Xalq müraciətində bu məqama da toxunan dövlətimizin başçısı vurğulayıb ki, onların planlarında məsələni həll etmək yox, işğala son qoymaq yox, Azərbaycan torpaqlarını erməni işğalının altında əbədi saxlamaq idi: “Biz isə bu vəziyyətlə barışa bilməzdik”. Barışmadıq da. Şübhəsiz, bu məsələdə nəyin bahasına olursa-olsun, biz öz ərazi bütövlüyümüzü bərpa edəcəyik, Azərbaycanın ərazi bütövlüyü, suverenliyi danışıqlar mövzusu olmayaca deyən və nəyi nə vaxt etmək lazım olduğunu yaxşı bilən Müzəffər Ali Baş Komandanın xidmətləri misilsizdir.
Metin Hüseynov - siyasi sərhçi, politoloq