AZƏRBAYCAN: GƏLƏCƏK PERSPEKTİV (Proqnoz və təhlil) (2020-ci ilin sentyabrından, gələcəyə baxış)

12-09-2020, 16:35           
 AZƏRBAYCAN: GƏLƏCƏK PERSPEKTİV
Teref.az olaraq gənc filosof-alim Yunis Dürüst bəyin düşüncələrini sizə təqdim edirik:
Bütün faktorları üst-üstə qoyanda; sosial şəbəkələrin potensialı və silsilə olaraq təsir effektinin artması; hadisələrin temp və tendensiyasının xüsusi təcil qazanması; qlobal ümumi dəyişikliklər; beynəlxalq siyasi düzənin və anlayışın dəyişməsi; Rusiyanın Azərbaycanı “nişangaha” alması və potensial hərbi hücumlar; İlham Əliyevin siyasi limitinin bitməsi; hakimiyyətdə liderin və “təmiz” fiqurun çatışmazlığı; büdcənin həlledici amili olan neftin qiymətinin kəskin düşməsi ilə ciddi azalan gəlirlər; hakimiyyətdaxili qüvvələrin və ya “vurulmuşların” revanş meyilləri; bütün bu faktorların, son 4-5 il ərzində ya mövcud olmadığını ya da az təsirli olduğunu, məhz son illərdə, ciddi olaraq meydana çıxdığını, dolayısıyla da, hakimiyyətin taleyi baxımından vəziyyətin bucağının, təkcə 4-5 il ərzində 180 dərəcəyə yaxın dəyişdiyini görmək mümkündür. Məntiq onu deyir ki, bu 180 dərəcəyə yaxın dəyişim potensialı, hakimiyyətin və sistemin perspektivində 180 dərəcə də dəyişim demək olmasa da, hər halda mütləq ki, çox önəmli fərqlilik anlamına gəlir. Yəni yuxarıda sadalanan faktorlar, onu deyir ki, Azərbaycanın daxilində və hakimiyyətində, yaxın aylarda, mütləq şəkildə radikal dəyişikliklər olacaq və artıq, bu dəyişikliklərin ilkin impulsları, meydana gəlibdir. (Hansı ki, yuxarıda bunlara geniş şəkildə toxunduq). Bu faktorların çoxunun bir-biri ilə sıx bağlı olmasını, dolayısıyla da birinin güclənməsinin, bir neçəsinin güclənməsini şərtləndirməsini, yəni silsilə təsir göstərməsini nəzərə alanda, proseslərin, ehtimal olunandan daha tez baş verməsi və hər an, ölkədə böyük bir şokun yaranması, mövzubəhsi ola bilər. Zatən cəmi 2 il öncə; hakimiyyətdə bu qədər dəyişikliyin və o cümlədən, silkələnmənin olacağı, üstəlik hakimiyyətin qərarlarının, bir neçə dəfə xalq tərəfindən bloklanacağı, zəif ehtimal kimi görünürdü. Elə isə cəmi 2 ay sonra; sosial şəbəkədə dalğavari şəkildə birbaşa İlham Əliyevi və hakimiyyəti hədəf alan “ümumilli bir dalğanın” tüğyan etməsi və ya İlham Əliyevin, hakimiyyəti, Mehriban Əliyevaya buraxması, zəif ehtimal hesab edilməməlidir. Real və ciddi islahat keçirməsi və ya yarımçıq da olsa demokratiyaya keçməsi inandırıcı görünməyən mövcud iqtidarın, çarəsiz şəkildə, əlindəki yeganə “əsa” olan karantindən sıx yapışdığı görünməkdir. İşini və qazancını itirmiş yüzminlərcə insana, labüd yardımı, cəmi 190 azn müəyyən edən, üstəlik, bunu da hər kəsə verməyən hakimiyyətin, bu qədər həssas zamanda belə xəsis davranması və hətta uşaqpulu kimi ümumilli tələbə çevrilmiş bir ehtiyacı da görməzdən gəlməsi; onun, xalqdan əlini tamam üzdüyünü, və başqa və anormal vasitələrə bel bağladığını göstərir. Ki, bir gün, və özü də uzaq olmayan gələcəkdə bitəcək olan virusdan sonrakı dövr üçün hakimiyyətin əlində qalacaq yeganə ciddi təsir rıçağı var, o da müharibədir.

Bəli, “iyul döyüşləri” də bir daha göstərdi ki, xalq, hakimiyyətdən bütün narazılığa baxmayaraq, müharibə zamanı, yekdil şəkildə, dövlətlə mütənasib olur. Beləliklə, eynilə Azərbaycan iqtidarı kimi; karantin nəticəsində vəziyyəti çətinləşən və xalqı öz oxunda təmərküzləşdirmək üçün çarə axtaran və əlində, məğlub olması durumunda “Rusiya bizə kömək etmədi” kimi avtomatik bir “əsas”ı olan Ermənistan iqtidarının da, müharibəyə

