Cavid Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib

13-04-2016, 14:46           
Cavid Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib
Səbail rayon Məhkəməsində futbolçu Cavid Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

APA-nın məlumatına görə, hakim Elmar Rəhimovun sədrlik etdiyi prosesdə şahid qismində Rasim Əliyevin anası Teyfurə Əliyeva ifadə verib.

T. Əliyeva deyib ki, Rasim Əliyevlə Elşən İsmayılovun görüşündən Cavid Hüseynovun xəbəri olub və Cavid istəsəydi bu görüşə mane ola bilərdi, lakin maraqlı şəxs olduğuna görə bunu etməyib.

Vəkil Adəm Məmmədov isə bildirib ki, istintaq orqanı Teyfurə Əliyevanın verdiyi ifadəyə tənqidi yanaşıb, əgər belə olmasaydı Cavid Hüseynova daha ağır ittiham verilərdi.

Daha sonra şahid məhkəmə iştirakçılarının suallarını cavablandırıb.

Məhkəmədə iclasa gəlməyən dörd nəfər şahidin məcburi məhkəməyə gətirilməsi barədə qərar qəbul edilib.

Proses aprelin 27-də davam etdiriləcək.

Xatırladaq ki, Cavid Hüseynov jurnalist Rasim Əliyevin ölümü ilə bağlı təqsirləndirilir. Bu iş üzrə təqsirləndirilən şəxslərə hökm oxunub. Həmin cinayət işinin materiallarından Cavid Hüseynovun Cinayət Məcəlləsinin 307.1 (ağır cinayətin hazırlanması və törədilməsini bilərək həmin cinayət barəsində xəbər verməmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələri ilə təqsirləndirilməsinə dair hissə ayrıca icraata verilib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.