Qusar sakininin torpağını əlindən alıblar - GİLEY

11-09-2019, 08:50           
 Qusar sakininin torpağını əlindən alıblar - GİLEY
Ölkədə kiməsə məxsus mülkün və yaxud torpağın başqasının adına saxta yollarla sənədləşdirilməsi halları kifayət qədərdir. Xırdalan şəhəri, Tofiq İsmayılov küçəsi, döngə 5, ev 17-də yaşayan Kürəbəyov Bəylər Albert oğlu tərəfindən “Hürriyyət”ə göndərilən şikayət məktubu bunu bir daha təsdiq edir.

“2017-ci ilə qədər dövlət tərəfindən “Kapital” bank vasitəsilə subsidiya alırdıq”

B. Kürəbəyovun sözlərinə görə, 14 iyul 2000-ci il tarixli 08/03 saylı qərar ilə cərgədə göstərilən sərhəd daxilində 5,64 hektar sahəsi kənd təsərrüfatı məhsulları üçün ona və ailə üzvlərinə-Kürəbəyov Albert Mirzəbəy oğlu, Kürbəyova Şərifə İsbat qızı, Kürəbəyova Zülfiyyə Albert qızı, Kürəbəyov Mirzəbəy Albert oğlu və Kürəbəyova Günay Albert qızına pay torpağı verilib: “Biz bu pay torpağımıza görə, 2017-ci ilə qədər dövlət tərəfindən “Kapital” bank vasitəsilə subsidiya alırdıq. Bununla bağlı əlimizdə qəbzlər də var. Lakin 2017-ci ildə bizə məlum olub ki, mənə və ailə üzvlərimə dövlət tərəfindən verilən 5,64 pay pay torpağının 1,22 hektarlıq torpaq sahəsi Qusar Rayon Məhkəməsinin və Qusar Notarial kontorunun müvafiq sənədlərdə qeyd olunan qərarları ilə başqa bir adama satılıb. Ancaq nə mən, nə də ailə üzvlərim pay torpağımızı satmışıq. Buradan belə çıxır ki, məhkəmə və notarial kontoru, o cümlədən bu prosesdə iştirak edən digər müvafiq qurumlar mənim və ailə üzvlərimin hüquqi savadsızlığından istifadə edərək bizə kələk gəliblər və pay torpağımızın bir hissəsini satıblar”.

“Sizdən xahiş edirəm, şikayət ərizəm və təqdim etdiyim sənədlər əsasında üzləşdiyimiz problemi işıqlandırasınız, hüquqlarımızın bərpası üçün qanunamüvafiq tədbirlər görülməsində yardımçı olasınız”,-deyə şikayətçi yazır.

Maraqlıdır ki, B. Kürəbəyov tərəfindən “Hürriyyət”ə təqdim edilən sənədlərdə ona və ailə üzvlərinə məxsus 5,64 hektar pay torpağının mülkiyyət hüququna dair 298 nömrəli, 3011208 kodlu Dövlət Aktının 6 dekabr 2000-ci ildə verildiyi barədə sənəd ortada ikən torpaq başqa bir adama satılıb. Halbuki, B. Kürəbəyov və ailə üzvlərinə məxsus 5,64 hektar pay torpağının mülkiyyət hüququna dair 298 nömrəli Dövlət Aktının ikinci nüsxəsinin Qusar Rayon Torpaq Şöbəsində saxlanılması aktda qeyd olunur.

Sənədləri araşdırdıqda diqqət çəkən məqamlar ortaya çıxır. Məlum olur ki, B. Kürəbəyov və ailə üzvlərinə məxsus torpağın əllərindən alınan 1,22 hektar hissəsi Hacıyev Tofiq İslamxan oğluna aiddir. Çünki 26 may 2006-cı il 510 nömrəli dövlət aktına əsasən ərazi adıkeçən şəxsə məxsusdur. Aktda cizgidə göstərilən sərhəd daxilində həmin şəxs və ailə üzvlərinə məxsus Qusar rayonu, Düztahir kəndi ərazisində 100.60 hektar torpaq sahəsinin oldğu qeyd olunur. Buradan aydın olur ki, B. Kürəbəyovun pay torpağının bir hissəsini Hacıyev Tofiq İslamxan oğlu əlindən alıb, özününküləşdirib və sonra satıb.

Maraqlıdır ki, Kürəbəyovlar ailəsinin 5,64 hektar pay torpağının mülkiyyət hüququna dair 298 nömrəli Dövlət Aktı olduğu və sözügedən əraziyə ailə 2017-ci ilə qədər dövlət tərəfindən “Kapital” bank vasitəsilə subsidiya aldığı halda, ərazinin 1,22 hektar hissəsi Hacıyev Tofiq İslamxan oğlunun adına 26 may 2006-cı il 510 nömrəli Dövlət Aktı ilə necə sənədləşdirilib? Bu suala Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında daşınmaz Əmlakın Dövlət Reysteri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi və digər müvafiq qurumlar cavab versə, yaxşı olardı. Çünki Kürəbəyovlar ailəsinə məxsus həmin torpaqla bağlı araşdırma aparan Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında daşınmaz Əmlakın Dövlət Reysteri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi 02.07.2019-cu il tarixli 193420007383 nömrəli qərar verib. Qərarda bildirilir ki, 5 saylı Xaçmaz Ərazi İdarəsinin arxiv sənədlərində Kürəbəyov Albert Mirzəbəy oğlunun adına verilmiş Qusar rayonu Düztahir kəndində JN-298 KOD 30112018 nömrəli “Torpağın mülkiyyət hüququna dair dövlər aktının” 298 K hissəsinə 30101300840 reyestr nömrəli çıxarış verilmişdi. Çıxarışın verilməsinə əsas DTXK tərəfindən verilmiş 26 may 2006-cı il tarixli JN-510 KOD 30112018 saylı “Torpağın mülkiyyət hüququna dair dövlət aktı” olmuşdur.

