"Camaat xəyalən Şəkiyə, Qəbələyə, Nabrana, Qubaya, Qusara gedəcək?!"

1-07-2020, 00:06           
"Camaat xəyalən Şəkiyə, Qəbələyə, Nabrana, Qubaya, Qusara gedəcək?!"
Teref.az yazır ki, Respublikaçı Alternativ Partiyasının üzvü, iqtisadçı Natiq Cəfərli Operativ Qərəgahın qərarlarını sərt tənqid edərək yazır:
Prezident: “Xüsusən pandemiya dövründə daxili turizmə böyük diqqət yetiririk. Çünki daxili turizm xarici turizmi tam əvəz etməsə də, hər halda, bizim turizm infrastrukturunu, o cümlədən regionlarda müəyyən dərəcədə doldura bilər. Azərbaycan vətəndaşlarının hələlik xaricə gedə bilmədiklərini nəzərə alaraq, əlbəttə, daxili turizm turizm sənayesini dəstəkləyən amil ola bilər”.

Prezidentin köməkçisi Hikmət Hacıyev: “Beş iyula qədər Azərbaycanda xüsusi karantin rejimi uzadılıb. Xüsusi karantin rejiminin daha 2 həftə uzadılması barədə rəy var”.

Hörmətli Hikmət bəy, kimlərin rəyi var? Bu rəy nəyə əsaslanır? İyun ayında 4 gün çox sərt, analoqu olmayan “lockdown” oldu, nədən bu 4 gün statistikada öz əksini tapmadı, nə səbəbə heç bir xeyri olmadı? Bu gün növbəti dəfə elan etdiniz karantinin 9-cu günüdür, niyə rəqəmlər 550 civarından açağı düşmür? Yəni, xüsusi karantin rejimi elan olunmamışdan öncə 400-lərdə olan yoluxma, indi 550-lərdədir, nədən yoluxma halları azalmır? Bəlkə heç problem xüsusi karantin rejimində deyil də, bu prosesin idarə edilməsindədir?!
Yaxşı, Prezident bu gün çıxış edib, deyib ki, daxili turizmi inkişaf etdirməliyik, pandemiya dövründa daxili turizm infrastrukturunu ayaqda saxlamalıyıq, Siz isə deyirsiniz ki, xüsusi rejim daha 2 həftə uzadılsın – bu da iyul ayının bitməsi demək olacaq. Yəni, artıq yay mövsümünün 2 ayı arxada qalacaq, xüsusi karantin rejimi isə vətəndaşların ölkə ərazisində hərəkətini məhdudlaşdırıb – bəs necə daxili turizmi inkişaf etdirəcəksiniz?! Camaat xəyalən Şəkiyə, Qəbələyə, Nabrana, Qubaya, Qusara gedəcək?! Xəyalən gəzəndə turistik obyektlər pul qazanmayacaq axı?! Olmazmı ki, məsələləri dərindən analiz edən qurum yaradasınız, Sizə, Operatuv Qərargaha rəy verən mütəxəssislərin adlarını açıqlayasınız, onlarla birgə cəmiyyətin inandığı mütəxəssislər müzakirələr aparıb düşünülmüş qərarlar alsınlar?! Axı bu bəla hamımızın başına gəlib, nədən elə bilirsiniz ki, hökumət hamıdan ağıllıdır, ancaq hökumət doğru qərarlar ala bilər?! Biz, siyasi partiyalar, vətəndaş cəmiyyəti üzvləri məsələlərin müzakirəsinə öz tövhəmizi verə bilətrik – yetər ki, hökumət öz səhvlərini etiraf etməyi, müzakirə ortamı yaratmağı bacarsın, bu addım məmləkətin ancaq xeyrinə ola bilər...
Teref.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.