meyilli olduğu və ya ən azından zidd olmadığı görünməkdir. Rusiyanın da bu işə meyilli olmasını və ya ən azından zidd olmamasını nəzərə alanda, qarşıda bizi yeni bir müharibənin yaxud döyüşlərin gözlədiyini söyləmək olar. Və bu müharibənin başlanması üçün şərtlər, hazırda yetişməsə də artıq formalaşmağa doğru gedir; çünki əvvəl, məktəblərin açılması və sonra havaların soyuması ilə virusun nisbi olaraq artması və daha sonra sərt karantinin gəlməsi lazımdır. Çünki müharibə şəraiti, xüsusilə də, qeyri-demokratik hakimiyyətlər üçün, avtomatik olaraq “ölkədaxili xüsusi həssas durum” və “ tam kontrol altında saxlanılması gərəkən situasiya” demək olduğu üçün, fövqaladə halın şərtləri gərəkir. Nəticə etibarilə bu müharibə, elə oktyabrda və ya noyabrda da ola bilər. Nəzərə alanda ki, Azərbaycanda siyasi vəziyyət, özəlliklə həssas və qırılqandır və hər an bir “tufan qopa bilər”; az qala hər günü, “iynə üstündə keçən” hakimiyyətin, bu həyəcandan və riskdən, bir an öncə qurtulmağa çalışdığı, yüksək ehtimaldır. Əslində həm psixoloji, həm də digər səbəblərdən, artıq 2-ci ildir ki bütün “enerji boşalması” və dəyişiklik ehtimalı, payız dövrünə saxlanılmaqdadır və bu, həm də seçkilərin, adətən bu zamanda olması ilə bağlı bir durumdur. Keçən il də “payızda nəsə olacaq” havası hakim idi və qatı müxaliflər, hansısa inqilab və kütləvi aksiyadan, “konstrukstiv müxalifət” isə seçki və islahatdan sıxca danışırdılar və bu, ümumi dəyişiklik tələbinin sonucu idi. Nəticədə də, ard-arda seçkilər baş verdi və parlament seçkisi kampaniyası, anormal şəkildə erkənə alınaraq, hətta bələdiyyə seçkisi bitməmiş, başladı. Ona görə də demək olar ki; 1 il sonra, proseslərinin tempinin daha intensivləşdiyi və dəyişiklik tələbinin daha yuxarı fazadan gəldiyi indiki vaxtda; payızda, xüsusi və ciddi hadisələrin baş verməsi qaçılmaz görünür. Və bu da əsas olaraq; öncə, müharibə, ardınca da növbədənkənar seçki şəklində özünü biruzə verə bilər. Əlbəttə döyüşlərdə alınacaq müsbət nəticə və uğur görüntüsü, hakimiyyətə, əlavə şans, və ömrünü uzatmaq imkanı yarada bilərsə də, ola biləcək hansısa ciddi uğursuz nəticə, əksinə, hakimiyyətin bütün planlarını kökündən poza bilər və nəticədə biz, cəmiyyətin; sosial şəbəkə ilə başlayan ciddi etiraz dalğasını, hətta, bunun, real həyatda da öz əksini tapması ilə nəticələnən kütləvi aksiyaları və inqilabi prosesləri izləyə bilərik. Ki, etiraz dalğası, elə təkcə sosial şəbəkədə olsa belə, bu, özlüyündə, iqtidar üçün ciddi təşviş və özgüvən sarsıntısını və bununla bərabər ciddi çalxalanmanı gətirə bilər ki, “vurulmuşlar” da bu fürsətdən istifadə edərək, xüsusi nələrsə edə bilərlər.

Diqqətdən qaçmamalıdır ki, sosial şəbəkədə etiraz dalğası, önünə, hər şeyi qatıb apara bilən, çox güclü bir təsir axınıdır və elə ən son BNA-nın absurd “Vahid tarif” qərarına qarşı baş verən ümumilli etiraz, əslində elə real həyatdakı; on minlərin BNA-nın qarşısında toplaşıb etiraz etməsi ilə eyni effekt və nəticəni verdi.

Nəzərə almaq lazımdır ki, artıq, siyasət, Azərbaycanda ümumi bir maraq və tələbata çevrilməkdədir və əvvəllər, “riskli” hesab olunan və “mən siyasətə qarışmıram!” mövqeyində ifadə olunan siyasi mövqe, indi artıq, “belə olmaz, nəsə etmək lazımdır!” mövqeyinə gəlibdir. 7 il öncə absurd əsaslarla həbsə atılan Tofiq Yaqublunun qanunsuz dustaqlığına, o zaman yüzlərcə və əsasən siyasi fəal insanlar etirazını ifadə etmişdisə, indi eyni tip gərəkçələrlə həbsə atılmasına, on minlərcə və çoxlu sıravi insanlar etiraz edirlər. Ki, getdikcə bu proses, eynilə “Mehman Hüseynov olayında” olduğu kimi ümumilli bir protest halını almaqdadır ki bunu nəticəsi, bütün hallarda hakimiyyət üçün dalan və problem deməkdir.

Görünən budur ki, hakimiyyət, psixoloji tarazlığını və “açarını” itiribdir və sadəcə zaman qazanmağa və “günü qurtarmağa” çalışır. Yuxarıda da qeyd etdiyimiz kimi, bu, ağlını itirmək və ya “siyasi borderlayn” deməkdir.
Yunis Dürüst
filosof-alim
Teref.az
ardı varшаблоны для dle 11.2












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.