772-ci batalyon - Yalquzaq.

1-05-2015, 09:45           
772-ci batalyon - Yalquzaq.
Həmsöhbətim 772-reyd dəstəsindən artıq oxucularımıza tanış olan döyüşçü
Yalquzaq.

- Kəlbəcərdən çıxdıqda nələr baş vermişdi, konfliktli situasiya olması haqqında söhbətlər danışılır. Və əlbəttə ki, 772-ci Xüsusi Təyinatlı batalyon necə yaradıldı?
- Qozlu körpü döyüşündən sonra İlqar Qəhrəmanovla Zaur Rzayev arasında kiçik konflikt yaşandı. Qəhrəmanov əməliyyatın aparılma strategiyası və sonradan dayandırılması ilə razı deyildi. O, hücumun dayandırılmasını düzgün hesab etmirdi və təklif etmişdi ki, təcili olaraq dağın üstündəki Vəng kəndi istiqamətində hücum davam edilsin. Məlum olmayan səbəblərdən bu təklifi rədd etmişdilər. Ermənilər panikadaydı (özləri tərəfindən çəkilən bunu təsdiqləyən kadrlar youtube-də var) və biz hücumu dayandırmasaydıq böyük uğurlara imza atmış olacaqdıq. Amma Tər-tər çayının sol sahili tutulandan sonra atəşkəs elan edilmişdi.
Hücum əməliyyatları dayandırıldıqdan və Qozlu körpü əməliyyatından sonra şəxsi heyətimizin azalması ilə də bağlı biz geri, Bakıya qaytarıldıq. Siralarımızı yeniləməli və dincəlməli idik.
Biz ərazini tərk etdiyimizdə texnikanı Zaur Rzayevin briqadasına təhvil verdik.
Ermənilərin "ekspedisiya korpusu" vardı, biz Kəlbəcərdən çıxdıqdan sonra iyulun axırlarında gəlib, aldığımız əraziləri yenidən işğal etmişdi. Qəhrəmanov bunun ola biləcəyini gördüyü üçün hücumu dayandırmamaq və irəliləyərək, düçmənin nəfəsini kəsmək gərəkdiyini deyirdi. O, yetərincə savadlı və uzaqgörən hərbçi idi, Əfqan müharibəsini şərəflə keçmişdi və təcrübəsi böyük idi. Ümumiyyətlə isə Qəhrəmanov elə bir zabit idi ki, o, həm zabitinin, həm də hər bir əsgərinin ayrılıqda qayğısını çəkirdi. Sərt idi, amma bir o qədər də qayğıkeş idi. Biz onun hərbi hissə qarşısında etdiyi çıxışları çox sevirdik. Rusdilli idi, amma əsgər qarşısında səlist azərbaycan dilində və o qədər təsirli, mükəmməl danışırdı ki, ardından əsgər sakit ürəklə hər bir ağır döyüşə gedərdi. Əsgərə güvən verirdi, onu ruhlandırmağı bacarırdı... Gərçək ordu zabiti idi, bir kəliməylə.
Sonradan da nazirliklə aralarında narazılıq oldu, bu səbəbdən 93-cü il yanvarın ortalarında bizim hərbi hissədən onu uzaqlaşdırdılar. Biz narazılıq etdik, amma hərbdə başqadır, narazılıqla, etirazla iş düzəlmir...
Belə bir zabiti Azərbaycan Ordusu lazımınca qiymətləndirə bilmədi. O da həqiqəti üzə deməklə öz karyerasına zərbə vurmuş oldu. Onun kimi insanlar ümumiyyətlə karyera dalınca getmir, bilirsiniz, onlar həqiqəti heç nəyə qurban vermir! ...
Nazirin səhvi isə ümumiyyətlə o qədər ağır dönəmdə könüllü dəstələri buraxmaq idi. Bizim reyd dəstəsini də formalaşdıranda könüllülərin bir çoxunu uzaqlaşdırdılar, nizami hərbi hissə yaratmaq arzusundaydılar və yeni şağrışçılara üstünlük verirdilər. Amma bu yanlış idi, biz müharibə apara-apara 18 yaşlı çağrışçılarla əməli iş görə bilməyəcəkdik. Reyd dəstəsi tamamilə Sovet ordusunda bu və ya digər formada xidmət keçmiş zabit və gizirlərdən ibarət idisə, artıq Xüsusi Təyinatlı batalyon əksərən yeni çağrışçılardan təşkil edilmişdi. Lakin biz onlara bütün bilik və bacarığımızı ötürməklə hərbi hissənin adına layiq təlim keçir və onları müharibəyə bacardığımız qədər hazırlayırdıq.
