“Din” sözünün batini mənası

2-10-2019, 20:06           
“Din” sözünün batini mənası
Bu gün milyonlarla insan müxtəlif dinlərə etiqad edirlər və bu etiqada görə bəzən bir-birlərini məhv etməyə də qalxırlar. Bəs bu din nə olan şeydir ki, ondan ötrü insanlar bir-birinə qıyır, qardaş-qardaşa düşmən kəsilir və s. Bu sualın cavabını vermək üçün, bütün dinlərin əsl mahiyyətini anlamaq lazımdır. Bunun üçün isə, insanın yaradılışını və Allahın, insan həyatdakı rolunu bilmək vacibdir. Yaradılışı bilmədən, insan həyatınin əsl mənasını, mahiyyətini anlamaq mümkün deyil. Yaradılışın mahiyyətini bilənlər qədimdə müdriklər hesab olunurdu və “sofiya” adlanırdı. İslam dövründə bu sofiyalar – sufi müdriklərinə çevrildi.

Sufilər, bütün dinlərin mahiyyətini bilən yeganə müdriklər sayılırdılar və buna görə də, bütün dinlərdə onlara xüsusi hörmət var idi. Adam Mets, özünün “Müsəlmanlığın intibahı” kitabında yazır ki, 981-ci ildə sufilərin başçısı öləndə onun tabutu arxasınca müsəlmanlar, yəhudilər, xristianlar və s. gedirdilər. Sufilər üçün bütün dinlər eyni mənalıdır və onların kökündə Allahın gizli elmi durur. Bu elm isə Allahın insanı yaratması və ona ikinci həyat qazanması üçün verdiyi şansı bilməkdir. Bu gün insanların heç ağlına belə gəlmir ki, Allah, düşünən insanı yaratdıqdan sonra, onların şərəflə və ləyaqətlə yaşayan hissəsi üçün göydə cənnət yaratmışdır. Din dedikdə də Dünya (Din-Ya), yəni Rəhman Allahın möminlər üçün göydə yaratdığı ruhlar dünyası - cənnət başa düşülməlidir. Bütün müqəddəs kitablar, yəni Quran, Tövrat, İncil, Bxaqavat-Qita və s. hamısı - Allahın insanı yaratması, öləndən sonra isə onun ruhunun göydəki bu cənnətdə ikinci həyat qazanmasına vəsilədir. Batini-Quran kitabında biz göydəki dünya haqqında geniş məlumat vermişik. Deməli, din – göydəki dünya, el, aləm, vilayət anlamındadır. İslam dini dedikdə də - Tövratda Səlim (SLM) şəhəri kimi keçən İslam (SLM) dünyası başa düşülməlidir.

Sufizmdə Din (DN) rəmzi Tin/Tina (TN) rəmzləri ilə eyni mənalıdır və İslam mənbələrində bu rəmzlər göydəki dünyaya aid edilir. Tin rəmzi Quranda surə kimi keçir və bu rəmz altında əncir ağacı, Turi-Sina dağı və Əmin şəhəri nəzərə çatdırılır (Quran, 95:1-3). Sufi-batinilərdə bu rəmzlərin mənası - firon Amonun Turi-Sina dağında, həyat ağacı rəmzində göydə yaratdığı ruhlar şəhəri, ruhlar dünyası deməkdir. Məşhur İslam alimi Əs-Suyuti, Yəməndəki Xadramaut ətrafında yerləşən Baraxut vadisindəki Tina kəndindən yazanda qeyd edir ki, Məhkəmə günü, kafirlərin ruhları bura (Tin/Tina) köçürüləcək. Müslümlərin ruhları isə əl-Cəbiyədə (Cəbiyə=Qeb/Qeyb) yığışmışlar. O bildirir ki, İslam rəvayətinə görə, Baraxut “odlu cəhənnəmdir” və orada Allahsızların ruhları yığılmışdır. Əl-Cəbiyə isə “göydəki cənnətdir” və mənbələrə görə, VI-VII əsrdə İç Ərəbistanın bütün ətrafında - səhralarda, dağlarda, daşlarda və ağaclarda cinlər yaşamışdır. Ruhların Yəmən ərazisindəki cənnət və cəhənnəmdə yerləşməsi o deməkdir ki, Yəmən, Ərəbistan deyəndə, qədim yazılarda bilavasitə göydəki ruhlar dünyası nəzərdə tutulmuşdur. İlahi oddan yaranmış cinlərin də göydə yaşamaları məntiqidir. Başqa sözlə, Əs-Suyutiyə görə, “Ərəbistan”, “Yəmən”, “Din” rəmzləri və cinlər göylərlə, buradakı ruhlar dünyası ilə bağlıdır. Qeyd edək ki, yunan mifologiyasında da Ereb, yəni Ərəb rəmzi xaosu, yəni göyləri bildirir ki, sonradan burada “dünya” yaradılmışdır.

