Birinci vitse-prezidentin Elçibəyin xanımı ilə bağlı jestləri təqdir edilir Яндекс.Директ

19-06-2019, 09:13           
Birinci vitse-prezidentin Elçibəyin xanımı ilə bağlı jestləri təqdir edilir Яндекс.Директ
Eks-prezidentin ailəsi adından Mehriban Əliyevaya təşəkkür ünvanlandı
Azərbaycanın 1-ci vitse-prezidenti, Heydər Əliyev Fondunun rəhbəri Mehriban Əliyeva mərhum prezident Əbülfəz Elçibəyin İstanbulda vəfat edən həyat yoldaşı Həlimə Əliyevanın cənazəsinin Bakıdan Naxçıvana aparılması və dəfn prosesində iştirak edən yaxınlarının muxtar respublikaya gedə bilməsi üçün xüsusi təyyarə ayırtdırıb. O, dəfnə aid bütün məsrəfləri üzərinə götürüb, daha sonra isə Kələki məzarlığına öz adından əklil göndərib.

Prezident İlham Əliyevin və 1-ci vitse-prezident Mehriban Əliyevanın bu jestləri cəmiyyətdə böyük əks-səda və yüksək təqdir doğurub. Bütün media quruluşları və sosial şəbəkələr bu nəcib addımı təqdir edən yazılar, statuslar paylaşır.

Mehriban Əliyevanın jesti çox müsbət bir ənənə olaraq alqışlanır.

Dilarə Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri, tanınmış hüquq müdafiəçisi Novella Cəfəroğlu “Yeni Müsavat”a açıqlamasında bildirdi: “Mən Mehriban xanıma təşəkkür edirəm. Bu ağır günlərdə eks-prezident Əbülfəz Elçibəyin ailəsinə dəstək verdi. Bu, çox gözəl, hər kəs tərəfindən müsbət qarşılanan addımlar oldu. Mehriban Əliyevanın bu addımları ölkəmiz, xalqımız üçün də çox yaxşı, müsbət ənənənin əsasını qoyan davranış oldu. Vaxtilə Heydər Əliyev də Əbülfəz Elçibəy vəfat edəndə çox böyük jest eləmişdi. Mən bu cür yüksək mənəvi, insani addımların hüzn günlərindən başqa, bayram günləri, tarixi günlərdə də atılmasının ölkəmiz üçün faydalı olacağına əminəm”.

“Azərbaycan” qəzetinin baş redaktoru, deputat Bəxtiyar Sadıqov da Mehriban Əliyevanın eks-prezident Elçibəyin xanımı ilə bağlı atdığı addımların böyük mənəvi dəyər daşıdığını və cəmiyyətdə müsbət qarşılandığını dedi: “Azərbaycan xalqının milli-mənəvi dəyərləri var. Bunlar elə dəyərlərdir ki, əsrlər boyu yaşayıb, bu günə gəlib çatıb və bizim xalqımızı bir xalq kimi digərlərindən müsbət mənada fərqləndirir. Bu milli-mənəvi dəyərlər bizim bir millət kimi ürəyimizin genişliyini göstərir. Birinci-vitse prezident Mehriban Əliyeva da bu milli-mənəvi dəyərləri yüksək səviyyədə qoruyan, davam etdirən addımlar atır. Əbülfəz Elçibəyin dünyasını dəyişən xanımı ilə bağlı atdığı addımlar bu mənəvi dəyərlərimizin davam etməsində çox müsbət ənənədir. Heydər Əliyev Fondu milli-mənəvi dəyərlərimizi yaşadan ünvanlardan biridir”.

Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Mustafa da məsələyə müsbət münasibət ifadə edib: “Azərbaycanın milli-azadlıq hərəkatının lideri mərhum Əbülfəz Elçibəyin həyat yoldaşı Həlimə xanımın vəfatından sonra həm ölkə prezidenti İlham Əliyevin, həm də birinci vitse-prezident Mehriban Əliyevanın atdığı addımlar gözlədiyim və atılması vacib olan addımlar idi. Söhbət məsələnin maddi tərəfindən getmir, hakimiyyət və siyasət məsələlərinin qat-qat üzərində mövcud olan insanlıq dəyərlərinin önə çəkilməsindən gedir. Cəmiyyətimizin ən çox da buna ehtiyacı var. Bir-birimizə hakimiyyət və siyasətin amansız emosiyasından uzaqlaşaraq sırf bir millətə mənsub insanlar kimi sadələşdirilmiş sayğı və ehtiram göstərməyi ənənəyə çevirməmiz olduqca vacibdir. Bu, ənənəyə ona görə çevrilməlidir ki, gələcəyimizdə siyasi- ideoloji dünyagörüşü fərqlilikləri, düşüncə ayrılıqları insan münasibətlərinin dəyərindən heç vaxt üstün tutulmasın, sayı az, problemləri çox olan millətimizin insanlarının bir-birinə aqressiyası azalsın. Mən istərdim ki, həm İlham Əliyevin, həm də Mehriban xanımın bu tərifəlayiq addımının təqdir olunmasından daha çox, cəmiyyət həyatımızda bir müsbət davranış nümunəsi kimi hamılıqla anlaşılması baş versin”.

Əbülfəz Elçibəyin kürəkəni Aqil Səmədbəyli isə Türkiyədə dünyasını dəyişən qayınanası Həlimə Əliyevanın müalicə dövründə və yas mərasimində əməyi keçən hər kəsə təşəkkürünü bildirib. O, bu barədə öz facebook səhifəsində yazıb. Aqil Səmədbəyli cənazə xərclərini öz üzərinə götürdüyünə və çələng göndərdiyinə görə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya minnətdarlıq edib.

Qeyd edək ki, Həlimə Əliyeva iyunun 14-də Türkiyədə vəfat edib. Onun cənazəsi Azərbaycana gətirilərək, Naxçıvanın Ordubad rayonunun Kələki kənd qəbiristanlığında valideynlərinin yanında torpağa tapşırılıb. Dəfn mərasimində mərhumun ailə üzvləri, sabiq deputat Arzu Səmədbəyli, MHP İğdır millət vəkili Yaşar Qaradağ, Ülkü Ocaqları rəhbərinin müavini Aybars Kösə, Türkiyə Ülkü Ocaqlarının baş katibi Ömər Çağrı Özdəmir və MHP-nin İstanbul və İğdır təşkilatlarının nümayəndə heyəti iştirak edib. Onlar mərasimdə MHP sədri Dövlət Bağçalının tapşırığı ilə iştirak ediblər.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.