"Eşşəkləri və alimləri mərkəzə!"

4-07-2020, 11:04           
"Eşşəkləri və alimləri mərkəzə!"
Yazılanlara görə, 21 iyul 1798-ci ildə Misirə hücum zamanı, piramidalar ətrafındakı döyüşə başlayarkən, Napoleon Bonapart ordusuna düzbucaqlı formasında düzülmək əmri ilə birlikdə məhz yuxarıdakı əmri də verib və onun əsgərlərini gülmək tutub. Məsələ burasındadır ki, Napoleon Misiri sadəcə hərbi cəhətdən zəbt etmək istəmirmiş və oraya özü ilə bir qrup alim (aralarında "bizim" məşhur Jozef Furye də olmaqla) aparıbmış. Onlara verdiyi qiymət də sonralar özünü doğruldub. Belə ki, Napoleon həmin döyüşdə qalib gəlsə də, qısa müddət sonra ingilislər tərəfindən ordusu darmadağın edilib, lakin alimlərin həmin səfər zamanı piramidalar haqqında tədqiqatları bütün dünyada əks-səda yaradıb. Eşşəklər isə silah-sursat daşımaq üçün əsas vasitə idi və onları da qorumaq istəyirdi. Əmrin qısa olması lazım olduğu üçün belə gülməli ifadə alınıb. Sonralar həmin səfərdə iştirak etmiş digər bir riyaziyyatçı Qaspar Monja ali mükafat təqdim edərkən Napoleon deyib: "Siz alimlərə qibtə edirəm. Əlləri qana batmadan şöhrət qazanan insanlar, yəqin, necə də xoşbəxtdirlər."

P.S. Hazırda bizim ölkəmizdə də alimləri eşşəklərlə müqayisə edirlər, amma tamamilə başqa mənada. Elmi-tədqiqat institutlarında 150-200 manat maaş verib, hələ əvəzində ciddi elmi nəticələr də tələb edirlər. Buna baxmayaraq, onların arasında hətta bu dəhşətli şəraitdə müntəzəm olaraq nüfuzlu elmi jurnallarda məqalə çıxara bilən bir neçə qəhrəman da tapılır.

P.P.S. Müəyyənlik üçün onu da əlavə edim ki, bundan əvvəlki son iki cümlənin şəxsən mənə aidiyyatı yoxdur.
Namig J. Guliyev
Teref.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.