Məşhur sufi-batin alimi Mühiddin ibn Ərəbi də İslam dinini, müsəlmanlığı – ölümlə əlaqələndirərək yazır: “Böyük Allah demişdir: Bu dini İbrahim oğullarına və Yaquba da vəsiyyət etdi: Ey oğullarım, Allah sizin üçün din seçdi: müsəlman olaraq ölün - yəni Ona tabe olaraq”. İbn Ərəbi burada “Din” rəmzini “El” kimi yazır ki, bu da göydəki Elin - ruhlar aləmi, vilayəti mənasındadır (Mühiddin ibn Ərəbi, “Füsusül-Hikəm”, böl.8). Bu isə ona işarədir ki, əsl İslam - ölümlə, yəni göydəki cənnətlə bağlıdır və zahiri İslamdan min illər əvvəl Yaqub oğullarına vəsiyyət edilmişdir.

Qədim Misir yazılarına görə, göydəki ruhlar dünyasını (Atum Allahını) – Quranda Rəhman kimi keçən Ra-Amon Allahı yaratmışdır. “Din” rəmzi də Misir kosmoqoniyasında Nut göyləri kimi keçir ki, Ra-Amon Allahı bu Nut göylərində Qeb aləmini, yəni Qeyb dünyasını var etmişdir. Sufizmdə Din (DN) rəmzi ilə Nut (NT) rəmzi eyni mənaldır və İlahi Atanın, yəni Yaradıcının yaratma anını bildirir ki, bu an da ilkin materiya məqamıdır. Belə çıxır ki, Din/Nut rəmzlərinin batini mənası – göyləri təşkil edən və hər şeyə həyat vermiş İlah, yəni ilkin materiyadır.

Bütün bunlardan çıxan nəticə odur ki, sufilərdə “din” dedikdə - Ra-Amon/Rəhman Allahın göydə yaratdığı ruhlar dünyası başa düşülür. İnsan öləndən sonra, onun ruhunun göydəki bu dünyaya düşməsi üçün, onun sağlığında İslam qanunlarına və ənənələrinə riayət etməsi vacib şərtdir. Bu şərt qədim Şumer-Assur mənbələrində - insan ruhunun Tilmun/Dilmun adlanan Allahlar vilayətinə düşməsi üçün əsas şərt olmuşdur. İran ərazisindəki Zaqros dağ təpələrinin arxasında, “Günəşin çıxdığı yerdə” yerləşən bu “Ölməzlər ölkəsi”nin sakinləri nə xəstəlik, nə ölüm bilməzdilər. Bu ölkə haqda məlumat verən məşhur alim Devid Rol bildirir ki, qədim abidələrə görə, Dilmun - ölmüşlərin ruhlarının o dünyada xoşbəxtliyi daddığı yerdir. Burada dəfn olunmaq, insanın həyatı boyu Allahlara sadiqliyinin ən böyük mükafatıdır. Əgər qədim mənbələrdə, ölən insanın ruhunun, Allahın göydəki cənnətinə düşməsi üçün Allahlara sadiqliyi vacib şərt idisə, sonrakı dövrlərdə Allah bunun üçün İslam dinini yaratdı ki, bütün əsl müsəlman möminlər də bura düşə bilsin. Bu isə o deməkdir ki, əsl İslam - İran dağlarının ərazisindən, Günəşin doğduğu Şərqdən başlanır və bu Şərq ölkəsi də qədim mənbələrdə Albaniya adlanırdı. Hələ e. ə. VII əsrdə, Albaniya ərazisindəki Midiya dağlarında “Şərqin Ərəbi” ölkəsi olmuşdur və bu ölkənin sakinləri də Albaniyanın Ərənşahlar nəslinə aid olan Midiya marları, yəni bu gün bizim seyid adlanığımız Azəri türk şad-bəgləri olmuşlar. Bunlar haqda biz “Həqiqi İslam – Albaniya bəktaşilərindən başlanır” adlı məqaləmizdə vermişik (bax, sayt: http://gilarbek.blogspot.com/2019/04/hqiqi-islam-albaniya-bktasilrindn.html).

