“ƏBƏDİ PUTİN NAMİNƏ KONSTİTUSİYA TAMAŞASI!”- Rusiyada referendum və ya Kremlin "uzağa atan" silahı...

4-07-2020, 00:08           
“ƏBƏDİ PUTİN NAMİNƏ KONSTİTUSİYA TAMAŞASI!”-
Rusiya Mərkəzi Seçki Komissiyası bu gün Konstitusiyaya dəyişikliklərlə bağlı keçirilən ümumxalq səsverməsinin nəticələrini təsdiqlədi. Bu gün həm də, prezident Vladimir Putin Konstitusiyanın yeni dəyişiklərlə birgə dərcinə dair fərman imzaladı. Dəyişikliklər sabahdan, yəni iyulun 4-dən qüvvəyə minəcək. Rəsmi nəticələrə əsasən, iyunun 25-dən iyulun 1-dək davam edən səsvermə müddətində vətəndaşların (səsvermə hüququ olan) 77,93 faizi Konstitusiyaya düzəlişləri dəstəklədi. 21.27 faiz isə dəyişikliklərin əleyhinə səs verdi.

NƏLƏR DƏYİŞƏCƏK?

Bəs, söhbət hansı dəyişikliklərdən gedir? Və ölkənin ali qanununa xeyli sayda yenilik gətirməkdə əsas məqsəd nə idi?

Əvvəla, Rusiya Konstitusiyasına düzəlişlərdə hazırkı və keçmiş prezidentlərə öz namizədliklərini daha iki müddətə irəli sürmək hüququ verilir. Bu o deməkdir ki, Vladimir Putin 2024 və 2030-cu illərdə yenidən prezidentliyə namizəd ola biləcək.

Bununla yanaşı, düzəlişlərdə hökumətin təyin olunmasının yeni qaydaları, keçmiş prezidentlərin toxunulmazlığı, baş nazir və parlamentin palatalarının səlahiyyətlərinin dəyişdirilməsi, nikahın yalnız kişi və qadın arasında bağlana biləcəyi və bir sıra başqa məsələlər əksini tapıb.

Səsvermədə iştirak edənlər dəyişikliklərə münasibətlərini ayrı-ayrılıqda yox, ümumilikdə “hə” və ya “yox” deməklə ifadə ediblər.

HÖKUMƏT MƏMNUNDUR, BƏS BEYNƏLXALQ ALƏM?

Rusiya Mərkəzi Seçki Komissiyası səsvermə dövründə 526 mindən çox müşahidəçinin Rusiyanın bütün regionlarında seçkilərə nəzarət etdiyini, baxılmağa ehtiyac yaradan hər hansı qanun pozuntusu qeydə almadığını bildirib.

Kremlin mətbuat katibi Dmitri Peskov isə səsvermənin uğurlu nəticələrini rus xalqınının prezident Vladimir Putinə etimadı kimi qiymətləndirib. Onun sözlərinə görə, Konstitusiyaya dəyişiklər Rusiyanın daha yaxşı gələcəyinə hesablanıb.

Səsvermənin yekun nəticələri açıqlanandan sonra prezident Putindən də açıqlama gəlib və o, Konstitusiyaya düzəlişlərə səs verdiklərinə görə vətəndaşlara təşəkkürünü bildirib. Kreml rəhbəri nəticələri mövcud iqtidara dəstəyin və güvənin ifadəsi kimi dəyərləndirib.

Hökumətin mövqeyi aydındır, bəs, beynəlxalq aləm, nüfuzlu Qərb dövlətləri və təşkilatları nə düşünür?

Avropa və Amerika mətbuatı Konstitusiya dəyişiklikləri ilə bağlı yekdilliklə iki məqamın üzərində dururlar. Birincisi, odur ki, səsvermənin nəticəsi əvvəlcədən müəyyən edilmişdi. Lakin hər bir halda Putin üçün bunu bəyan etmək vacib idi.

Çünki xalq ona ölkəni bundan sonra da idarə etmək üçün mandat vermiş olurdu. İkinci məqam da odur ki, rəsmi tekekanallar və təbliğatçılar az qala, bütün düzəlişlərdən danışdılar, amma ən vacibləri barədə susdular.

2036-ya QƏDƏR…

Almaniyanın aparıcı qəzetlərindən olan “Frankfurter Allgemeine Zeitung” yazır: “Ən vacib maddə, təəssüf ki, unuduldu. Rəsmi kanallar və təşviqatçılar Putinin əvvəlki prezidentlik müddətlərinin “sıfırlanması” və ona ölkəni ən azı 2036-cı ilə qədər idarə etməyə icazə verən düzəliş barədə demək olar ki danışmadılar. Putinin 2024 və 2030-cu illərdə yenidən prezidentliyə namizəd olmasına imkan verən maddə o qədər yaxşı gizlədilmişdi ki, (81-ci maddənin 3-cü bəndində) ilk başda rəsmi məlumatda bu bəndi unutmuşdular. Lakin son anda bu vacib maddə paketə daxil edildi”.

