"İçərişəhər"də 15-ci əsrə aid Buxara Karvansarayının üstündə restoran tikiləcək? - VİDEO

5-06-2020, 12:36           
"İçərişəhər"də 15-ci əsrə aid Buxara Karvansarayının üstündə restoran tikiləcək? - VİDEO
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Elmi-İstehsalat Bərpa Emalatxanası tərəfindən keçirilən tender müsabiqəsinin qalibi açıqlanıb.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, tender müsabqiəsinin qalibi “AM.M LİNE” MMC olub.
Tender müsabiqəsinin şərtlərinə görə, “AM.M LİNE” MMC "İçərişəhər" Qüllə küçəsi 12 ünvanında yerləşən XV-XVII əsrlərə aid olan Buxara Karvansarayının 2-ci mərhələsində 2 mərtəbəli binanın 3-cü mərtəbəsinin yüngül kostruksiyadan hazırlanmasının layihə-smeta sənədlərini hazırlayacaq. “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi də hazırlanan layihə-smeta sənədlərinin qarşılığında “AM.M LİNE” MMC-yə 27 min 500 manat 1 qəpik ödəyəcək.
Qeyd edək ki, “AM.M LİNE” MMC 02.05.2005-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 40 manat olan MMC-nin qanuni təmsilçisi Həsənli Talıb Naib oğludur. “AM.M LİNE” MMC bugünə kimi bir-sıra tender müsabiqələrinin qalibi olub və mətbuatda tənqid olunub. Belə ki, “Bakı şəhər Əsaslı Tikinti və Təmir” MMC-i Sabunçu rayonu, Ramana qəsəbəsi 198 saylı orta məktəb üçün əlavə 15 sinif otağının tikintisinin layihə-smeta sənədlərinin hazırlanması üçün “AM.M LİNE” MMC-yə 49 min 200 manat ödəyib.
Onu da bildirək ki, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Elmi-İstehsalat Bərpa Emalatxanası 2018-ci ildə Buxara karvansarayı binasının bərpa- layihə sənədlərinin hazırlanması işlərinin satınalınması ilə bağlı da tender keçirib. Araşdırmalardan məlum olur ki, bu tarixi abidə 15-ci əsrdə orta Asiyadan Bakıya gələn tacirlər tərəfindən tikilib. Hazırda restoran kimi fəaliyyət göstərən 17 otaqdan ibarət olan Buxara karvansarasının ən özəl xüsusiyyəti isə onun dairəvi formada olmasıdır.

Məlumat üçün onu da qeyd edək ki, ötən il "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğunda qala divarlarının qarşısında quraşdırılan metal konstruksiya ölkə ictimaiyyətinin narazılığna səbəb olub və məsələyə Birinci vitse-prezident Mehriban Əliyeva müdaxilə etdikdən sonra aparılan tikinti işləri dayandırılıb.
Məsələ ilə bağlı yeniavaz.com-a açıqlama verən "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğunun Mətbuat xidmətinin baş məsləhətçi Səfayə Əhmədova bildirdi ki, Buxara Karvansarayında hər hansı bir tikintinin aparılması nəzərdə tutulmayıb. Tender müsabiqəsilə bağlı açıqlanan rəsmi məlumat səhvdir. Səfayə Əhmədova bildirdi ki, qısa müddətdə müvafiq qurumlarla (Azərbaycan Respublikasının Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi) danışıb baş verən səhvi düzəldəcəklər.
Bildirək ki, “İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğundan səhvin düzəldiləcəyi deyilsə də, hazırda açıqlanan rəsmi məlumatlarda tender müsabiqəsinin keçirildiyi barədə məlumat qalmaqdadır…













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.