Uğurlu əməliyyatlara imza atmiş Bərşadlının MN-dən uzaqlaşdırılması da Ordunun uğurlarına tormuzverici təsir etdi. Gələcək də bunu göstərdi ki, yeni çağrışçıların Orduya cəlb edilməsi, könüllülərin buraxılması müharibənin gedişatına mənfi təsir göstərdi. Məğlubiyyətin səbəblərindən biri də elə bu idi.

- Maraqlı məqama toxundunuz. Könüllülərin buraxılması deyirsiniz, amma mən biləni məqsəd sadəcə qrupların vahid komandanlıq altında birləşməsi və özbaşınalığın, itaətsizliyin qarşısını almaq olub.
- Doğrudur, bəzi insanları ordudan təmizləmək vacibdi, amma könüllüləri əksərən saxlamaq lazım idi. Mən erməni tərəfdən 18-20 yaşlı meyid və ya əsirə heç rast gəlmədim, əsasən 30-50 yaş arasında olanlar döyüşürdü. Fərqli ölkələrdən və Ermənistandan gəlmələrlə bərabər. Bizimkilər isə könüllülərə orduda qalırsa hərbi mükəlləfiyyət (zabit, gizir olmaq kimi) təqdim edirdi. Könüllü vuruşanlar isə boyunlarına məsuliyyət götürmək istəmirdilər, bu səbəbdən bir çoxları silahı qoyub, getdi.

- Hərbi təlimlərdən söz açdınız, sizə türk hərbçilərinin təlimlər keçməsi iddiası var, bu, nə dərəcədə həqiqətdir?
- Biz təlimlər keçəndə bizə türk zabitləri təşrif buyururdu, lakin onların əsas məqsədi rus silahı ilə tanış olmaqdan ibarət idi. Təlimi əvvəl də olduğu kimi əsgərlərə biz - Sovet ordusundan tərxis olaraq Vətənə dönmüş və orada həqiqi hərbi xidmət keçmiş zabit və gizirlər keçirdik. Türklər bizdən rus silahı haqqında biliklərimizi mənimsəmək üçün gəlirdi, silahlarla şəkillər çəkdirirdilər...

- Siz reyd dəstəsi olduğunuz dönəmdə çevik hərbi hissə kimi uğurlar qazandığınız bir dövrdə batalyon kimi formalaşdırılmanıza nə gərək vardı?
- Tərkibi böyütmək məqsədi daşıyırdı hər halda. Dediyim kimi nizami ordu yaratmağa çalışırdılar. Biz əvvəl adi batalyon kimi formalaşdırılmağa başlamışdıq, daha sonra, yanvarda isə Xüsusi Təyinatlılar olacağımız qərarına gəlindi. Bu da məhz özəyi reyd dəstəsinin təcrübəli döyüşçülərinin təşkil etməsinə səbəb idi.
Əvvəl biz payız çağrışçılarını qəbul edib, təlimlərimizə start verdik. Bizim hissəyə avqustda sovet ordusunda xidmət keçmiş çavuşlar gəlirdi. Daha sonra oktyabr ayının 2-sində yeni çağrışçıları qəbul etdik. İlk olaraq üç bölük yaradıldı. Birinci bölüyün komandiri Rafiq Rzayev idi. Onu da qeyd edim ki, bizdə ştat həmişə yarımçıq olub, zabit qıtlığından onları gizirlər əvəz edirdi. Tağımlarda da beləydi, komandirlər zabit deyil, gizirlər idi. Birinci bölüyümüzdə tağım komandirləri Əjdər Qafarov, mən və snayperçı Fazil Qəribov, Rövşən Melikov idik. Mən həm də bölüyümüzdə komandirin siyasi işlər üzrə müavini vəzifəsini daşıyırdım. İkinci bölüyün komandiri Cəbrayıl Həbibov idi. Tağım komandirləri Robert Axunov, Said Xairbekov, Elçin Abbasov, Ağabəy Əliyev, Teymur (Sonbeşiy, soy adını xatırlaya bilmədik... ) idilər. Üçüncü bölüyün komandiri Araz Quliyev idi. Tağım komandirləri - Zahid Sultanov, Azər Umudov. Minaatan tağımın komandiri Tofiq Cəfərovdu, İlqar Məmmədov da orada idi. Tofiq haqqında deyə bilərəm ki, biraz davakar insan idi. Sovet dövründə hərbi artilleriya məktəbində oxumuşdu, amma davakarlığı səbəbindən məktəbdən çıxarılmışdı. Çox igid oğlan idi, qorxu bilməzdi. Bizdə havadan müdafiə tağımı da vardı, komandir Saşa Simon idi. Komandirin silahlar üzrə müavini Kostya Firsov idi. Rabitə tağımımız vardı, komandiri İdris (soy adını unutmuşam), müavini gizir Yaşar Qarayev idi. Bir də bizdə təminat dəstəsi vardı, orada Xanlar (soy adını unutmuşam), gizir İlham Əzizov idi.