DEMOKRATİYANIN QALIQLARI…

Almaniyanın populyar qəzetlərindən olan “Süddeutsche Zeitung” isə yazır ki, məlum dəyişiklik Putinin hakimiyyətdə qalmasına xidmət edir: “Bundestaqın İnsan Hüquqları və Humanitar Yardım Komitəsinin rəhbəri Qyude Yensen hesab edir ki, bu, demokratiyanın qalıqlarını əks etdirən bir mahnıdır. Və alman siyasilər Avropa Şurasında Rusiya nümayəndə heyətinin səsvermə hüququndan məhrum edilməsini müzakirə etməlidirlər. Yensen kansler Angela Merkeldən və xarici işlər naziri Hayko Maasdan bu saxta səsverməyə və Konstitusiyaya kəskin reaksiya gözlədiyini də əlavə edib”.

Qəzet səsverməni “Əbədi Putin naminə Konstitusiya tamaşası” adlandıran deputat Manuel Sarratsindən də sitat gətirib: “Putinin vəd etdiyi sabitlik sosial-iqtisadi durğunluq, mühafizəkar millətçilik və anti-demokratik qəbiristanlıq sükutudur”.

“Kreml lehinə səs verməyin Putin hökumətinin ömrünü uzadacağı faktını reklam etməməyə çalışdı. Bunun əvəzinə dövlət mediasında və reklam roliklərində vurğu onun üzərinə oldu ki, hökumətin məqsədi pensiya və minimum əmək haqqını qaldırmaq və ya heyvanlara məsuliyyətli münasibəti təmin etməkdir”, – “British Times” yazır.

“New York Times” bu səsverməsini “diqqətlə hazırlanmış tamaşa” adlandırıb.

Amerikalı jurnalistlərin ortaq mövqeyi budur ki, Rusiyadakı səsvermənin nəticələri əvvəlcədən müəyyən edilmişdi. Buna baxmayaraq, Putin üçün bu səsvermə onun hakimiyyətini qanuniləşdirirdi.

“New York Times” da hesab edir ki, düzəlişlərlə bağlı rəsmi təbliğat kampaniyasında əsas dəyişiklikdən (prezidentlik müddətinin “sıfırlanması”) demək olar ki, bəhs olunmadı.

SOVETLƏRDƏN SONRA ƏN QƏRİBƏ SƏSVERMƏ

İtaliyanın “Corriere della Sera” nəşri yazır ki, bu, Rusiyanın Sovet İttifaqının dağılmasından bəri keçirdiyi ən qəribə səsvermədir: “Prosedur yeddi gün davam etdi, referendum qaydalarına görə deyil, xüsusi qəbul edilmiş bir qanunla keçirildi, üstəlik heç bir hüquqi əhəmiyyəti olmadı. Son illərdə prezident Rusiyanı və xüsusən hakimiyyətdəki fərqli fraksiyaları idarə edə biləcək potensial varis axtarırdı. Lakin sonda qərara gəldi ki, hələ ki heç kim belə bir zəmanət verə və onun yerini tuta bilməz. Buna görə, o, varislik üçün iddiaçıların ehtimal olunan şiddətli döyüşünü aradan qaldırdı. Putin bu qərarın xalq səsverməsi yolu ilə tənzimlənməsinə ehtiyac duydu, çünki populyarlığı son aylarda aşağı düşmüşdü”.

İtalyanlar hesab edirlər ki, nəticə əvvəlcədən müəyyənləşdirilmişdi. Sadəcə hökumətin əsas qayğısı xalqın dəstəyini bəyan etmək idi: “Kremlin nəzərində lehinə verilmiş səslər Rusiya xalqının Putinin kursu ilə razılaşdığının göstəricisidir. Yəni xalq Putinə ölkəni istədiyi müddətə qədər idarə etmək imkanı tanıyır. Və hökumət məqsədinə nail oldu”.

“Populyarlığının rekord dərəcədə aşağı düşdüyü və cəmiyyətdə narazılığın böyüdüyü bir vaxtda ölkəyə iyirmi ildir hökmranlıq edən Putin yenidən sabitliyin və vətənpərvərliyin qarantı olaraq meydana çıxdı və varisi haqqında dedi-qoduları yox olmağa məcbur etdi”, – deyə İspaniyanın “El Pais” qəzeti yazır.

SAXTA SƏSVERMƏ, SAXTA MÜŞAHİDƏ…

Rusiyadakı səsverməni sərt tənqid edən beynəlxalq qurumlardan biri də müstəqil seçki müşahidə təşkilatlarının şəbəkəsi olan Avropa Demokratik Seçkilər Platformasıdır (EPDE). Qurum öz bəyanatında beynəlxalq müşahidəçilərin Rusiyadakı səsvermə ilə bağlı rəyini qiymətləndirib: “İstənilən beynəlxalq “müşahidəçi” heç bir rəsmi beynəlxalq monitorinq missiyasının tərkib hissəsi deyil və bəyanatları “qanuni qiymətləndirmə” kimi qəbul edilməməlidir”.

EPDE-nin “Saxta müşahidəçilər Rusiyadakı fırıldaqçı səsverməni leqallaşdırdı” adlı sənədində o da qeyd olunur ki, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu missiyası səsverməni izləmə prosesinə dəvət olunmadı və yerli müstəqil müşahidəçilər səsvermə zamanı məntəqələrə buraxılmadı…

Strateq.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.