Belə görünür ki, 5 saylı Xaçmaz Ərazi İdarəsi Hacıyev Tofiq İslamxan oğlunun adına olan Dövlət Aktını əsas sayır. Halbuki, Kürəbəyov və ailə üzvlərinə məxsus 5,64 hektar pay torpağının mülkiyyət hüququna dair 298 nömrəli, 3011208 kodlu Dövlət Aktı əsas sayılmalıydı, yəni 6 dekabr 2000-ci ildə Dövlət Aktı ilə bu adamlara verilmiş 5,64 hektar pay torpağına çıxarış verilməliydi. Buna baxmayaraq, ailənin 1,22 hektar torpaq sahəsi əlindən alınıb.

Diqqəti çəkən digər məqam Qusar Rayon Məhkəməsinin qərarıdır. Qərara görə, Kürəbəyov Albert Mirzəbəy oğlunun ərizəsi araşdırılıb və müəyyən olunub ki, Qusar Rayon Məhkəməsinin 2006-cı il üzrə arxivinin və həmçinn kartoçkalarının qeydiyyatında onun tərəf olduğu 2-291 saylı mülki iş mövcud deyil və bu səbəbdən hər hansı bir sənədin təqdim edilməsi qeyri-mümkündür. Qusar Rayon Məhkəməsinin araşdırması zamanı o da müəyyən olunub ki, 2-291/2006 saylı mülki iş digər şəxslər arasında nigahın pozulmasına dairdir. Bu da sual doğurur ki, Qusar Rayon Məhkəməsinin 2006-cı il üzrə arxivində Kürəbəyov Albert Mirzəbəy oğlunun tərəf olduğu 2-291 saylı mülki iş mövcud olmadığı və sözügedən iş digər şəxslər arasında nigahın pozulmasına aid olduğu halda, ərazinin 1,22 hektar hissəsi Hacıyev Tofiq İslamxan oğlunun adına hansı məhkəmə qərarı ilə sənədləşdirilib? Çünki məhkəmə belə bir mülki işin olmadığını aşkar edib.

“Torpağın məhkəmə qərarı ilə satılması tamamilə yalan söhbətdir”

B. Kürəbyovun sözlərinə görə, guya, onlara məxsus torpaq məhkəmə qərarı ilə satılıbmış: “Biz də ona görə məhkəməyə müraciət etdik ki, hansı qərarla bizim torpaq satılıb? Məhkəmə isə araşdıranda məlum oldu ki, həmin qərarla mülki iş yox, həmin şəxslər arasında nigah pozulub. Yəni torpağın məhkəmə qərarı ilə satılması tamamilə yalan söhbətdir”.

B. Kürəbəyovun vəkili Şahlar Xıdırovun məktubuna isə Dövlət Natariat Arxivi cavab yazıb ki, Kürəbəyov Albert Mirzəbəy oğlu və onun ailə üzvlərinə məxsus torpaq sahələrinin satılmasına dair Qusar rayon dövlət notariat kontorunda 30.12.2006-cı il tarixdə 4Ə4-780-798, 26.01 2006-cı ildə 4Ə-1-80-83, 14.02.2006-cı il tarixdə 4Ə-2-208-230, 29.04.2006-cı il tarixdə 4Ə-3-483-485, 06.05.2006-cı il tarixdə 4Ə-535-570 reyestr nömrələri ilə təsdiq edilmiş müqavilələrin olub-olmaması və surətinin istənilməsi ilə əlaqədar olaraq Dövlət Notariat Arxivinə müraciətinizə baxılıb və bildirilib ki, Qusar rayon dövlət notariat kontoru tərəfindən arxivə təhvil verilmiş qeyd olunan müqavillərin arxiv nüsxəsinə baxış keçirilərkən sözügedən müqavilələrin Kürəbəyov Albert Mirzəbəy oğlu və onun ailə üzvlərinə deyil, digər şəxslər barəsində rəsmiləşdirildiyi müəyyən edilib. Nəzərə çatdırılıb ki, müraciətdə qeyd edilən 4Ə-530 və 4Ə-535 reyest nömrələri ilə təsdiq edilmiş müqavilələr arxivə təhvil verilməyib.

Göründüyü kimi, B. Kürəbəyov və onun ailəsinə məxsus 5,64 hektar torpağın 1,22 hektar sahəsinin satılması ilə bağlı müqavilələr Hacıyev Tofiq İslamxan oğluna aid olduğu ortaya çıxıb. Ancaq məhkəmə araşdırması zamanı bu barədə mülki işin olmaması, eyni zamanda Kürəbəyov Albert Mirzəbəy oğlu və onun ailə üzvlərinə aid 4Ə-530 və 4Ə-535 reyest nömrələri ilə təsdiq edilmiş müqavilələrin arxivə təhvil verilməməsi bu məsələdə saxtakarlıq ehtimalını artırır. Görəsən, niyə qarşı tərəfin 2006-cı ildə təqdim etdiyi müqavilələr Dövlət Notariat arxivində qeydə alınıb, ancaq Kürəbəyov ailəsinin təsdiq edilmiş müqavilələri arxivə təhvil verilməyib?

Sözügedən qurumların və qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.