Yeni çağrışçılarla təbii ki, iş sıfırdan başlamalıydı. Reyd dəstəsi yarandığında tərkibinə daxil olanlar artıq sovet ordusunda həqiqi hərbi xidmət keçmişdisə, bu dəfə tamamilə hərbi hazırlıqdan xəbərsiz çağırışçılarla işləməyə məcbur idik. Sira hazırlığından başladıq işimizə. Amma əsas önəm vermirdik buna, sabah bu uşaqlar bizimlə döyüşə girəcəkdi və buna görə də əsas fiziki və texniki hazırlığa üstünlük verirdik. Əsasən praktiki-əməli təlimlərə yer verdik, düşmənlə üz-üzə duracaqdılar tezliklə... "NZS" deyilən ərazidən bizi Qala qəsəbəsinə, sonda isə bizi "Nasosnuya" keçirdilər. Bura da noyabr ayının axırında gəldik və artıq gücləndirilmiş təlimlər keçirdik, yeni əsgərlərimizə. Bizə yanvara kimi yeni əsgərlər göndərirdilər. Novruz Kərimov gedib, Biləcəridən yeni çağrışçılar arasndan əsgərləri seçib gətirirdi. Onların fiziki hazırlığına baxır və söhbət aparırdı. Təlim müddəti boyunca bizdə əsgərlərin seçmə prosesi gedirdi. Xüsusi təyinatlılar olduğumuza görə bizim standarta yaramayan əsgərləri başqa hərbi hissələrə keçirirdik.
Onu da qeyd edim ki, Qəhrəmanovu hissədən uzaqlaşdırdıqda 10-15 əsgər etiraz əlaməti olaraq, hərbi hissəni tərk edərək, döyüş bölgəsinə yollanmışdı. Etiraz məktubu yazaraq, Fizuli istiqamətinə getmişdilər. Amma sonra biz onların bir hissəsini geri qaytardıq. Qayıtmayanlar da illər sonra rast gəldiyimdə bizim hissəni tərk edib, getdiklərinə peşman olduqlarını deyirdilər...
- Cəbhəyə nə zaman göndərildiniz?
- Bizi döyüş bölgəsinə 1993-cü il aprel ayının 3-ündə göndərdilər. Biz cəbhəyə göndərilmədən prezident Elçibəy də bizimlə görüşmüşdü. Prezidentin xüsusi nəzarətində idik və MN-nin səlahiyyətli nümayəndələri ilə birgə bizimlə görüşə gəlmişdi. Bakıdan qatarla çıxdıq və evvəl təlim mərkəzinə gəldik, ayın 5-i artıq Tərtər mərkəzinə yeləşdirildik, sonra isə Ağdərəyə keçirildik. Yerləşdirildiyimiz ərazilərdə həmişə bizə şübhəylə yanaşılır, göndərildiyimiz hər bir ərazidə də ilk öncə qisqanclıqla qarşılanırdıq. Reyd dəstəsi dövründə ilk Kəlbəcərə getməkləri haqqında uşaqlar sizə danışıb, onlara necə inanmırdılar və "rusun adamı" adlandırırdılar... İyun döyüşlərindən sonra bizə münasibət müsbət tərəfə dəyişməyə başladı.
