Aqil ABBAS: NƏ MUTLU TÜRK DEYİLSƏN!

5-11-2019, 23:03           
Aqil ABBAS: NƏ MUTLU TÜRK DEYİLSƏN!
70-80-ci illərdə türkçülük Azərbaycanda geniş yayılmağa başlamışdı. Bütün qadağalara baxmayaraq , Türkiyə ilə Azərbaycan arasında müəyyən mədəni əlaqələr yaranmağa başlamışdı. Yaradıcı adamlarımız gedib-gəlirdilər, Türkiyənin sənət adamları Bakıya ayaq açmışdı. Demək olar ki, türk musiqisi bütün ölkəni sarmışdı. Adamlar az qala Zəki Mürenin, Livanelinin, Aşıq Veysəlin, Ruhi Sunun kasetlərini ciblərində gəzdirirdilər. Zəki Müreni çıxmaq şərtilə Aşıq Veysəlin də, Livanelinin də, Ruhi Sunun da şarkıları insanlarda milli hissi coşdururdu. Bir tərəfdən də türk ədəbiyyatının görkəmli nümayəndələrinin əsərləri Azərbaycan dilinə tərcümə olunurdu, 30-50 min tirajla çap edilirdi. Hər evdə Nazim Hikmətin, Əziz Nesinin, Yaşar Kamalın, Yılmaz Güneyin, Rəşad Nuri Güntəkinin, Orxan Kamalın, Fəxri Erdincin kitabları oxunurdu. Düzdür, bunların bəziləri kommunist idi, ona görə Sovet hökuməti kitablarını çap edirdi. Amma dəxli yox idi, böyük türk yazarlarıydılar.

Bir tərəfdən də Elçibəyin, Xudu Məmmədovun tələbələri, müridləri Nəsiminin müridləri kimi «ənəlhəqq» söyləyirdilər, yəni «biz türkük» söyləyirdilər, türkçülüyü təbliğ edirdilər.

Belə bir vaxtda Ağdamda çayxanada türkçülüklə bağlı müzakirələr zamanı bir dostumuz iki ayağını bir başmağa dirədi ki, biz türk deyilik, azərbaycanlıyıq. Yoldaşlar nə qədər faktlar gətirdilər, hətta həm öz babalarının, həm də həmin dostun babasının pasportuna milliyyətinin «türk» yazıldığını sübut etsələr də xeyri olmadı.

Nə Nuh dedi, nə peyğəmbər. Az qala bağırdı:

- Mən türk deyiləm.

Uşaqları sakitləşdirdim, üzümü həmin dostuma tutub dedim:

- Nə yaxşı ki, sən türk deyilsən. Sənin türk olmağın türk millətinə təhqir olardı.

Təbii ki, insanlar milliyyətini özləri seçmir, kimsə türk ola bilər, kimsə ingilis olar, alman olar, rus olar, fars olar və sair və ilaxır. Və hər kəs də öz milləti ilə fəxr edər. Burda qeyri-adi heç nə yoxdu.

İndi kimsə türk ola-ola, Ağdamdakı dostum kimi, bağırarsa ki, mən türk deyiləm, çox yaxşı, onun türk olması türk millətinə təhqirdi.

Atatürkün «Nə mutlu türküm deyənə» məşhur ifadəsini bir para nadanlar irqçiliyə yozurlar. Və Atatürkün bunu niyə dediyini də anlamırlar.

Türklər böyük bir imperiya qurmuşdu – Osmanlı imperiyası. Və türklərə də bütün dünyada Osmanlı deyirdilər. On minilliklərlə tarixi olan, dünyada on yeddi imperiya quran bir millətin adını fərdiləşdirmişdilər. Bir şəxsiyyətin adını bir millətə qoymuşdular. Hətta o imperiyanın sultanları da özlərinə türk demirdi, Osmanlı deyirdi. Və bu da sirr deyil ki, hətta «türk» sözünə həqarət edirdilər.

… Sultan Səlimin Şah İsmayıla yazdığı məktubu yada salın…

Ona görə də Atatürk İstiqlal savaşına başlayanda hayqırdı ki, türksənsə niyə utanırsan türk olduğunu deməyə. Denən nə mutlu ki, türküm.

Buyur, qoy rus da desin ki, nə mutlu rusam. Alman desin nə mutlu almanam və sair və ilaxır.

Atatürk «Nə mutlu türküm deyənə» ifadəsini işlədəndə başqa millətlərin mutluluğunu tutub əlindən almamışdı.

Türklər heç kəsin mutluluğunu tutub əlindən almayıb. Əksinə, imperiyalar dövründə onların təbəəsində olan bütün xalqlar mutlu yaşayırdılar. İndiki kimi onun-bunun əlində əsir-yesir qalmayıblar, ölkələri yağmalanmayıb, şəhərləri darmadağın edilməyib və sair və ilaxır.

Yaxşı ki bunu özlərinə sığışdırmayanlar türk deyillər, yoxsa türklər mutsuz olardı.

P.S. Araz Əlizadənin türk olmamağıyla 300 milyonluq türk xalqı heç nə itirməz.шаблоны для dle 11.2













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.