Azərbaycan millisi AVRO-2020-də oynamaq şansını itirib

15-11-2019, 08:53           
Azərbaycan millisi AVRO-2020-də oynamaq şansını itirib
AVRO-2020-nin seçmə mərhələsinin IX turunun ilk oyun günü Azərbaycan milli komandasının həlledici raunda çıxmaq şansını itirməsi ilə nəticələnib.

APA-nın məlumatına görə, yığmamızın meydana çıxmadığı günün nəticələrindən sonra millimiz 12 şəhərdə keçiriləcək final mərhələsində iştirak üçün son şansı ilə də vidalaşıb.

Düzdür, Nikola Yurçeviçin rəhbərliyi altında çıxış edən komanda hələ iki ay əvvəl Xorvatiya ilə Bakıdakı heç-heçədən sonra seçmə mərhələdə uğur qazanmaq ümidinin üstündən xətt çəkib. Həmin vaxt yığmanın ilk iki yerdən birini tutmaq şansı tükənmiş, ötən ay isə qrup sonuncusu olmağı rəsmiləşib.

Amma AVRO-2020-yə birbaşa vəsiqə qazanmaq imkanı olmayan milli pley-offa qatılmaq şanslarını dünənə qədər saxlayırdı. Söhbət Millətlər Liqası hesabına formalaşan pley-offçular sırasına düşməkdən gedir.

Hərçənd bu şans öncədən möcüzəyə bənzəyirdi. Baxmayaraq ki, komandamız pley-offa vəsiqəni təmin etmək üçün gözəl imkanı da olub.

Yığmanın uğursuz baş məşqçiləri siyahısında ən sonuncu qoşulan N.Yurçeviç bu sıralamadakı sələfi olan Qurban Qurbanov həmin şansı qaçırmışdı. Millətlər Liqasında 1-ci olaraq pley-offa çıxmağı təmin etməyi bacarmayan yığma ümidini başqalarına bağlamışdı.

Ümumiyyətlə, heç bir çalışdırıcı üçün uğur gətirməyən komanda Millətlər Liqasında D liqasının 7-cisi olmuşdu. Əsasnaməyə əsasən, qrup qaliblərindən hansısa seçmə mərhələdə uğur qazanırsa, onu liqanın sıralamasındakı növbəti yerin sahibi əvəzləyirdi.

Bir sözlə, N.Yurçeviç üst sıralardakı 3 komandanın final mərhələsinə vəsiqəni seçmə oyunlardan əldə etməsini gözləyirdi. Öndəki 6 komandadan ikisi – Millətlər Liqasında qrup qalibi olmuş Gürcüstanla Belarusun seçmə mərhələnin əvvəlindən nəyəsə ümid bağlamadıqları aşkar göründü. Az sonra sıralamada 5-ci olan Lüksemburq da sıradan çıxdı.

Dünənki oyunlara qədər iki qrup qalibi – Kosovo və Şimali Makedoniya seçmələrdən finallara yüksəlmək şansını qoruyurdu. Onlardan birinci “xoşbəxt”i sıralamanın 5-cisi, yəni Lüksemburq əvəzləyə bilərdi. İkinci sensasiya müəllifi isə yerini Ermənistana verməli idi. Amma sonuncular da seçmə mərhələdə uğura ümid edirdi.

Azərbaycan yığması isə hər üç komandanın uğurunu – kiçik möcüzəni gözləməli idi. Həm Kosovo, həm Şimali Makedoniya, həm də Ermənistan final mərhələsinə birbaşa vəsiqə qazanmalı, pley-offda Gürcüstan və Belarusa rəqib kimi Lüksemburqla Azərbaycanı qoymalı idi.

Lakin Çexiyada meydan sahiblərinə uduzan Kosovo final mərhələsi şansını pley-offa bağlamalı olub. Nəticədə D liqasının pley-offunda 3-cü iştirakçı dəqiqləşib. Bu, Belarus, Gürcüstan və Kosovodur. 4-cü yerin sahibi Şimali Makedoniya, onlar seçmə mərhələdə uğur qazansa, Lüksemburq olacaq.

Tarixi boyu ən yaxşı yerli məşqçiləri belə uğursuzluğa düçar edən milli isə növbəti tsikli - DÇ-2022-ni gözləməlidir. Uğursuzluğa görə qovulması qaçılmaz olan Nikola Yurçeviçi isə növbəti qurban əvəzləyəcək.шаблоны для dle 11.2













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.