Azərbaycan Kuboku: Bu gün ilk 1/4 final oyunları keçiriləcək

15-12-2019, 09:35           
Azərbaycan Kuboku: Bu gün ilk 1/4 final oyunları keçiriləcək
Bu gün futbol üzrə Azərbaycan Kubokunda ¼ final mərhələsinə start veriləcək.

"Report"un məlumatına görə, qarşılaşmaların hamısı ötənilki cütlərdən ibarət olacaq.

İlk oyun gününə iki görüş təsadüf edəcək. Qəbələ şəhər stadionunda eyniadlı komanda "Sabah"ı, "ASCO Arena"da isə "Səbail" "Zirə"ni qəbul edəcək.

Ölkə kubokunun son qalibi olan "qırmızı-qaralar" paytaxt təmsilçisi ilə ölkə kubokunda üçüncü dəfə üz-üzə gələcəklər. Ötənilki matçların hər ikisində “Qəbələ” eyni hesabla qalib gəlib. Bu komandalar Premyer Liqada mövsümün ilk yarısını hərəyə 13 xalla 6-7-ci pillələrdə başa vurublar.

"Səbail" və "Zirə" isə bir həftədən sonra yenidən görüşəcək. Dekabrın 8-də iki komanda arasında Zirədə keçirilmiş Premyer Liqanın XIV tur qarşılaşmasında meydan sahibləri böyük hesabla qalib gəliblər - 4:1. Hazırda "Səbail" 12 xalla sonuncu pillədə yer aldığı halda, "Zirə" 17 xalla 5-cidir.

Ötən mövsüm bu komandaların ölkə kubokundakı hər iki görüşündə "Zirə" minimal fərqlə qələbə əldə edib - 1:0, 3:2. “Səbail”in ev matçında hər iki komanda qol vurub.

Azərbaycan Kuboku

1/4 final, ilk oyunlar

15 dekabr (bazar)

15:00. “Qəbələ” – “Sabah”

Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Kamranbəy Rəhimov

Hakim-inspektor: Anar Salmanov

AFFA nümayəndəsi: Asif Əliyev

Qəbələ şəhər stadionu

17:00. “Səbail” – “Zirə”

Hakimlər: Kamal Umudlu, Mübariz Haşımov, Cavanşir Yusifov, Fərid Hacıyev

Hakim-inspektor: İmanxan Sultani

AFFA nümayəndəsi: Aslan Şahgəldiyev

“ASCO Arena”

Qeyd edək ki, digər iki görüş dekabrın 16-da keçiriləcək. Həmin gün "Neftçi" "Sumqayıt"ı, "Qarabağ" "Keşlə"ni qəbul edəcək. Bütün görüşlər “CBC Sport” telekanalı vasitəsi ilə canlı yayımlanacaq.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.