Bizim keçirdiyimiz əməliyyatları Tərtər batalyonu öz adına çıxıb, 703-cü briqadanın Gərargah rəisi Qəniyev bizim keçırdiyimiz əməliyyatları öz adına çıxan batalyonlara iclasda etiraz etmişdi, onu orada incitdilər və sonradan onu Tərtər bölgəsindən uzaqlaşdırdılar. Həm də bizim komandir ciddi və peşəkar zabit idi, bizi qeyri hərbi qrumlardan və atmosferdən uzaq tuturdu. Keçirdiyimiz əməliyyyatlar haqqında danışmaq icazəmiz yox idi. Buna səbəbdir ki, ilk kəs hərbi hissəmiz və keçirdiyimiz əməliyyatlar haqqında 23 ildən sonra danışırıq. Bu zaman kəsiyində isə keçirdiyimiz bir çox əməliyyatar başqa yerli batalyon və hərbi hissələr tərəfindən özününküləşdirilərək, danışılıb... Bilirsiniz, biz belə haqqsızlıqlarla yaranann gündən üzləşmişik, məsələn, əşgərlərə təlimləri özümüz keçdiyimiz halda, görürsünüz ki, təlimlər türklərin adına yazılır...
Ağdərə şəhərində hospital vardı, orada yerləşdik.
Əraziyə gəldiyimiz gündən ərazini öyrənməyə başladıq. Qlobus istiqaməti, Çaylı, Talış kəndi, cəbhə boyu kəşfiyyatlar apardıq.
Biz Ağdərəyə təzə gəlmişdik, bir-iki gün olardı. Axşam deyildi ki, səhər hücum edəcəyik. Bu, artıq xarakterik hala çevrilmişdi. Təzə gələn hissəni isti-isti basırdılar gərəksiz hücum əməliyyatına, hərbi hissə relyefə və şəraitə uyğunlaşmadan girdiyi döyüşdə böyük itki verərək, siradan çıxırdı. Bizə də deyildi ki, Moxrataq kəndi istiqamətində hücum edəcəksiniz. Səhər həyəcan siqnalı ilə hamı hazır oldu. Axşamdan artıq bölüklərin döyüş tapşırığı müəyyənləşdirilmişdi. Lakin hücum əmri ləğv edildi. Mən dəqiq bilmirəm, ola bilsin ki, bu, bizim batalyon komandirinin xidməti idi, o, hər halda peşəkarlığıyla əməliyyatın əhəmiyyətsizliyini birilərinə sübut edə bilmişdi.
Sonradan isə əsasən iyun ayında olan böyük əməliyyata qədər kəşfiyyat və kiçik döyüşlər keçirdik. Biz Ortakənd və Dəmirçilər istiqamətində, Kasapet istiqamətində kəşfiyyat apardıq. Ortakənd neytral zona idi, onlar da, biz də oraya girib, çıxırdıq. Kiminsə nəzarətində deyildi. Erməni mövqelərini müəyyənləşdirmək istəyirdik.

- Bu, nə zaman idi?
- Təxmini aprelin axırları idi. Biz Qlobusda mövqedə dayananda onların bir PDM-i kəndə girərək sürətlə kəndi hərlənib, çıxdı, əlbət vurulmaqdan ehtiyat etdiyi üçün belə sürətlə hərəkət edirdi. Çardaxlıda kəşfiyyatda olmuşuq, orada əməliyyat da aparılıb. Orada Tonaşen adlı kənd var, 3 hissəyə bölünüb, biz Tonaşen 1 , ... 2 və ... 3 deyirdik. Mayda bu kəndə erməni hücumunun qarşısını almaq üçün bizi həyəcan siqnalı ilə qaldıraraq orada dayanan hərbi hissəyə köməyə aparmışdılar. 2-3 saat döyüş oldu, erməniləri geri oturtduq. Bir neçə gün orada mövqelərdə dayandıq və təhlükə sovuşduqdan sonra geri qaytarıldıq. Biz itki vermədik, ermənilər itki verərək geri çəkilməyə məcbur oldu, onlardan bir nəfər yaralı əsir götürmüşdük, sonradan öldü. Belə xirda kəşfiyyat əməliyyatları və döyüşlərdə iştirak etmək həm də yeni çağrışçılara bir növ əyanı dərs olurdu. Bizdə bekar qalmaq yox idi, dislokasiya yerində olan əsgərlər də daimi təlimlər keçirdi. Ümumiyyətlə isə Kəlbəcər işğal edildikdən sonra cəbhə boyu sakitlik idi.