Digər tərəfdən, qədim türklərin Dinqir, yəni Tenqri, Tanrı rəmzlərinin kökündə də Din (Tin/Tina) rəmzi durur ki, sufi-batinilərdə Dinqir/Tanrı rəmzləri “Din-Qor” və “Tan-Ra” mənasında - “Dinin Qor Allahı” və ya “Tan/Nut göylərinin Ra Allahı” (Tenqri=Tan-Qor) fikirlərini ifadə edir. Başqa sözlə, sufilər Tanrı dedikdə - Din/Tan/Nut göylərinin Ra Allahı, yəni Ra-Amon/Rəhman Allah başa düşürlər. Buradakı Qor rəmzi, “Quran” rəmzinin kökündə duran “Qərəə” rəmzidir. Aydın məsələdir ki, Quran kimi müqəddəs bir kitabın adı “mütaliyə” mənasını verə bilməz. Başqa sözlə, Dinqir, yəni Qor-Dini rəmzi daha dərin batini mənalara malikdir. Qor (Xor/Hor) rəmzi qədim Misir mənbələrində Ra günəş Allahını bildirirdi. Batini mənada Hor/Xor/Qor, yəni “Hü-Ra” rəmzi - Hü ilkin materiyasından (İlah) yaranmış Ra günəşi deməkdir. Deməli, batinilərdə “Qərəə” mənasında olan “Quran” rəmzi – Ra günəş Allahını bildirir ki, bu da elə Ra-Əman, yəni Rəhman Allah deməkdir.

Dinqir (DN-QR) rəmzi mənbələrdə Qorduen (QR-DN) kimi də yazılır ki, bu da Van gölü ətrafında yerləşən dağlıq vilayətin adıdır və bu ərazi Suriya mənbələrində Bet-Kardu kimi göstərilir. Midiya ərazisində Bit-Kari kimi məlum olan bu rəmz “Kari Evi” mənasını verir ki, buradakı “bit” (Beyt) rəmzi Tövratda “betel”, yəni “Allah evi” rəmzi kimi qalmışdır. Bet-Kardu, yəni Kor/Qor Evi rəmzi isə Qor Allahının göydəki dünyasını bildirir. Bu isə o deməkdir ki, Dinqir rəmzi altında – bədəni ilə göyləri tutmuş qədim Misirin Atum Allahı nəzərdə tutulur ki, göydəki ruhlar dünyası da bu kosmik insanın bədənindir.

Din (DN) rəmzi qədim Misir mənbələrindəki Aton [TN] rəmzi ilə də eyni mənalıdır və bu rəmz altında qədim Misir mənbələrində Tatanen [TT-NN], yəni Nun sularından çıxmış Tot nəzərdə tutulur. Tot (TT) rəmzi isə qədim Misirin və İsmailiyə fəlsəfəsinin Duat (DT) rəmzidir ki, bu da ölüm şahlığı deməkdir və iki dünyanı özündə birləşdirən Allahı bildirir.

Lakin Din rəmzi həm də avropalıların “Edda” salnaməsində Odin kimi keçən Allahdır və o göyləri təşkil edən İmiri devirmişdir. Odin göylərdə qayda-qanun yaradandan sonra, Asqard (Saqarta/Sokar) adlanan və insan ayağının dəymədiyi dağın başında 12 Ezirin (12 Asar/Azər/Osiris Allahı) yaşadığı sehirli saray tikmişdir. Alman-ckandinav mifologiyasında Odin – bütün asların rəhbəri və atası olan müdrik şamandır. O həm də müharibə Allahı, kahin-şah və cadugər döyüşçüdür. Başqa sözlə, Din/Odin rəmzi həm də kosmik insan formasında olan Allahı bildirir ki, bu da elə Assurların Luqal (İlahi-El), müsəlmanların isə Allahu-Əkbər (Allah – El-İlahi) adlandırdığı tək Allahdır.

Bütün bunlar o deməkdir ki, İslam Dini – Rəhman Allahın göydə yaratdığı Səlim şəhəri, yəni cənnət mənasındadır ki, bu ruhlar dünyası da Rəhman Allahın kosmik bədənindədir. Bu cənnətə düşmək istəyən müsəlman da, Allaha itaət etməli və Onun, cənnətə düşmək üçün qoyduğu qanunlara tabe olmalıdır ki, ruhu göydə ikinci həyat qazansın.

Bütün bunlar haqda daha geniş məlumatlar, təkzibolunmaz faktlar və mənbələr, Batini-Quran kitabında və məqalələrimizdə verilmişdir.

Firudin Gilar Bəg Sadıq Gilarbəyli












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.