----------------------------------------------------------------------------------
Həmsöhbətim 772 saylı XTB-nin döyüşçüsü
Mehdi Cavadov.
Batalyonun təlimləri planlı şəkildə, cox ciddi nəzarət altında aparılırdı, həftə ərzində elə yorulurduq ki, bazar günləri sanki bayram olurdu.
Kəlbəcərin işğalı ərəfəsində biz Ağdərəyə getdik.
Aprel ayında olan xırda döyüşlər zamanı bir şəhid vermişdik, Salmanov Zahid. O, 30 aprel, Ağdərədə döyüş tapşırığını yerinə yetirərkən şəhid olub.
13 iyun 1993-cü ildə Ağdama olan hücumla əlaqədar olaraq, biz Akop - Kamarini azad etdik, buna kimi isə kəşfiyyatla yanaşı bütün yüksəklikləri cığır-cığır gəzərək, şəraitə tam uyğunlaşmışdıq.
İyun ayının əvvəlində Keçəldağ istiqamətində aparılan kəşfiyyat zamanı ətrafı bürüyən texnika səsinin traktora aid olduğu müəyyən edilmişdi, həmin vaxt onlar bu istiamətdə traktorla yol acmaqla məşğul idilər. Texnikanın hərəkəti ücün. Akop - Kamari azad olunan gün biz 3-4 gün öncə bizim tərəfdən (Tərtər batalyonundan - M.C.) əsir düşmüş rus milliyətli döyüşçümüzü sağ-salamat azad edə bildik, pusquya düşmüş diğər qrup üzlərinin isə cəsədlərini götürə bildik.
Aleksey adlı kecəl , yekəpər rusun başına 20-dən cox güllə vurmaqla yanaşı, başının üzərindən yük maşını ilə keçmişdilər. Yaralı rusu biz maşına mindirəndə o, cəsədə baxaraq, Aleksey! -deyib, əlini gözünün üstünə qoydu, ona baxa bilmədi...
Həmin gün bizim qrup qarşıdakı erməni mövqeyinə yaxın olan yüksəkliyə göndərildi, biz orada 3 gün qaldıq, erməni mövqeyinə o qədər yaxın idik ki, onların danışığını belə eşidirdik. Nəhayət 17-si səhər üzü bizim qrup ermənilərin mövqelərimizə hücüma kecdiklərini müşahidə edərək, məlumatı öz mövqeylərimizə ötürdük. Yaxınlığımızdan kecən düşməni arxada olan qüvvələrimiz "qarşılamaq" ücün bütün tədbirləri gördü və hücumun qarşısı uğurla alındı.
* * *
Akop - Kamari

- Akop - Kamari döyüşünü təfsilatı ilə danışmanızı istəyəcəm. Mümükünsə...
- Biz 1993-cü il aprelin 3-ündən ordaydıq və bizim istiqamət sakitlik idi. Ağır döyüşlər getmirdi. Mövqe döyüşləri və artilleriya atəşləri olurdu, itkilər vardı. Konkret hücum əmri və əməliyyatı isə keçirilmirdi. Hücuma keçmək haqqında söz-söhbət də yox idi və qəfildən 13 iyun üçün hücum əmri gəldi. 12 iyun bir sutka ərzində hazırlaşdıq və 13 iyun Akop-Kamari istiqamətində hücuma keçdik. O vaxt Mərzili istiqamətində Ağdama geniş miqyaslı hücum olmuşdu. Çox güman ki, həmin istiqamətdən hücumları yayındırmaq üçün bu əməliyyat təşkil edildi. Vaxtımız az olduğu halda dərin kəşfiyyata imkan olmasa da hücum uğurlu alındı. Bu döyüş batalyonun yeni tərkibdə 93-cü ildə ilk döyüşü idi. Hələ döyüş görməyən əsgərlərimiz var idi. Amma iki aya yaxın idi batalyonda idilər, təlimlər keçmişdilər, bu hücum onların ilk döyüşü oldu. Hücuma keçdiyimizdə birinci bizim batalyon gedirdi və əməliyyatın əsas hissəsini biz həyata keçirdik. Minaatan tağımımız hücumun artilleriya əməliyyatı hissəsini yerinə yetirdi. Əlavə olaraq mayor Semyon Pavloviç ZİL131-in üzərində quraşdırılmış NURS-la işlədi. Dəqiq artilleriya zərbələrindən sonra biz hücuma keçdik. Əməliyyat doğru qurulduğundan hücum zamanı çətinlik çəkmədik. Bir döyüşçümüz yaralandı, sonradan yolda şəhid oldu: Ağcayev Azər, Balakən rayonundan.
Mövqeləri asanlıqla götürdük, qoyub qaçırdılar, ondan 2-3 gün öncə bizim bir kəşfiyyat dəstəsi, deyəsən Tərtərə aid idi, bu ərazidə pusquya düşmüşdülər. Cəsədləri orada qalmışdı. Belə danışıldı ki, ermənilər onları azərbaycan dilində çağırıblar ki, sizə köməyə gəlmişik. Onlardan birini də əsir götürmüşdülər, o, rus milliyyətindən idi. Həmin esir götürdükləri rusu oturtmuşdular ağacın dibinə, əvvəl elə bildik ermənidir, sonra o, bizə danışdı ki, 3 gün əvvəl burada pusquya düşmüş kəşfiyyat dəstəmizin döyüşçüsüdür. Onu və orada qalan kəşfiyyatçılarımızın cəsədlərini götürdük və arxaya göndərdik...
Daha sonra bizim ordakı qüvvələri irəliyə göndərdilər. Mustafanın rəhbərliyi ilə minaatan tağım daha dəqiq zərbələr endirirdi, 13-ü axşam o mövqeləri də aldıq. Bizim dəstə orada post qurdu, artıq bura ermənilərin mövqelərinə daha yaxın idi. Orada iki gün oturduq. Hərəkət yox idi. Gündüzləri otların arasında uzanıqlı vəziyyətdə qalırdıq. 16 iyun gecə ermənilərin bizim mövqelərə tərəf hərəkət etdiyini müşahidə etdik. Rabitəylə batalyona xəbər verdik. Komandirdən əmr gəldi ki, sizə təhlükəli məsafədə yaxınlaşmasalar atəş açmayın, çünki olduğumuz ərazi əlverişli deyildi. Qaranlıq da olsa cox olduqlarını müsahidə edirdik və 17 iyunda Ağdərə istiqamətində hücum olmuşdu, o cümlədən bizim istiqamətdə də. Bizim batalyon əvvəldən buna hazır idi və tədbirlər görülmüşdü. Pusqular qurulmuşdu. Bizim istiqamətdə onlar irəliləyə bilmədilər. Böyük itkilərlə geri çəkildilər və bizim müşahidə məsafəmizdən öz mövqelərinə qayıtdılar. Lakin Ağdərə-Vaqauz deyilən yolda Televişka - Gödəkburun istiqamətində yüksəkliyi ermənilər həmin günü götürmüşdülər. Oranı, səhv etmirəmsə 703-ün bölmələri qoruyurdu.
* * *
Canyataq-Gülyataq / Qlobus-Papravənd

- İyunda daha bir ağır döyüşünüz olmuşdu...
- Biz, çıx! - əmri verildikdən sonra aldığımız mövqelərdən ermənilərin silahlarını da götürüb, çıxdıq. Bizə məlum deyildi, niyə geri çəkilirdik. Bu istiqamətdə hücumun qarşısı alınmışdı, mövqelər biz tərəfdən tutulmuşdu.
Neçə gün idi susuz idik, Levanaq kəndi yaxınlığında fermada su içdik və günorta saatlarından sonra Gödəkburun-Televışka istiqamətində yüksəklikləri geri qaytarmaq əmr edildi. O yüksəkliklərin düşmən əlində olması Ağdərənin itirilməsi demək idi. Biz istiqamət üzrə irəlilədik. Akop-Komari istiqamətində hücumun uğursuz olması nəticəsində onlar bu yülsəklikləri də boşaltmışdı. Biz qalxanda oralar boş və nəzarətsiz idi. Səhv etmirəmsə, Ural markalı maşının üzərində Zenit pulemyotu var idi və aparanda maşın sönüb dərənin içində qalmışdı. Bizim döyüşçülər sonradan onu təmir edib, geri qaytardılar. Biz mövqeni götürdükdən sonra bu mövqeni əvvəl qoruyan 703-ün əsgərləri də axşama doğru bizim yanımıza gəldilər. İki gün sonra oranı da onlara təhvil verib, hərəkət etdik. 19 iyunda bizim hissələri yenidən Akop-Komari istiqamətində kəşfiyyata göndərdilər. Qoyub çıxdığımız yüksəklik boş idi. Rabitəylə məlumat verdik ki, yüksəklik boşdur. Bizə geri qayıtmağı əmr etdilər və orada, əvvəl olduğumuzda, bizdən qalan konservləri də götürüb, geri qayıtdıq. Ağdam istiqamətində vəziyyət pisləşdiyinə görə, bizə oranı tərk edib, Ağdam-Papravənd istiqamətində hərəkət etmək əmri verildi. Həmin günlər Qalayçı istiqamətində bəzi mövqelər tutulmuşdu. O istiqamətdə itirilən mövqeləri iyunun 23-ü nəzarətə götürdük. Qlobus-Papravənd istiqamətində, oranı Daxili Qoşunlar qoruyurdu və çox az qüvvələri var idi. 25 iyun Canyataq-Gülyataq istiqamətində müşahidə etdik ki, düşmən texnikasını cəmləşdirir. Bilirdik ki, hücum olacaq, bu barədə məlumat da verilmişdi. 26-sı səhər saatlarında Qalayçı istiqamətində, səhv etmirəmsə, 791 yüksəkliyi var Boyəhmədliylə Paparavəndin arasında, bu istiqamətə ermənilər hücuma keçdi. Bizim qüvvələr orada güclü müqavimət göstərə bilmədi, texnikalarla ermənilər yüksəkliyi götürdü və bizim qüvvələr geri çəkildi. Boyəhmədlini girib yandırandan sonra Papravəndə tərəf irəlilədilər. Biz onları qarşılamağa hazırlaşdıq. Bizim yanımızda 15 Papravənd sakini var idi. Erməni Papravəndə daxil olduqda dedilər ki, biz ermənini kəndə buraxmayacayıq. Arxa tərəfdən yüksəklikdən kəndə endilər. Ermənilər kəndə girəndə, təxminən 10 dəqiqə atışdılar, amma onların müqavimət göstərməsi mənasiz idi, tanklara qarşı qoya bilməzdilər.
Erməni Papravəndə də daxil oldu, Ağdərə istiqamətinə kənddən çıxanda bir erməni tankı, çıxışda geniş yol var, orada dayandı. Biz Babayev Nadiri çağırdıq ki, tankı vursun. Onlar yüksəkliyin boş olduğunu güman edirdilər və bizdən xəbərləri yox idi. Nadir "Faqotla" tankın birini vurub, sıradan çıxardıqdan sonra bizdən xəbər tutdular. Ardınca PDM-2-lərlə üstümüzə hərəkət etməyə başladılar. Canyataq-Gülyataq istiqamətində güclü artilleriya atəşi başladı.
Həmin gün bizim batalyon itkilər versə də axşam saatlarına qədər müqavimət göstərib yüksəkliyi nəzarətdə saxladıq. Gecə saat 2-3:00 radələrində yüksəkliyi boşaltmağa əmr verildi. Güman ki, Papravəndlə Televişkanın tutulması bizim orada qalmamızı mənasız edirdi. Yüksəkliyi tərk etməmiz Ağdərənin və Ağdan istiqamətində beş kəndin itirilməsiylə nəticələndi. Bizim qüvvələr yüksəklikləri boşaldıb, Ağdərə istiqamətində kanalın kənarına doğru çəkildilər.
Paparavənd itiriləndə 4 şəhid verdik, onlarla da yaralımız oldu. Bu döyüşdə şəhid olanlar: leytenant Quliyev Araz, (Sabirabaddan) Əliyev Qoşqar, (Bakıdan) Dadaşov Elçin, Ibrahim
17 iyun döyüşlərində Nuriyev Bəhruz Allahverdi oğlu (Bakıdan) şəhid olmuşdu, Azərbaycan Bayrağı ordeni ilə təltif olundu. Kənd alınan günü bir, qaytarılan günü bir şəhid verdik.
ardı var...

Könül Sərdarlı
772-ci batalyon - Yalquzaq.
772-ci batalyon - Yalquzaq. шаблоны для dle 11.2













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.